Məmməd MƏMMƏDZADƏ / Şəhid şəhərin nağılı

    PDF faylını alÇapE-poçt

      Share

       

      Biri vardı, biri yoxdu. Azərbaycan adlı məmləkətdə hər tərəfdən dağlarla əhatə olunmuş, suyu da, havası da dərman olan bərəkətli bir yer var idi. Ərazidə böyük bağlar olduğundan adına Qarabağ deyərdilər o yerlərin. Axı qədim zamanlarda əcdadımızın dilində “qara” təkcə rəng bildirmirdi, həm də böyüklük anlamında işlənirdi.

      Dünyaca məşhur Qarabağ atlarının örüşlərdən, otlaqlardan ucalan kişnərtisi Şuşadan ətrafa yayılan “Heyratı”nın, “Arazbarı”nın şaqraq zəngulələrinə qarışaraq buradakı insanlarda bir döyüşkənlik, cəngavərlik ruhu oyadırdı. Qarabağın bax beləcə çal-çağırlı, xoşbəxt günləri var idi...

      Lakin 200 il bundan əvvəl Azərbaycanın başının üstünü qara buludlar aldı. Bu qarada həm böyüklük, həm də qara rəng mənası vardı. “Gülüstan”dan əsən bu qara yellər bu torpaqlardakı gül-çiçəyi vaxtsız soldurdu, bağlarımızı yerlə yeksan etdi, xarabazara döndərdi. “Türkmənçay”dan qalxan qara buludlardan yağan yağış selə çevrildi. Bu sel Azərbaycanın sinəsində Araz boyda şırım açdı. Adətən külək əsəndə, tufan qopanda qabağına çıxan zir-zibili, toz-torpağı göyə qaldırıb özü ilə aparır. Bu qara yellər də İranın künc-bucağındakı zir-zibili – erməniləri özü ilə Azərbaycana gətirdi. Və bu zir-zibil Qarabağdakı, Göyçə mahalındakı kəndlərə yayıldı. Ürəyiyumşaqlığımız, qonaqpərvərliyimiz bu dəfə də başımıza bəla oldu. “Buyur deyə-deyə hörmətimizdən qonağı elədik evin sahibi”. (B. Vahabzadə) Bir də ayılıb gördük ki, Qarabağ, eləcə də bütün Azərbaycan yeni qayda-qanunlarla idarə olunur. Bu qayda-qanunları isə Ağ Div – Çar Rusiyası qoymuşdu və erməniləri də yavaş-yavaş ixtiyar sahibinə çevirirdi. Qasım bəy Zakir elə buna görə də:

      Çıxmadı qurtaraq dərdü-bəladan

      Gündə bir zakon görən canımız.

      Gahi Avanesi, gahi Sərkizi,

      Gahi də Semyonu görən canımız!

      ... Olmazmı mükəddər sabihixtiyar

      Əvəki, Ərtünü[1] görən canımız!

      -deyirdi.

      Halbuki həmin dövrdə Qarabağdakı ermənilərin sayı azərbaycanlılardan qat-qat az idi. Hər bir erməniyə 40-50 azərbaycanlı düşürdü.

      Nağıl dili yüyrək olur. İllər keçdi, zəmanə dəyişdi. Ağ Divi öldürən Qırmızı Div öz sələfinin bütün torpaqlarının varisi oldu. Qırmızı Div Qarabağda ermənilərin sayını süni sürətdə artırmaq üçün Ağ Divin “parçala, hökm sür” siyastini davam etdirərək Qarabağı iki yerə böldü. Aran Qarabağı Dağlıq Qarabağdan ayıraraq Dağlıq Qarabağ Vilayəti yaratdı. Beləliklə, ermənilərin sayca üstünlüyünə nail oldular. Daha Qarabağ sözündəki “qara” böyüklüyü bildirmirdi. Bölgənin qara günlərindən xəbər verirdi. Bağlarda da əvvəlki gözəlliklərdən əsər-əlamət qalmamışdı. İndi bura Qarabağ deyildi, Qarabaxt idi. Məkrli rus və erməni siyasəti də öz işini görməkdə idi.

      Yüzlərlə kənd, yaşayış məntəqəsində məskunlaşan azərbaycanlılar bilərəkdən yaradılan yolsuzluq, ağır həyat şəraiti ucbatından dədə-baba torpaqlarını tərk etməyə məcbur oldu. Buna görə də 1970-ci ildə Dağlıq Qarabağ əhalisinin 81 faizini ermənilər, 18 faizini isə azərbaycanlılar təşkil edirdi. Artıq əhalinin sayı beşin birə nisbətində ermənilərin xeyrinə dəyişmişdi.

      Qarabağda qalan, hər bir çətinliyə sinə gərən bu 18 faiz isə “el içində, öl içində” deyərək “ellə gələn dərd-bəlanı toy-bayram sayanlar idi”. Lakin il ildən daha ağır gəlirdi. 1988-ci ildə başlayan növbəti torpaq iddiası isə əvvəlkiləri kölgədə qoydu. Azərbaycanlılar yaşayan kəndlərə edilən aramsız silahlı hücumlar nəticəsində kəndlər sürətlə boşaldı. Başı xallı Div atalarının zəncirdə saxladığı itləri açıb üstümüzə qısqırtmışdı.

      Bakıda, Şəkidə, Oğuzda, Zərdabda və Azərbaycanın digər şəhər və rayonlarında bakılı, şəkili, oğuzlu qarabağlılar doğulur, qarabağlı qəbirləri qazılır, qaçqın qəbiristanlıqları yaranırdı.

      Qarabağdakı yaşayış məntəqələrindən biri də Xocalı idi. Görəsən, çaqqal yuvasına çevrilən Xankəndindən cəmi iki ağaclıq[2] məsafədə yerləşən və 1992-ci ilin əvvəlində əhalisi 10 min nəfərə yaxın olan Xocalı şəhərinin ətrafındakı kurqanlar və burada aparılan arxeoloji qazıntılar bu şəhərin e.ə. salındığından xəbər verirdi. Şəhər 1991-ci ilin sonlarından mühasirədə idi. Xocalı isə dözür, kiçik dəstələrlə gecə-gündüz keşikdə dayanan mərd oğulları sayəsində yaşayırdı.

      Yeniyetmələr sanki bu son aylarda kişiləşmişdi. Uşaqlar da yaşlarından böyük görünürdülər. Daha axşamlar nənələri, babaları nağıl danışmırdı uşaqlara. Gecə-gündüz Xankəndi istiqamətindən atılan mərmi və güllələr onların nağıl dünyasını darmadağın etmişdi. Suyun, yolun qabağını kəsən, ağzından od püskürən əjdahaların təkcə nağıllarda olmadığını başa düşmüşdülər. Onu da öyrənmişdilər ki, göydən heç də həmişə alma düşmür, alma əvəzinə düşən mərmi və güllələrdən qaçıb gizlənməyi də öyrənmişdilər bu uşaqlar.

      “Qızlar bulağı”ndan su içən qızlar isə onları xilas edəcək ağ atlı oğlanlarını gözləyirdilər. oğlanlar isə gəlmirdilər ki, gəlmirdilər.

      1992-ci ilin fevralən 25-dən 26-na keçən gecə ağ atlı oğlanlar əvəzinə “dəmir atlı”, “köynəyinin arxası cırıq, kəsik qara saçlı, sası dinli din düşməni kafirlər” (Kitabi-Dədə Qorqud) dörd tərəfdən Xocalıya hücum etdi.

      ...Dağıdılmış, yandırılmış yüzlərlə kəndə, işğal olunmuş şəhərlərə biri də əlavə edildi...

      Xocalı...

      Mənim, sənin, onun, hər bir azərbaycanlının şəhid şəhəri...

      Bir gecənin içində yanıb külə dönən, yüzlərlə oğlunu, qızını itirən şəhərim mənim...

      23 ildir ki, yad tapdağı altındasan, küçələrin doğma ayaq səslərinə tamarzıdır. Yarı uçuq, yarı yanmış ,qapısız, pəncərəsiz evlərindəki körpə nənnilərini, həyətlərində ağaclardan asılmış uşaq yellənçəklərini küləklər yellədir. Uşaq gülüşünə, körpə qığıltısına həsrət qalmısan. Yoxsa o gülüşlər, o qığıltılar, o səslər də həmin məşum gecədə yandırıldı, güllələndi. Yoxsa onlar da yüzlərlə qız-gəlin, köpə və qocalarla birlikdə erməni əsriliyindədir? Yoxsa o gülüşlər qarlı-şaxtalı gecədə düşmən əlindən canını qurtarıb Ağdama uzanıb gedən ucsuz-bucaqsız qarlı çöllərdə o günahsız insanlar kimi donub, buz bağlayıb!?

      Əgər o gülüşlər buz bağlayıbsa, bəs niyə yaz gələndə əriyib yenidən gülüşə, qəhqəhəyə çevrilmir, niyə?

      Bu cavabsız suallarsa bitib-tükənməz.

      Nə qədər ki, qondarma erməni soyqırımını dəstəkləyən Avropanın kor gözləri açılmayıb, nə qədər ki, ABŞ hər il Ermənistana humanitar yardım göndərir, nə qədər ki, Rusiya Ermənistanı silahlandırmaqda davam edir, nə qədər ki, Azərbaycan həqiqətlərini, Xocalı harayını eşitməyən kar qulaqlar açılmayıb, Avropanın buz bağlamış ürəyində insana sevgi əvəzinə yalançı demokratiya yer tutub, Xocalı 1275 nəfər övladı ilə birlikdə əsirlikdə qalacaq, uşaq qığıltısına, ana laylasına həsrət-həsrət günlərini sayacaq, 613 şəhid övladının didərgin ruhları isə başına dolana dolana göz yaşı tökəcək...

      Heç vaxt Xocalını görməyən xocalılar doğulacaq...

      Xocalını yuxularında görən insanlarsa bir-bir dünyadan köçəcək...

      Bağışla bizi, Ana Vətən. Bağışla ki, şəhid olmuş şəhər balanı ildə bir dəfə yada salırıq. İldə bir gün Şəhidlər Xiyabanını, Xatirə kompleksini ziyarət etməklə işimizi bitmiş hesab edirik. Bağışla bizi...

      Bağışla məni, Xocalım, əsirlikdə qocalanım, bağışla.

              

      [1] Avak və Arutyan adlarının Qarabağ ləhcəsində tələffüzü.

      2] Ağac – təxminən 6-7 kilometrə bərabər qədim uzunluq ölçüsü.

       

       

      • Hits: 972 clicks

      Tecox component by www.teglo.info