Anar Qurbanov/Sual Cavab

    PDF faylını alÇapE-poçt

      Share

      Sual: Foreks (forex) vasitəsilə pul qazanmaq olarmı?

       Cavab: Forex (banklararası beynəlxalq valyuta bazarıdır) ingilis dilində “foreign exchange” sözlərinin qısaltmasıdır və ölkələrin pul vahidlərinin bir-biri ilə mübadiləsi bazarıdır. Öz aralarında xüsusi şəbəkə vasitəsilə müxtəlif ölkələrin valyutalarını mübadilə edirlər. Yəni bir ölkənin pul vahidi müqabilində digər bir ölkənin pul vahidinin alındığı və ya satıldığı bazardır. Bu mübadilə çox böyük məbləğlərlə gerçəkləşdirilir. Belə ki, gündə 3 trilyon dollardan çox məbləğdən söhbət gedə bilər. Bazarın əsas iştirakçıları banklar və broker şirkətləridir. Broker şirkətləri müştərilər tərəfindən tələb olunan alqı-satqıları yerinə yetirirlər. Böyük məbləğləri olan müştərilər üçün banklar özləri də broker xidmətini verirlər.

      Bu mövzu ilə bağlı Türkiyə Diyanət İşləri Yüksək Qurumunun verdiyi qərara görə, şübhəsiz ki, pul cinsindən olan şeylərin bir-birləri ilə dəyişdirilməsində  (sərf əqdində, alqı-satqısında) əvəzlər nağd olmalıdır. Əvəzlərdən birinin nisyə olması edilən əməliyyatı  faizə çevirər (riba ən-nəsiə). Odur ki, dollar və avro kimi xarici pul vahidlərinin nisyə satılması (eyni məbləğ müqabilində olsa da) caiz deyil. Pulun borc kimi götürülüb daha sonra qaytarılması isə faiz deyil. Hz. Peyğəmbər  “nisyə valyuta mübadiləsini (alqı-satqısını) qadağan etmişdir” (bax. Buxari, Büyu, 76). Beləliklə də, valyuta mübadilələrində əvəzlərdən ən az biri nağd olmalı, digərinin də ödəmə günü dəqiqliklə müəyyən olunmalıdır. Hər ikisinin də nisyə olması caiz deyil. Bu mövzuda hər hansı ixtilaf da yoxdur.

      Yuxarıda qeyd olunan əməliyyatlar alın tərinə söykənmədiyi, aldatma ehtimalı olduğu, yerinə görə faizə girildiyi, əldə mövcud olmayan bir pulla alqı-satqı edildiyi və ən əsası da burada demək olar bütün əməliyyatlar xəyali olduğu üçün caiz deyil. Beləliklə də, xəyali olan alqı-satqılardan əldə edilən qazanc da real kimi hesaba qoyulur. Şirkətə qoyulan pul isə sırf meydana gələ biləcək zərəri qarşılamaq məqsədilə alınan təminat xarakterli məbləğdir. Belə olan təqdirdə, əlbəttə ki, daim qazanan və qətiyyən ziyana düşməyən, məhz foreks firmasıdır.

       

      Sual: Lizinq (leasing) vasitəsilə hər hansı daşınan və ya daşınmaz əmlak almaq olarmı? Bankla lizinq arasında nə kimi fərqlər var?

       

      Cavab: Lizinq – lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq - lizinq obyektinin lizinq şirkəti tərəfindən satın alınaraq müştəriyə uzun müddətli istifadəyə (icarəyə) verilməsi, müqavilə sonunda isə müqavilədə əvvəlcədən razılaşdırılmış simvolik bir qiymətlə müştəriyə satılmasıdır. Müqavilə müddəti bitdikdə lizinq obyekti (kənd təsərrüfatı avadanlıqları, tibbi avadanlıqlar, tikinti qurğuları, sənaye avadanlıqları, sərnişin, yük və sair nəqliyyat vasitələri, ticari məqsədli daşınmaz əmlaklar) lizinq alanın mülkiyyətinə keçir. Beləliklə, Lizinq verən – lizinq müqaviləsinə əsasən əldə etdiyi və mülkiyyətində olan əmlakı lizinq obyekti kimi lizinq alana müəyyən şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Lizinq alan – lizinq müqaviləsinə əsasən lizinq predmetini müəyyən ödənişlə, müəyyən müddətə və müəyyən şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə götürən fiziki və ya hüquqi şəxsdir. Satıcı (təchizatçı) – alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. Lizinqlə bağlı qeyd olunan izahlardan aydın olur ki, ənənəvi pul ticarəti ilə həyata keçirilən kredit əməliyyatlarından fərqli olaraq lizinq əməliyyatları əmlak ticarəti əsasında həyata keçirilir. Məhz bu səbəbdən də, dini baxımdan tamamilə caiz olan bir alqı-satqı növüdür. Onu da qeyd edək ki, lizinq məsələsi İslam alimləri tərəfindən müzakirə edilmiş və caiz olduğuna qərar verilmişdir. Həmçinin, 1996-cı ildə Türkiyə Cümhuriyyətinin Konya şəhərində təşkil edilən “İslam ticarət hüququnun günümüzdəki məsələləri” adlı beynəlxalq simpozyumda da lizinq məsələsi tərəffüatı ilə izah edilmiş və caiz olduğuna qərar verilmişdir.

       

      Sual: Nəzir (əhd) edənin nəzir etdiyindən yeyə bilməməsinin hər hansı dəlili varmı?

       Cavab: Bir heyvanı qurban etməyi əhd etmək “əhd (nəzir) etdiyi heyvanı bütövlüklə Allah rizası üçün yoxsullara verməyə söz vermək” mənasına gəlir. Yəni ibadət etmək məqsədilə Allah verilən söz mənasına gəlir və əhd edən şəxs onun hər hansı bir hissəsini yeyərdə, həmin miqdarı qədər sözünə xilaf çıxmış sayılır. Məhz bu səbəbdən əgər yeyərsə, yediyi miqdarda yoxsullara onun əvəzini verməlidir. Xülasə, fiqh kitablarında yazılan bu hökmün dəlili “əhdin/nəzirin” mənası və mahiyyətidir.

       

      Sual: Borc alınan kəsə borcu qaytararkən üstündə əlavə pul, yaxud hədiyyə vermək olarmı? Bu kimi davranışlar faiz sayılırmı?

       Cavab: Əgər alınmış borc müqabilində əvvəlcədən artıqlaması ilə qaytarmaqla bağlı hər hansı şərt qoşulmayıbsa, yaxud borc alan şəxs bu kimi şərt irəli sürməyibsə, yaxşılıq olsun deyə müəyyən qədər əlavə pul vermək və ya hədiyyələr vermək faiz sayılmır. Lakin əvvəlcədən şərt qoşularsa, yaxud müəyyən hərəkətlərdən, davranışlardan bu kimi şərtlə verildiyi məlum olarsa və sırf bu məqsədlə borc verildiyi təqdirdə, borcdan əlavə verilən məbləğ faiz sayılır.

       

       

       

       

      • Hits: 852 clicks

      Tecox component by www.teglo.info