155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Namazın Faydaları / Saleh ŞİRİNOV

      Share

      Namaz Allah-Təalanın bəndələrinə ehsan etdiyi ən böyük lütfdür. Namaz üçün sərf edilən dəqiqələr həyatın ən dəyərli, ən qazanclı və xoşbəxt anlarıdır. “Dünya və dünyada olan hər şeydən daha xeyirli” olduğu bildirilən iki rükət namazın bizim bilmədiyimiz və sayılmyacaq qədər hikmət və faydaları vardır.

       Dünyəvi və uxrəvi bu qazanc və faydalarından bəzilərini belə saya bilərik:

      1-Namaz bütün varlıqların ibadət simvoludur. Namazda ayaq üstə durmaq, rüku və səcdə vardır. Bunların hər biri fəqrli varlıqlara aid ibadət şəkilləridir. Ayaqda ikən bəzi bitkilərin, rükuda ikən dörd ayaq üzərində yeriyən varlıqların, səcdədə ikən sürünən varlıqların və bəzi bitkilərin ibadət şəklinə bürünürük.

      2-Namaz qulu Allaha yaxınlaşdırır. Namaza Allahu Əkbər deyərək başlayırıq. Mənası; “Allah ən böyükdür” deməkdir. Həqiqətdə isə: “Allahu Əkbər, Allahdan başqa böyük yoxdur” sözünün elanıdır. Qul namazın oturuşunda ət-Təhiyyatı oxuyarkən Allahla Peyğəmbərimizin söhbət və salamlaşmalarını, aralarında keçən danışıqları təfəkkür edər, təkrarlayar və Allah Rəsulunun (s.ə.s) merac hadisəsinin həyəcanını yaşayar.

      3-Namaz Allaha məhəbbəti artırır. Namaz möminin meracıdır, yüksəlməsidir. Belə olması şüuru və idrakıyla Rəbbin divanına durarıq. Namazda oxunan Fatihə surəsi Allahla bəndə arasındakı sevgini artırır.

      4-Namaz insana hüzur verir. Namaz Allah ilə bəndə arasında əlaqə, vasitəçi və qulun Allahla söhbəti və danışmasıdır. Allah ilə çox söhbət etmək və bu söhbəti uzatmaq qəlbə hüzur verər.

      5-Namaz insanlar arasında dostluğu artırır. Namaz möminin imanının əlaməti, qul ilə küfür arasında bir pərdə və müsəlmanı kafirdən ayıran əlamətdir. Namaz möminin şüarıdır, möminliyinin əlamətidir. Namaz kin və düşmənçiliyi qaldıran, qəlbləri bir-birinə isindirən, sevgi və mərhəməti artıran, sayğı və hörmət bəxş edən ən böyük bir ünsürdür.

      6-Namaz insana sağlamlıq və disiplin qazandırır.

      7-Namazda təmizlik əsasdır. Namazın səhih olması üçün təmizlik şərt olduğuna görə namaz qılan biri görünən və görünməyən kirlərdən təmizlənər.

      8-Namaz ruzini artırır. İmanda ixlas mömini ibadətə yönləndirər. İbadətdə ixlas isə insana qənaət və qəlb zənginliyi qazandırar. Səhər namazına duran bir insan ruzi bölgüsündə hazır olar, ruzisi halalından və bərəkətli olar. Yəni namaz bolluq və bərəkətin qaynağıdır.

      9-Namaz ibadətlərin başıdır. İbadətlər imanın uzun ömürlü olmasına səbəb olar. Namaz digər ibadətlərin başı və piridir. Namaz nəfsə ağır gələn ibadətlərin qabağında duran əngəlləri qaldırar, onların qabağını açar. Namazla digər ibadətlərin ədası asanlaşar. 

      10-Namaz qulluğun ifadəsi və sübudutur. Namaz qulluğun ifadəsi və təzahürüdür. Özünü qul, Yaradanını da Rəbb olaraq tanımaqdır. Qulluq şərəfiylə şərəflənməkdir.

      11-Namaz lovğalıq və təkəbbürü qırar. Qulluğun qapısı namaz ilə açılar. Namazda ehtiyac bildirmək, yardım istəmək, Onunla danışmaq, rüku ilə Onun hüzurunda ədəblə əyilmək, səcdə ilə təkəbbürdən sıyrılıb Uca Rəbbin böyüklüyü qarşısında acizliyin, heçliyin etirafı vardır.

      12-Namaz pisliklərdən uzaqlaşdırar. İxlas və səmimiyyətlə qılınan namaz insana qulluq şüuru qazandırar, Yaradanına qulluq vəzifəsini tanıdar. Qəlbə Allah qorxusunu yerləşdirər və sahibini üsyandan, qünahlardan uzaqlaşdırar. Pis adət və vərdişlərini gözələ çevirər, hər keçən gün özünü islah edərək gözəl müsəlman olar. Namaz insanı özünə verdiyi əhəmiyyət ölçüsündə pisliklərdən uzaqlaşdırar. Əgər qıldığı namaz bir insanı pisliklərdən və ya günah işlərdən uzaqlaşdırmırsa, əskiklik namazda deyil, həmin adamın qıldğı namazın keyfiyyətsizliyindədir, həmin insanın özündədir.

      13-Namaz insana etibar və güvən qazandırar. İxlasla namazını qılan kimsə Allahın qoruması altındadır. Hədisi-şərifdə belə buyurulur: “Kim sübh namazını qılarsa, Allahın mühafizəsi altındadır.” Gündə beş dəfə hüzura qəbul edilib Allahın qonağı ola bilən kəs nə xoşbəxtdir!

      14-Namaz ruhu ucaldır. Qəlbi təmizləyər, ruhu aydınladar, nəfsi təzkiyə və tərbiyə edər.

      15-Namaz üzü nurlandırır. Namaz üzə gözəllik və parlaqlıq qazandırar. Namaz qılanların üzündə ilahi bir nur və mənəvi bir gözəllik təcəlli edər.

      16-Namaz qulun şəfaətçisidir. Ədəbinə uyğun şəkildə qılınan namaz qulun şəfaətçisidir. Hz. Peyğəmbər (s.ə.s) buyurur ki: “Kim gözəl şəkildə dəstəmaz alar, namazını vaxtında qılar, rüku və səcdəsini tamamlayar, xüşusuna riayət edərsə, (qıldığı namaz) bəyaz və parlaq olduğu halda yüksələr və (hal diliylə) “Mənim haqqıma riayət etdiyin kimi Allah da səni qorusun” deyə niyaz edər..” (Təbərani).

      17-Namaz digər ibadətlərin qəbulunu asanlaşdırır. Qiyamət günü qulun hesaba çəkiləcəyi ilk əməl namazdır. Bir insanın namazının qüsursuz və əskiksiz olması, digər ibadətlərin də qəbulunu asanlaşdırar. Yenə hədisi-şərifdə buyurulur ki: “Namazını zay etmiş və qaçırmış olaraq Allaha qovuşan kimsənin digər yaxşılıqlarına Allah dəyər verməz.”

      18-Namaz cənnət qapılarının açarıdır. Başda namaz olmaqla Allahın əmr və qadağalarına riayət Onun rizasını cəlb edər. Riza isə insanı cənnətə qoyar. Namaz sahibinə cənnəti haqq etdirən ən əhəmiyyətli əməllərdən biridir. Ona görə hədisi-şərifdə “cənnətin açarı namazdır” buyurulur.

      19-Namaz cənnətdə Allahı görməyə vəsilədir. Namazın qarşılığı və qazandırdığı sadəcə cənnət deyil. Namaz dünyəvi bir çox faydalarla birlikdə qəbirdə aydınlıq, münkər-nəkir mələklərinin suallarına cavab, cəhənnəmə pərdə, siratdan rahat keçməyə səbəb, cənnət qapısının açarıdır. Hamısından əhəmiyyətlisi də cənnətdə Allahı görməyə vəsilədir.

      20-Və son olaraq Namaz qurtuluşdur. Sözləri Allah-Təala tərəfindən bildirilən azanın cümlələrindən biri də “hayyə aləl-fələh”dir. Mənası isə “qurtuluşa tələsin” deməkdir. Müsəlman olmayan birinə deyilən “müsəlman ol, qurtul” cümləsi o insanın həyatı üçün nə qədər əhəmiyyət daşıyırsa, müsəlman birinə deyilən “namaz qıl qurtulaşa çat” cümləsi və həqiqəti də ona yaxın bir əhəmiyyət daşımaqdadır. Əla surəsi 14 və 15-ci ayələrdə Rəbbimiz buyurur ki: “Təmizlənən və Rəbbinin adını zikr edib namaz qılan, şübhəsiz ki, qurtuluşa çatmışdır”.

      Nəfsinə qalib gələrək təkəbbürdən uzaq, şeytanın hiyləsinə və tələsinə düşmədən Allaha qulluğunu ərz edə bilənlər nə xoşbəxtdir!

      • Hits: 825 clicks

      Tecox component by www.teglo.info