155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    İmam Əzəm -2 / İbrahim EROL

      Share

      Əbu Hənifənin xalq tərəfindən sevgi və hörmət qazanmasında fətvalarının hər yerdə haqlı olaraq tutulmasında, elmi ixtilaflardan təmizləyib xalqı maarifləndirməsi, fitnələrə bulaşmaması və təqvasının rolu böyük olmuşdur.

       Onun tələbələrinə öyüdlərində elmdə azad düşüncə və araşdırma yollarının tutulması, cahil və fanatiklərdən uzaq durulması kimi əhəmiyyətli qeydlər vardır: “Xalqa yaxınlaş, fasiqlərdən uzaqlaş. İnsanlığında qüsur etmə, heç kimi xor görmə. Bir məsələdə fikirini soruşana bilinən fikrini təkrarla və sonra o məsələdə bu və ya digər şəkildə başqa fikirlərin də olduğunu söylə. Xalqa qarşı mülayim ol, bezginlik göstərmə, onlardan biri kimi yaşa.” Əbu Hənifə heç kimə “mənim görüşəm ən doğrudur” demədi, hətta özünün də bir fikri olduğunu, amma daha yaxşı bir fikir irəli sürənə tabe olacağını deyərdi.

      Həyatının bir hissəsi Əməvilərin, bir hissəsi də Abbasilərin hakimiyyət illərində keçdi. Hər iki dövrdə də siyasi iqtidara qarşı idi. Onun siyasətini Əhli-Beyt tərəfdarlığı təyin edirdi. Əhli-Beytə böyük söhbəti vardı. Abbasilər iqtidara gəldikdə Əhli-Beytə hörmət edəcəklərini söyləmişdilər. Ancaq onların iqtidara gəldikdən bir müddət sonra Əhli-Beytə zülm etməyə davam etdiklərini gördükdə onlara da qarşı çıxdı. Həm Əməvilər, həm də Abbasilər dövründə onu öz tərəflərinə çəkmək, xalqın nəzərindəki etibarından faydalanmaq üçün qazılıq vəzifəsi təklif etsələr də o, hər iki dövrdə də gələn təklifləri rədd etmiş və bu səbəbdən ötrü işgəncəyə məruz qalmış, həbs edilmişdir. Əbu Hənifə xalqı açıq bir şəkildə Əhli-Beytə dəstək olmağa çağırırdı. Bu səbəblə ona müxtəlif işgəncələr verilmişdir.

      Xəlifə Mənsur öz dövründə onu baş qazılığa təyin etmək istəyirdi. Hətta bunda israr etdi. Ancaq Əbu Hənifə baş qazılığın siyasi bir mövqe olduğu və bunun da elmi işlərə mane olacağı əndişəsi ilə qəbul etmədi. Xəlifə nə üçün baş qazılığı qəbul etmədiyini ondan soruşduqda isə: “Mən baş qazılığa səlahiyyətli biri deyiləm! Sənin də bu vəzifəni mənə verməyin doğru olmaz!”, -dedi. Xəlifə təkrar: “Nə üçün?”, -deyə soruşdu. İmam Əzəm: “Əgər doğru bir adamamsa, bu vəzifə mənə yaramır! Əgər yalan deyirəmsə, yalançıdan qazı olmaz!”, -dedi.

      Xilafət 132-ci ildə Abbasilərə keçənə qədər Əbu Hənifə İraqdan Hicaza getdi. Orada Malik b. Ənəs (179) və Süfyan b. Uyeynə kimi tanınmış imamlarla görüşdü. Həccə gələn müxtəlif elm mərkəzlərinin alimləri ilə münasibət qurdu. 136-cı ildə Abbasi xəlifəsi Əbu Cəfər əl-Mənsurun hakimiyyətə gəlməsi ilə Kufəyə qayıtdı. Lakin Əhli-Beytə davamlı təzyiqlər edildiyini görüb onunla da razılaşa bilmədi və Əhli-Beyt lehinə fətvalar verdi. Öz dövrünün ən böyük alimlərindən olan İmam Cəfəri Sadiqin yanına gedərək iki il onun məclisində iştirak etmiş və “bu iki il olmasa Əbu Hənifə həlak olardı”, -demişdi. Hicri 150-ci ildə vəfat edərkən yaxınlarına “Xəlifənin qəsb ettdyi heç bir yerə basdırılmamasını” vəsiyyət etmişdi.

      Bəzi rəvayətlərə görə İmam Əzəm həbsdə zəhərlənərək öldürülmüşdür. Davud b. əl-Vasitinin nəqlinə görə hər gün həbsdə ona baş qazı olmasını təklif edirdilər, o da hər dəfə rədd edirdi. Nəhayət, yeməyinə zəhər qatılaraq şəhid edildi.

      İmam Əzəm ticarətlə də məşğul idi. Tacirlər ona heyran idilər. Ticarətdə onu Həzrət Əbu Bəkrə bənzədərdilər. Hər il qazancının dörd min dirhəmdən çoxunu kasıblara paylayar, alimlərin, mühəddislərin, tələbələrinin bütün ehtiyaclarını qarşılayar və onlara pul paylayaraq, təvazö ilə belə buyurardı: “Bunları ehtiyacınız olan yerə sərf edin və Allaha həmd edin. Çünki verdiyim bu mal əslində mənim deyil, sizin nəsibiniz olaraq Rəbbimin ehsan və kərəmindən mənim əlimlə sizə göndərilir.”

      Əbu Hənifə bir gecə məsciddə yatsı namazını qıldıqdan sonra evə getməyə hazırlaşırdı. Tam məscidin qapısından çıxarkən Övzai ilə fiqhi bir məsələ haqqında müzakirəyə başladılar. Bu fiqhi mövzu haqqında o qədər müzakirə etdilər ki, hələ məsciddən çıxmadan bu səfər də sübh namazının vaxtı girmişdi. Hər ikisi yalnız sübh namazını qıldıqdan sonra evə gedə bilmişdi.

      Başqa bir rəvayətə görə isə Kufə şəhərinin kəndlərini quldurlar basıb, qoyunları oğurlamışdılar. İmam Əzəm oğurlanan qoyunların şəhərə gətirilib satıla biləcəyini düşünərək “qoyunun ən çox yeddi il yaşadığını” bildiyi üçün yeddi il qoyun əti yemədi. Gecələr namaz qılardı. Namazda ağlamasını və hıçqırıqlarını yaxınları eşidərdilər. Əsəd bin Amr deyir: “Əbu Hənifənin ağlamasını gecələr qonşular eşidər və halına acıyardılar.”

      Cənazəsi götürülərkən Bağdad əhalisi oraya toplaşmışdı. O qədər böyük izdiham yaranmışdı ki, cənazə namazı qılanların əlli min adamdan çox olduğu döylənir. Gələnlər çox olduğu üçün ikindiyə qədər altı dəfə cənazə namazı qılındı. Sonuncu cənazə namazını oğlu Hammad qıldırmışdı. Bağdadda Hayzəran Qəbirisitanlığının şərqində dəfn edilmişdir.

      • Hits: 854 clicks

      Tecox component by www.teglo.info