Təsbeh sünnədir/Dr. Əhməd Niyazov

    PDF faylını alÇapE-poçt

      Share

      Fərqli ibadət şəkillərinin bir neçə səbəbi var. Onlardan bəziləri ayə və hədislərin fərqli yorum və təvilləri ilə meydana gəlmişdir ki, namazda əl və ayaqların şəkli, dəstəmazı pozan hallar və sair kimi məzhəb fərgliliyidir.

      Bəziləri isə İslama girən xalqların dinin əsasları ilə örtüşən örf-adəti və buna paralel inkişaf edən dini həyat tərzindəki fərqliliklərdir. Misal olaraq hər xalqın təsəttür şəkli və forması, Qurana və qibləyə hörmət anlayışı və sair hallar özünəməxsusdur və digərlərindən fərglidir.

      Qloballaşan dünyada  fərqli ictihad və yorumlara görə fərqli məzhəb mənsublarının qaynaşması ilə yanaşı, örf-adətilə fərqli dini həyat tərzinə sahib xalqların nümayəndələri də qaynayıb qarışmağa başladı. Belə bir vəziyyətdə, bunu əshabələr arasındaki fərqliliklər kimi İslamın zənginliyi qəbul edərək “möminlər ancaq qardaşdırlar”(1) ayəsi möhtəvasında qəbul edənlərlərlə yanaşı, cəhalət alətini nifaqla kökləmiş, “siz biz olun, siz olmayın” havası ilə cənnəti inhisarlaşdırıb, ancaq özünü yeganə doğru kimi qəbul edənlər də görünməyə başladı. Burada onu da qeyd edək ki, başqalarının həyat haqqına da müdaxilə etməyə çalışan bu düşüncə sahibləri, Quranın qəbul etmədiyi və onları “(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!”(2) ayəsi ilə xəbərdarlıq etdiyi kəslərdir.

      Qeyd edilən fərqliliklər əslində dinin əsaslarından deyil, təfərrüatından, yəni sünnə, mübah və müstəhəb kimi işləyənə səvab, işləməyənə nə günah, nə də səvab olacaq əməllərdir. Saqqalın forması, bığın qısalıq dərəcəsi, təsəttür şəkli, namazda ayaqların vəziyyəti, təsbehin keyfiyyəti və sair kimi; Quranın xalqın örfünə buraxdığı ehkamları (3) olduğu halda və “kim gözəl bir adət qoyarsa işləyənin səvabı qədər ona da səvab vardır” (4) hədisi və ya “müsəlmanların gözəl gördüyü Allah qatında da gözəldir”(5) hədisləri möhtəvasında əsli dində olan fərqli adətlərin meydana gəlməsi təbiidir. Ancaq öz xalqında olan fərqlilikləri dindən sayaraq digərlərini qəbul etməmək və müxtəlif ittihamlarla rədd etmək dar düşüncənin nəticəsidir.

      Quran və hədislərin fərgli yorum və təvilində belə, bu hal mövcuddur ki, camaatla birgə cəm halda təsbeh və zikirlər buna misaldır. Qeyd edək ki, təsbeh bu və ya digər şəkildə hələ Həzrət Peyğəmbər (s.ə.s.) və əsabələr dövründə ikən tətbiq edilmiş, misallardan da görüləcəyi kimi Allah Rəsulu buna hər hansı bir qadağan edici bir şey deməyib, əksinə onları öymüşdür ki, sünnənin bu halı təqriri sünnət adlanır. Müslümdən gələn bir rəvayətdə deyilir ki, Həzrət Peyğəmbər (s.ə.s.) bir gün əsabələrdən bir qisminin cəm halda oturduqlarını gördü. Onlara:

      -          Nə məqsədlə burda cəmləşib oturursunuz? Dedi. Onlar da;

      -          Bizə İslam kimi bir din bəxş edən Allahı zikr etmək və ona həmd etmək üçün oturduq. -dedilər. Həzrət Peyğəmbər (s.ə.s.) onlara:

      -          Sizi günahlandırdığımı zənn etməyin. Cəbrail gəldi və Əziz və Cəlil olan Allahın mələklərinə qarşı sizinlə iftixar etdiyini xəbər verdi,- dedi. (6)

      Səhabələr fərdi və ya cəm halda çəyirdəklərlə, çınqıl daşlarla və ya düyünlənmiş iplərlə təsbeh və zikr çəkirdilər ki, bəzi hədislərdə və Buxarinin əshabın həyatı ilə bağlı Tarixu`l-Kəbir kitabında bu haqda geniş məlumat verilmişdir.(7)  Əshab xüsusilə xurma çəyirdəklərinin bir tərəfini ağardaraq ağ-qara çəyirdək düzəldər və bunlara “mucəzza” deyərdi. Əbu Hüreyrənin bir tas dolusu belə çəyirdəyi olduğu və təsbeh çəkərək zikrini tamamladığında cariyəsi onları təkrar tasa doldurduğu rəvayət edilir.(8) Həzrət Peyğəmbər (s.ə.s) bir qadının təsbehini çəyirdəklərlə saydığını görmüş, ona etiraz etmədən daha fəzilətli bir zikir yolu öyrətmişdir. Safiyyə (r.anha) belə rəvayət edir: “Rəsulullah yanıma girdi. Qabağımda təsbeh etdiyim dörd min xurma çəyirdəyi vardı. O:

      -          Ey Hüyeyin qızı bunlar nədir?dedi . Mən,

      -          Onlarla təsbih (zikr) edirəm. dedim. O da;

      -          Sənin yanında durandan onlardan daha çox təsbeh etdim,- buyurdu. Mən:

      -          Onu mənə də öyrət, ey Allahın Rəsulu,- dedim. O:

      -          (سبحان الله عدد ما خلق من شئ)/Sübhanəllah adədə mə xaləqa min şey`in/ Allahı yaratdığı şeylər sayısı qədər təsbeh edirəm. Buyurdu.” (9)

      Əsabələrdən Əbu Musa əl-Əşari Abdullah İbn Məsuda belə deyirdi: “Məsciddə halqa halında yığışıb hər birinin əlində çınqıl daşları olan və bir nəfərin “yüz təkbir” deyəndə digərlərinin də yüz təkbir gətirdiklərini gördüm. “Yüz dəfə Lə iləhə illallah” dediyini digərlərinin də o qədər yerinə yetirdiklərini, “yüz dəfə sübhanəllah” dediyini digərlərinin də lazım olanı etdiklərini gördüm. Ey Abdullah! Mən xeyirdən başqa bir şey görmədim. And olsun ki, o həqiqətən xeyirli bir işdir.” (10)

      Müslim hədisində də görüldüyü kimi Peyğəmbər əleyhissalam cəm halda zikir və təsbehlə məşğul olan möminləri öymüşdür. Çünki bu, eyni zamanda Quranda 76 yerdə keçən “Allahı (çox) zikr edin” ayələrinin əməli cəhətidir.  Müctəhid imamlar əslində namaz xaricindəki bu təsbehlərlə namaz arxasından yerinə yetirilən təsbeh və zikirlər arasında heç bir fərq görməmişdir. Çünki namaz təsbehlərinin namazın rükunlarına aidiyyəti olmayıb tamamilə Allahı zikirdən ibarət olması və yeganə fərqinin 33 sayında qalmasıdır. Bu səbəblə Cəbrayıl əleyhissalamın belə xoşuna gələn bu adəti Həzrət Peyğəmbərin təqriri sünnəti hökmündə hesab edərək hər namazın arxasınca da tətbiq etmişdirlər. Nəticədə bu əməl səhabələr tərəfindən müxtəlif cür qarşılansa da müctəhid imamlar dövründə sistematik olaraq vaxt namazlarına da tətbiq edilmişdir.

      1.      Hucurat 49/10.

      2.      Ənam, 6/159.

      3.      Bax: Bəqərə 2/233-236; Nisa 4/6-26; Ənam 6/199; Talaq 65/7.

      4.      Müslüm, Elm 15/Zəkat 69; Əhməd ibn Hənbəl, 4/369.

      5.      Əhməd ibn Hənbəl,Müsnəd, 1/309.

      6.      Müslüm, Zikir 40; Tirmizi, Dəavat 6; Nəsai, Quzat 36.

      7.      Bax: Buxari, Tarixul-Kəbir, cild II, Kitabul-Kunə 44.

      8.      Əbu Davud, Nikah 50 - Sünən ,  2/432 (2174).

      9.      Tirmizi, Dəavat 102-112; Əbu Davud, Vitr 24; Əhməd İbn Hənbəl, Müsnəd, I/252-258; Hakim, Müstədrək, I/547.

      10.  Darimi, Sünən, 1/79-80.

      • Hits: 865 clicks

      Tecox component by www.teglo.info