MƏNƏVİ HƏMRƏYLİK / Rüfət Şirinov

      Share

      Həmrəylik ifadəsini duyan şəxslərin əksəriyyətinin ağlına ilkin növbədə dünyəvi mənada həmrəylik günləri və ya bayramlar gəlir. 

      Həmrəylik terminini sözün əsl mənasında bir millətin, dövlətin gücü, bərabərliyi qısacası? yekvücud olması mənasında anlamaq düzgün olardı. Bu mənada bir millətin və dövlətin uzunömürlü olması o dövlətin vətəndaşlarının həmfikir və həmrəy olmasına bağlıdır.  Tarix boyu atalarımız da bu həqiqəti lazımı şəkildə anlamış və yaşamışdır ki, biz övladlarına “El gücü sel gücü” , “El bir olsa? dağ oynadar yerindən” kimi hikmətli sözləri miras qoymuş və bizə birlik və bərabərliyin nəyə qadir olduğunu göstərmək istəmişlərr. Deməli, bərabər yaşamaq, birlikdə mücadilə etmək, birlik olmaq tarix boyu bizim milli, mənəvi və ictimai dəyərlərimizin əsasını təşkil etmişdir.
      Milli mənəvi dəyərlərimizin əsl ünsürlərindən biri də heç şübhəsiz ki, İslam mədəniyyətidir. Odur ki, İslam mədəniyyətindəki həmrəylik məfkurəsi bizim üçün əsas meyarlardan birini təşkil edir. Ümumbəşər nəzəri ilə baxsaq görərik ki, dini (islami) həmrəylik anlayışı özəl olaraq dövlətimiz üçün, ümumi olaraq da bütün müsəlmanlar üçün günümüzün qloballaşan dünyasında ən çox ehtiyac duyulan bütünləşdirici əsaslardan birini təşkil edir. Əfsuslar olsun ki, günümüzdə zəngin olmağı hər şeydən önəmli görən müsəlmanların unutduğu  xüsusların başında məhz həmrəylik, birlik və bərabərlik terminləri yer alır. Əgər biz müsəlmanlar dinimizin çox əhəmiyyət verdiyi bu düsturları həyatımızın məqsədinə çevirsək, “Parçala hökm et” tələsinə düşməz, birləşərək dünyanın qibtə ilə baxdığı gücə çevrilərik.
       Əlbəttə ki, buna nail olmaq göründüyü qədər bəsit olmamaqla yanaşı imkansız da deyil. Bunun üçün fərdiyyətçiliyin ən zirvə halında yaşandığı cahiliyyət ərəblərini ictimailəşdirən Peyğəmbərimiz Məhəmməd əleyhissalamın həyatını incələmək və ondan dərs almaq kifayətdir. Həyatın hər sahəsində sözünü söyləmiş İslam Peyğəmbərinin müsəlman dünyasına ərməğan etdiyi ən önəmli əsaslardan biri də “birlik”dir. Mədinədə təsis etdiyi “üxuvvə” qardaşlıq müsəssisəsi bunun ən bariz nümunələrindəndir. O buna nail olmaq üçün əlbəttə ki, Uca Allahın “Şübhəsiz ki, bütün möminlər qardaşdır” (əl-Hucurat, 10) düsturunu mənimsəmiş, və ona tabe olanlar arasında da Allahın “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (Ali İmran, 103, Həmçinin bax. Nisa surəsi 146, 175, əl-Həcc, 78) xəbərdarlığını icra etmişdi. 
      Yeri gəlmişkən ifadə edək ki, İslam ədəbiyyatında həmrəylik kəlməsinin sinonimi kimi, “Kitab (Qurani-Kərim) və Sünnəyə (Peyğəmbər tətbiqatı) bağlılıq mənasına gələn “etisam” terminindən istifadə edilmişdir. İslam dini həmrəyliyə o qədər əhəmiyyət verir ki, bu barədə xüsusi əsərlər qələmə alınmış və hər fürsətdə müsəlmanların diqqəti bu mövzuya cəlb edilmişdir. Həzrət Peyğəmbərin Vida Həccində bütün müsəlmanlara söylədiyi nitqində “Sizə iki əmanət qoyub gedirəm, onlara sarılıb tətbiq etdikcə yolunuzdan heç vaxt azmazsınız. O əmanətlər Allahın kitabı Qurani-Kərim və Peyğəmbərin sünnəsidir” “Əsla məndən sonra əvvəlki pozğunluqlara dönməyin və bir-birinizin boynunu vurmayın” ifadələrinin yer alması çox mənalıdır. Beləliklə Peyğəmbər əleyhissalamın həyatının son anında belə birlik və bərabərliyə diqqət cəlb etməsi həmrəyliyə verdiyi əhəmiyyətin nişanələrindən biridir. 
      Bütün dünyəvi sistemlər fərdiyyətçilik əsası üzərinə bina edilmişkən, İslam “Yaradılanı yaradana görə sevmək” əsası üzərinə bina edilmişdir. Dünyəvi birlik bəzi mənfəətlər üzərinə qurulmuşkən, dini birlik isə mənəvi dəyərlər üzərinə qurulmuşdur. Məhz buna görə də mənəvi qardaşlığın və dostluqların digərlərinə görə daha sağlam və real əsaslar üzərinə qurulduğunu ifadə etsək yanılmarıq. İslamın həmrəyliyə verdiyi əhəmiyyəti anlayan hər bir şəxs  Peyğəmbər əleyhissalamın “Özü üçün istədiyini müsəlman qardaşı üçün istəməyən şəxs kamil mömin ola bilməz” hədisini daha düzgün anlayar və onun əsasında yaşayar.
       Hər fürsətdə birlik və bərabərliyə, qısacası həmrəyliyə diqqət çəkən şanlı Peyğəmbərimizin bu hədisini, xüsusilə bu günümüzdə hər bir insan övladının dərin düşünüb təfəkkür etməsinə ehtiyacı var. “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və bir-birlərini qorumaqda bir bədənə bənzəyirlər. Bədənin bir üzvü xəstə olduğu zaman digər üzvlər də bu səbəbdən yuxusuzluğa və qızdırmaya tutularlar”. Bu hədisə əsaslanaraq hər kəsə belə suallar ünvanlamaq istərdim: Əgər həmrəyliyə əhəmiyyət verir və birliyin labüd olduğuna inanırıqsa, kimsəsizlərin kimsəsi ola bilirikmi? Acların ümidi, xəstələrin dəvası, yetimlərin valideyini, üşüyənlərin yorğanı, ayağı yalınların ayaqqabısı ola bilirikmi? Bu sualların cavabı hər kəsin vicdanında gizlidir. 
      Mənəvi həmrəy olaq ki, maddi həmrəyliyimiz əbədi olsun...
       
      • Hits: 822 clicks

      Tecox component by www.teglo.info