155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Alpay Əhməd / Misir inqilabının daxili siyasi nəticələri

    PDF faylını alÇapE-poçt

      Share

       

       

      İstənilən inqilabın doğurduğu ilkin nəticələr dəyişikliklərin baş verdiyi ölkədə ilk növbədə eyforiya hissləri doğrurur. Bu baxımdan Ərəb baharının ikinci qurbanı olan Mübarək rejiminin tarix səhnəsindən getməsi təəssüf ki, Misirin, obrazlı desək, mübarək addımlarla inkişafına səbəb olmadı. Biz heç də yazımızda bu ölkənin gələcək perspektivlərinin müstəsna olaraq qara rəngdə verilməsini söyləmirik.

      Bir şeyi unutmayaq ki, istənilən ölkədə yeni sistemə keçid heç də istər bu dəyişiklikləri həyata keçirənlərin, istərsə də xoşbəxt, tox həyat görmək istəyənlərin arzusuna uyğun rahat həyata keçmir. Nəzərə alsaq ki, on, hətta yüz illərdir demokratik ənənələri olmayan Misir qəfildən tiraniyadan azad olub və yeni siyasi quruluşa can atır, gözümüzün qarşısında baş verən siyasi kataklizmlərə elə də təəccüblə yanaşmamalıyıq.

      Önəmli olan odur ki, bu yaxınlarda ölkə tarixində ilk dəfə olaraq president və parlament seçkiləri keçirilib, o cümlədən, referendum yolu ilə yeni konstitusiya qəbul edilib və bütün bu demokratik prosedurların nəticələri legitimlik baxımından dünyanın aparıcı dövlətləri tərəfindən tanınıb.

      Nədənsə, bəzi politoloqlar səhvən məhz Məhəmməd Mursi başda olmaqla “Müsəlman qardaşları” partiyasının hakimiyyətə gəlməsini dərinləşməkdə olan və cəmiyyətdə qütbləşmə fonunda ziddiyyətlərin yaratdığı böhranın əsas səbəbləri kimi göstərirlər. Yenə yuxarıda qeyd etdiyimiz kimi, keçid dövründə demək olar ki, hər zaman nəticələrin necə olmasından asılı olmayaraq, narazı qüvvələr olur və əldə etdikləri uğurdan əksər hallarda eyforiyaya uğrayırlar.

      Biz hal-hazırda Misirdə kobud da səslənsə, kütlələrin mənasız eyforiyasının şahidi olmaqdayıq və yenə də, bayağı da səslənsə, bunu təəssüflə qeyd etməyə məcburuq. Həqiqətən, solçuların və özlərini sekulyarist adlandıran anarxist təfəkkürlü qüvvələrin hələ yenicə hakimiyyətə gəlmiş Mursi hökumətinə və parlamentə qarşı çıxış etmələri bir qədər absurd görünür. Onların guya yeni konstitusiyanın siyasi azadlıqları və dini azlıqların hüquqlarının pozması kimi fikirlərinin isə heç bir əsası yoxdur.

      Misirin yeni qəbul olunmuş konstitusiyasında istər BMT-nin, istərsə də Qərbin aparıcı demokratik institutlarının sadiq olduqları universal insan hüquqlarının qorunması prinsipləri öz əksini tapmışdır. Bununla belə, konstitusiyanın cəmiyyətdə mübahisələr doğuran əsas müddəaları orda ölkə qanunvericiliyinin əsasını Şəriətin təşkil etməsi, eləcə də Əl-Əzhər Universitetinin sözügüdən qanunvericiliyin formalaşması və bu sahədə gələcəkdə aparılacaq müvafiq məsləhətləşmələrdə həmin ali məktəbin ekspert resurlarından istifadə edilməsinin prinsip şəkildə öz əksini tapmasıdır. Sekulyarizm tərəfdarları hesab edir ki, bu konstitusiya Misirin gələcəkdə İran İslam Respublikası tipli rejimi çevrilməsi üçün birbaşa yol açır.

      Digər tərəfdən, qismən yuxarıda qeyd edildiyi kimi, ölkənin qəbul edilmiş əsas qanunu demokratik baza prinsiplərini inkar etmir, hətta bir çox hallarda qadın hüquqlarının qorunmasına xüsusi önəm verir.

      Artıq son aylarda insan itkiləri ilə nəticələnən toqquşmaların sanki dövri xarakter alması həqiqətən həyəcan doğrurur. Əgər əvvəlcə çoxminlik etiraz nümayişlərində siyasi aktivliyinə görə  dünyəvilik tərəfdarları və solçular fərqlənirdisə, son üç-dörd həftə ərzində “Müsəlman qardaşları” tərəfdarları seçilməyə başlamışdır.

      Təqdirəlayiq haldır ki, M. Mursi hökuməti imkanları daxilində toqquşmadan və ziddiyyətlərin pik həddinə çatmasından qaça bilir, daima müxalifətə çağırışlar edir, masa arxasında problemərin çözülməsinə çalışır. Amma eyni zamanda iqtidar haqlı olaraq öz siyasi legitimliyinə əsaslanıb əsas mövqelərindən geri çəkilmək fikrində deyil.

      Bu cür məsələlərin təhlilində ədalət prinsipindən çıxış etmək çətin, həm də bir az sadəlövh görünsə də, düşünürük ki, kompromis prosedur vasitələrinin vacibliyini nəzərə almaqla yanaşı, hakimiyyətdə olanlara da ölkəni idarə etmək üçün şans yaradılmalıdır.

      Yeri gəlmişkən, bu, həm də son on ildə tez-tez səslənən modernist İslam modelinin məlum bölgədə legitimliyinin nə dərəcədə məqsədəuyğun olub-olmamasını şərtləndirmiş olacaqdır. Fikrimizcə, yeni Misir iqtidarının özünə qardaş hesab etdiyi Türkiyəni 2003-cü ildən idarə edən AKP hakimiyyətinin siyasi təcrübəsindən öyrənəsi çox şey var. Məlum olduğu kimi, Ərdoğan hökuməti doqquz il ərzində idarəetmədə şəriət prinsiplərini tətbiq etmədi və sekulyarizmin baza qanunlarına toxunmadı. Şəriəti Əsas Qanun səviyyəsində leqallaşdıran Mursi hökuməti özünün elan etdiyi kimi, dini və dünyəvi qanunvericilik arasında balansı qoruyub saxlaya biləcəkmi, bunu təbii ki, zaman göstərəcək.

      Amma bir həqiqəti danmaq olmaz: bu ölkədə elə Türkiyədə olduğu kimi dünyəvi rejim tərəfdarlarını əhalinin marginal kəsimi adlandırmaq olmaz. Hər halda fakt burasındadır ki, onları təmsil edən minlər və on minlər var, və ən əsası, onlar Misir vətəndaşlarıdır. Bu baxımdan, Misirdə, elə bu ölkə ilə qonşu olan Tunisdə də keçən ilin sonu, bu ilin yanvarından başlayaraq gərginləşən xəttlə inkişaf edən hadisələr başqa region ölkələri üçün də müəyyən mənada örnək olmalıdır. Söhbət hər şeydən öncə siyasi İslam bayrağı altında hakimiyyətə gəlmək istəyən qüvvələrin strategiya və fəaliyyət taktikasının adekvatlığından gedir.

      Faktiki olaraq, Misirdə baş verən hadisələr qloballaşan dünyada siyasi İslamın rolunu bir daha aktuallaşdırmış oldu. Tez-tez Qərbdə səslənən “passionar və renessans dövrünü yaşayan İslam” bu böhrandan necə çıxacaq, onu zaman göstərəcək. Zaman hardasa həm də Misirdə yeni system qurmaq istəyən iqtidar üçün də işləyir. Elə onların ölkəni idarə etmək bacarığı və nailiyyətləri də sonucda müqəddəs dinimiz üçün bir növ töhfə olacaqdır.

       

      • Hits: 1030 clicks

      Tecox component by www.teglo.info