ZAMAN TEZ KEÇİR! / Saleh Zeki Meriç

      Share

      Zaman tez keçir.

       Dünənin uşaqları olan bizlər bu günün valideyni, dayısı və ya əmisi  olmuşuq. Dünən uşaqlıq xülyalarımızda yaşayarkən bu gün həyat mübarizəsi ilə sabaha aid qayğılarımızla yaşayırıq.

      Zaman tez keçir. Uşaqlıq xatirlərimizdən sıyrıla bilmədən çiyinlərimizə fərqində olmadan min cür məsuliyyətlər götürmüşük. Məktəb, iş, evlilik, övlad deyərək bir vaxtlar heç çata bilməyəcəyimizi sandığımız valideynlərimizin yaşına gəlmişik. Artıq özümüzü deyil, övladlarımızı düşünürük...

      Zaman tez keçir. Daima bir qaçış içində keçir həyat. Hər gün sabaha çıxma təlaşı. Sabah olunca o biri günü düşünürük. Və bu ay keçdikdə gələcək aylar deyirik. İl bitir, yeni bir il başlayır, yenə də qaçhaqaç. İnsan həmişə son nəfəsinə tərəf qaçır. Və son nəfəsi üçün nə isə yığır. Son nəfəsin məzmununu bir ömür boyu hörə-hörə yaşayır. Zaman bir son nəfəs qədər qısa ikən insan daim nələrisə təxir etmə qəfləti ilə saatları,  günləri keçirir.

      Zaman tez keçir. Qiymətini tam idrak edə bilmədiyimiz fürsətlər əlimizdən çıxır, ancaq biz fərqinə varmadan bizə verilən lütflərin dəyərini bilmirik.

      Hər yeni günlə yeni bir fürsət, yeni bir imkan təqdim edilir bizə.  “Al, bu gün sənindir. Bu gün də sənə bir fürsət verildi”, -deyilir. Amma insan övladının neçəsi üzərinə doğan günəşlə yenidən bir dirilmə yaşaya bilir? Neçə insan həyatını ona verilənləri layiqilə dərk edərək keçirə bilir?

      Peyğəmbərimiz (s.ə.s) bizi bir “qədir bilmə” şüuruna çağırır. Beş şey gəlmədən əvvəl digər beş şeyin qədrini bilin deyir:

      “Xəstəlik gəlmədən əvvəl səhhətin, yaşlılıq gəlmədən əvvəl gəncliyin, kasıblıq gəlmədən əvvəl zənginliyin, məşğuliyyət gəlmədən əvvəl boş vaxtın, ölüm gəlmədən əvvəl dünya həyatının.”

      Zamanın qədrini bilmək insanın daha nizamlı və daha faydalı bir həyat yaşaması deməkdir. Mömin planlı və tərtibli insandır. Ona təsadüfi bir həyat verilmədiyi kimi, o həyatı da gəlişigözəl yaşaya bilməz. Bunun bir məsuliyyət tələb etdiyini bilər. Rəbbimiz buyurur:

      “Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?!” (Qiyamə, 36)

      Mömin tez keçən zamanın boş və faydasız keçməsinə fürsət vermədən gücü çatdığı ölçşüdə faydalı bir insan olma şüurunu daşıyar. Mömin məsuliyyət sahibi, cəmiyyət dərdi daşıyan, haqqın istəyinə uyğun gəlməyən hər şeyə səsini çıxarması lazım olduğunu düşünən insandır.

      Zaman tez keçir. Bir baxırsan hər şey köhnəlir. Daha dünənki uşaq dediyimiz qonşunun qızı bir baxırsan toy-düyün edib həyata atılır. Digər qonşunun məhəllədə oyun oynayan dünənki oğlu əsgərdən gəlmiş, toy etməyə hazırlaşır. Atamızın köhnə dostlarından biri Haqqın rəhmətinə qovuşmuş.

      Həyat tez keçir. Zövqlər dəyişir. Arzular-istəklər dəyişir. Dəyərlər dəyişir.

      Bir köhnə olur, bir də yeni. Onlar köhnədən idi deyir məhəllənin ərköyün uşaqları. Onlar köhnədən idi ‘‘hacı əmi.'' Əmi ha! Əmi olmuşuq. Bir də önünə ‘‘Hacı” sifəti əlavə olunaraq. Köhnələn şeylərə həsrətlə baxırıq, ancaq heç cür geri qaytara bilmirik. Köhnəni gözəlləşdirən şeylər o qədər çox idi ki: -insanlar arasında münasibətlər, qohumluq əlaqələri, qonşuluq hissləri, dostluqlar hamısı nə qədər gözəl şeylərdi.

      Yenilər necədir bəs? Yenilərdə imkan çoxdur. Lakin ruh yoxdur.

      Zaman elə tez keçmiş ki, illər əvvəl yazmışıq ən son məktubumuzu. İndi “sms” deyirlər məktubun duyğu dərinliyindən çox uzaq ünsiyyət vasitəsinə. İşə yarayırmı? Bəli! Amma ruhu və dərinliyi yoxdur.

      Əvvəllər insanların bir-birilərinə qayğıları vardı. Qonşusu açkən tox yatan özünü günahkar hiss edərdi. Amma indi qonşusunun varlığından belə xəbərdar olmayanlar var.

      Zaman tez keçir. İnsanlar get-gedə eqoistləşir. Öz xoşbəxtliklərini hər şeydən üstün tuturlar. Öz zövqlərini, öz rahatlıqlarını… Həmişə özlərini... Özü üçün yaşayıb, öz-özünə də ölürlər.

      Qorxmayan, çəkinməyən üsyankar bir insan tipi çıxardı çağımız. Zaman o qədər sürətli axıb keçdi ki, nəsillərin heç olmasını fərq edə bilmədi bir çoxumuz. Həmişə başqalarının xəbərlərini izlədik. İntihar edənlər, yoldaşını öldürənlər, anasını kəsənlər, atasını vuranlar. Üçüncü səhifə xəbərləri o qədər həyatımıza girdi ki, əvvəllər ürpərən ürəklər ən acı və ən dramatik bir hadisəni eşitsə belə, bir şey olmamış kimi davranır və mənə toxunmursa min yaşasın məntiqi ilə həyatına davam edir.

      Zaman tez keçir və yanğın qapıya gəldi. Bu qədər dəyər aşınmasının içində özümüzü və övladlarımızı necə qoruya bilərik? Bir gün izlədiyimiz və bir şey olmaz dediyimiz acı bir xəbəri öz övladımızla bağlı da eşidə bilərik. Bir gün zərərli vərdişlərin aludəçisidir deyə gözardı etdiyimiz, görüncə uzaqlaşdığımız və uzaqlaşarkən də xilas olduğumuzu sandığımız o yeniyetmələr bizim övladlarımızdan biri ola bilər nə vaxtsa.

      Bir gün əxlaqsızlığın girdablarına düşmək məcburiyyətində buraxılmış bir insan qarşımıza çıxıb mənim günahım nə idi? Nə üçün mən buradayam, sən oradasan deyə hesab soruşa bilər. Bu hesabdan bəlkə bu dünyada qaça bilərik, ancaq ilahi divanda da qaça biləcəyikmi? Əsla!

      Bir gün mütləq hesaba çəkiləcəyimizə iman etmişiksə, o halda bu gün neçə yeniyetməyə şəfqət qollarımızı açmışıq? Neçə insanın günahları üçün ağlamışıq? Neçə ocağın sönməməsi üçün çırpınmışıq?

      Xülasə, zaman tez keçir, gəmi batmaq üzrədir, su dolur. Xilasedici dairələrimizi, avarlı qayıqlarımızı işə salmalı və özümüzdən başlamaq şərti ilə qurtuluş mübarizəsi aparmalıyıq.

      Keçmişin gözəlliklərini yaşadaraq, bir dəyər olaraq insanı əsas alacaq yenini də keçmişin gözəllikləri ilə bəzəyərək bir dərd könüllüsü olmaq məcburiyyətindəyik.

       

      • Hits: 850 clicks

      Tecox component by www.teglo.info