Bidət / Aqil ƏLİYEV

      Share

      Bidət termin olaraq əslində dində olmayan bir şeyi sonradan dinə daxil etməkdir. Dinimizdə bu işə İslam dinindəki ilahi qanunlara təcavüz kimi baxılır. Müqəddəs İslam dinində ilahi qanuna ehtiram göstərmək ən mühüm məsələlərdən biridir. Hər kəs ilahi qanuna etinasızlıqdan və yaxud ona əl gəzdirib, onu dəyişdirməkdən ciddi surətdə çəkinməlidir. Bidət mövzusu Rəsulullahın (s.ə.s) həyatı ilə ciddi məşğul olan, sünnəni və hədisi tədqiq edən İslam alimləri arasında geniş müzakirə edilmişdir.

       Bu müzakirələr nəticəsində də fərqli fikirlər və anlayışlar ortaya çıxmışdır. Jurnalımızın ana mövzusu xürafata ayrılmışkən, son vaxtlar gündəmdə olan bu məsələyə Allahın köməyi ilə  bir az açıqlıq gətirmək istədik.

      Alimlər bidəti geniş və dar mənalı olaraq iki ayrı şəkildə ələ almışdır. Geniş mənada ələ alanlar başda İmam Şafei, İmam Nəvəvi, İbni Abidin olmaqla bidəti qısaca belə bir tərif etmişlər;

      “Bidət Rəsulullahdan (s.ə.s) sonra ortaya çıxan şeylərdir.”

      Bu tərifə görə dini xüsusiyyət daşıyan əməl və davranışlarla birlikdə, gündəlik hayatımızla əlaqəli olaraq sonradan ortaya çıxan yeni fikirlər, düşüncələr və adətlər də bidət qəbul edilmişdir. Bu alimlər öz fikirlərinə sübut olaraq bu hədisi irəli sürürlər:

      “Kim mənim bir sünnətimi əhya edərək insanların onunla əməl etmələrinə vəsilə olarsa, o insanların qazanacağı savablardan heç bir şey əskilmədən onların savablarının eynisini alacaq. Hər kim də bir bidət çıxararaq onunla əməl edilməsinə səbəb olarsa, o bidət ilə əməl edənlərin günahlardan heç bir şey əskilmədən onların günahlarının eynisini almış olacaq.” (İbni Macə, Müqəddimə, 15)

      Bu təriflə də adlarını yuxarıda qeyd etdiyimiz alimlər bidəti həsənəseyyiə olaraq iki yerə ayırır, edilməsi qadağan olunmayanlara bidəti-həsənə (gözəl bidət), edilməsi qadağan olunanlara da bidəti-seyyiə (çirkin bidət) demişlər. Minarə və mədrəsə tikmək, məscidlərdə səsyüksəldicidən istifadə etmək, cümədən əvvəl vəz vermək bidəti-həsənə, qəbirlərin üstünə hündür daşlar qoymaq, şəkil həkk etmək, oralarda qurbanlar kəsmək, şam yandırmaq, sap bağlamaq isə bidəti-seyyiə qəbul edilmişdir. Bu alimlər hədislərdə rədd edilən bidətlərin çirkin bidətlər olduğunu söyləmişlər.

      İmam Nəvəvi Müsilimin şərhində “Hər bidət dəlalətdir.” (Müslim, Cuma, 43) hədisini izah edərkən belə deyir: “Bu hədis ümum bildirir.Buna bənzəyən hədislər də belədir. Ömərin (r.a) təravih haqqında; “Bu nə gözəl bidətdir” deməsi bizim dediklərimizi qüvvətləndirməkdədir. Rəsulullahın (s.ə.s) “Küllü bidətin dalələtun” ifadəsi ilə qəsd etdiyi: “Əksər bidətlər zəlalətdir” mənasındadır.

      Hətta bəzi İslam alimləri bidəti vacib, məndub, haram, məkruh və mübah   olmaqla beş qismə ayırıblar. Məsələn:

      1. Kəlam alimlərinin üsuluna görə dəlillər tərtib edib, dinsizlərə və yolunu azmış etiqadi firqələrə cavab vermək vacib,

      2. Elmi kitablar nəşr etmək, məktəblər və təhsil ocaqları açmaq məndub,

      3. Müxtəlif yeməklər və cürbəcür halal içkilərdən istifadə etmək mübah,

      4. Qəbirlərin üstünə daşlar qoymaq. Şam yandırmaq məkruh,

      5. Dindən olmayan hər hansı bir şeyi sanki dindənmiş kimi göstərərək insanları o işə rəğbət etdirmək isə haram bidətlərdəndır. Qəbirlərə qurban kəsmək kimi.

      Bidəti dar çərçivədə ələ alan, başda İmam Malik olmaqla Ayni, Beyhəqi, İbni Həcər, Heytəmi, İmam Birgivi və İbn Teymiyyə kimi alimlər isə bu tərifi vermişlər:

      “Bidət- Rəsulullahdan (s.ə.s) sonra ortaya çıxan, dinlə əlaqəli olub, əlavə və ya əskiltmə xüsusiyyəti daşıyan hər şeydir.” Bu alimlərə görə dinlə əlaqəsi olmayan və dini bir xüsusda olmayan yeniliklər bidət sayılmaz. Bu baxımdan örf və adət növündən olan davranışlar bidət sayılmaz. Bu fikri sübut etmək üçün isə aşağıdakı dəlilləri irəli sürmüşlər:

      “İşlərin ən pisi sonradan ortaya çıxarılanlardır” (Müslim, Cuma, 4)

      “Din adına sonradan ortaya çıxarılan işlərdən çəkinin. Həqiqətən sonradan ortaya çıxarılan hər şey bidətdir və hər bidət də zəlalətdir. Bu zaman sizin edəcəyiniz iş mənim sünnələrimə və bir hidayət və irşad rəhbəri olan xəlifələrimin sünnələrinə sarılmanızdır.” (Əbu Davud, Sünnə, 5)

      Eyni fikri mənimsəyən fiqh üsulu mütəxəssisi əş-Şatibi isə bidəti “Sonradan ortaya çıxan dinə oxşayan yol” olaraq olaraq tərif etdikdən sonra mövzuya belə açıqlıq gətirir: “Bidəti dindənmiş kimi qəbul edərək bu yoldan getmələrinin səbəbi, Allaha çox qulluq etmək istəmələridir. Bununla yanaşı dinə oxşarlığı olmayan və dindənmiş kimi qəbul edilməyən şeylər bidət sayılmaz. Məsələn, bir şəxsin halal olan bir şeyi özünə qadağan etməsi bidət deyildir, ancaq bu qadağanı dindarlıq düşüncəsi ilə etməsi bidətdir.” Eyni zamanda Şatibi “gözəl və ya çirkin” bidət ifadəsini qəbul etmir. (İbrahim ibn əl-Musa əş-Şatibi, əl-İtisam; DİA, “Bidət” maddəsi)

      (ardı var)

      • Hits: 918 clicks

      Tecox component by www.teglo.info