HAQQ DOSTLARINDAN HİKMƏTLƏR / Osman Nuri TOPBAŞ

      Share

      Mövlana həzrətləri buyurur:

      “Çayı gördünsə, kasadakı suyu ora tök. Heç su da çaydan qorxub qaçar?”

      “Kasadakı su çayın suyuna qarışdıqda orada öz varlığından qurtular və çay suyu olar.”

      “Belə olduqda həmin kasadakı suyun keyfiyyəti və sifəti yox olar, amma əsli qalar. Ar­tıq bun­dan son­ra o nə əskilər, nə kir­lə­nər, nə də iylənər.”

      [Məsnəvi şarihləri buradakı çay ilə əbədi axirət həyatının, kasadakı su ilə də insanın fani həyatının nəzərdə tutulduğunu ifadə edirlər. İnsanın ömür kasasını əbədiyyət çayına tökməsi “ölmədən əvvəl ölün” əmrinə itaət etməsidir. Yəni hər fani üçün zəruri olan əcəl anı gəlmədən əvvəl nəfsani arzuları və dünyəvi ehtirasları aradan qaldıraraq günahların cazibəsinə qarşı sanki bir ölü kimi olmaqdır. Haqqa tam bir təvəkkül və təslimiyyətlə itaət edib bütün fani nemətləri əbədi səadətin sərmayəsi edə bilməkdir.

      Həqiqətən ömür sürətlə axan çay kimidir. İnsana verilmiş məhdud sərmayədir. Qəflət içində ömür sürənlərin heç bitməyəcəyini zənn etdikləri bu məhdud sərmayə axirət aləminin sonsuzluğuyla müqayisə edilə bilməyəcək qədər qısa, kiçik və cüzidir. Necə ki, ayeyi-kərimədə insanın bu gerçəyi idrak etməsi belə xəbər verilir:

      “Onu (qiyaməti) gördükləri gün (dünyada və ya qəbir evində) yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar!” (ən-Naziat, 46)

      Hədisi-şərifdə də:

      “Axirətlə müqayisədə dünyanın vəziyyəti sizdən birinin barmağını dənizə batırıb-çıxarması kimidir. Barmağına (dənizdən) nə yapışarsa, (axirətlə müqayisədə) dünya odur." buyurulmaqdadır. (Hakim, Müstədrək, 4/319)

      Bütün nemətlər kimi ömür neməti də Haqq-Təalanın bir lütfüdür. Əbədi səadəti qazanmaq üçün qulun yeganə sərmayəsidir. Bu səbəbdən yaşadığımız dünyada ediləcək ən qazanclı ticarət fanini verərək baqini, cüzü verərək küllü, damlanı verərək dəryanı qazana bilməkdir. Üstəlik o damlanın əsil vətəni də dəryadır. Dəryadan gələni yenə dəryaya qaytarmaq əslində heç fədakarlıq da sayılmır. Çünki hər damla günlərin birində -istəsə də, istəyəsə də- mütləq o dəryaya geri dönəcək.

      Yəni Qurani ifadəylə:

      “…Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” (əl-Bəqərə, 156)

      Arif insanlardan hər fürsətdə Haqqa yüksələn “Ya Rəbbi! Səndən gəldik, Sənə dönəcəyik!” niyazı da bu ilahi həqiqətdə dərinləşmiş könüllərin hissiyyatını əks etdirir.

      Bu səbəbdən əsil məharət və bacarıq odur ki, qul bir kasa su hökmündəki fani ömürünü öz iradə və arzusuyla sonsuzluq dəryasına səxavətlə sərf edə bilsin. Beləliklə də “ölmədən əvvəl ölmək” sirindən hissə ala bilsin. Çünki Mövlana həzrətlərinin təbiriylə:

      “Nə xoşbəxtdir o kəs ki, ölümdən əvvəl ölmüş, ruhu həqiqət bağının qoxusunu hiss etmişdir…”

      Digər prizmadan baxdığımızda qulun əlindəki o bir kasa su insanın arxalandığı və güvəndiyi mövqe və vəzifəsi, güc və qüvvəsidir. İlahi səltənət isə qoca dünyanın içində sanki bir toz zərrəsi hökmündə qaldığı kainatı əhatə edən, idrakın fövqündə duran sonsuz bir qüdrət və əzəmətdir.

      Həmçinin o bir kasa su insan oğlunun əldə edə bildiyi bütün elmlərdir. Elmi-ilahi isə sonsuz bir dəryadır. Necə ki, aşağıdakı hədisi-şərif bu həqiqəti nə gözəl bəyan etməkdədir:

      “Xı­zır u -ın Mu­sa u -a qərib və hik­mə­ti məc­hul ha­di­sə­lər gös­tər­di­yi sə­ya­hət əs­na­sın­da bir sər­çə gə­lə­rək, min­dik­lə­ri gə­mi­nin göyərtəsinə qon­du. Son­ra dimdiyi ilə də­niz­dən su götürdü. Hı­zır u bu mən­zə­rəni Mu­sa u-a gös­tə­rə­rək belə buyurdu:

      “-Al­lahın el­mi ya­nın­da sə­nin, mə­nim və bütün məxluqatın elmi bu qu­şun də­niz­dən dimdiyinə götürdüyü su qə­dər­dir.” (Bu­xa­ri, Təf­sir, 18/4)

      İnsanın əlindəki o bir kasa su eyni zamanda Allahın imtahan məqsədiylə quluna əmanət etdiyi mal, mülk və sərvətdir. Haqq-Təalanın mülk və səltənəti isə sonsuzdur. Ayeyi-kərimələrin bəyanıyla:

      “Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!” (Ali-İmran, 189)

      “…Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur!” (İbrahim, 34)

      Bu günə qədər gəlib-keçmiş bütün məxluqatın yeyib-içdikləri, istifadə edib tükətdikləri Allahın xəzinələrini zərrə qədər də olsa azaltmamışdır.

      Xülasə, insanın əlindəki o bir kasa su Allah-Təalanın ona bəxş etdiyi bütün nemətlərdir, hər cür imkan və istedadlardır. Həyat çayı isə Allahın sonsuzluq dəryasına axıb getməkdədir. İnsan öz iradəsiylə canını, malını, elmini, irfanını və hər cür imkanını, hansı nisbətdə bu çaya axıda bilsə, sonsuzluq dəryasında o nisbətdə fani olar. Fəna fillah sirrindən o ölçüdə nəsib alar.]

       

      Mövlana həzrətləri buyurur:

      “Uşaq almanı görməsə, pis iyli soğanı əlindən qoyarmı?”

      [Uşaqlar hələ öyrənmə çağında olduqları üçün kiçik və sadə oyuncaqlarla əylənib ovunarlar. Lakin bədən təkamül etdikcə zehni və qəlbi bacarıqlar da inkişaf edər. O sadə oyuncaqlar zamanla gözdən və könüldən düşər. Kamil bir insanın artıq o sadə oyuncaqlarla əylənməsi əbəs və qəribə qarşılanar.

      Allah-Təala da insanın mənən kamilləşib dünyanın sadə və bayağı zövqlərindən uzaqlaşmasını, əsl və əbədi olan axirət səadətinə yönəlməsini arzu etməkdədir. Bunun üçün də ayeyi-kərimədə belə buyurur:

      “Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər).” (əl-Ənkəbut, 64)

      Bu baxımdan dünya kamilləşə bilməmiş xam nəfslər üçün su kimi görünən aldadıcı bir ilğımdan ibarətdir. Uşaqların tamah saldığı bir alma şəkəri kimidir ki, xaricdən şirin və rəngarəng görünsə də içi turş və çürükdür.

      Allah qatında dünyanın bir ağcaqanadın qanadı qədər belə dəyəri yoxdur. Bu səbəbdən Allahın dəyər vermədiyi dünyaya qiymət verib axirəti unudan kimsəyə Allah da dəyər verməz. Allahın rizası və Onun qatındakı sonsuz nemətlərin ən kiçiyi belə, bütün dünyaya sahib olmaqdan daha qiymətlidir.

      Buna baxmayaraq dünyaya aldananıarın idrakı iştah açan min bir növ ləziz yeməyi tanımadığı üçün əlindəki pis qoxulu soğanı ən ləzzətli qida zənn edən bir uşağın idrakından fərqlənmir. Özünü gözləyən möhtəşəm nemətlərə və əbədi səadətə arxa çevirərək dünyanın fani bərbəzəyinə, keçici sevdalarına və bayağı cazibələrinə könül verən insan oğlunu Mövlana həzrətləri bu təşbeh ilə qəflətdən oyandırmağa çalışır:

      “(Qafil) insan özünü ucuza satdı. O, çox qiymətli atlas bir parça kimi idi, tutub özünü bir arxalığa yamaq etdi.”

      Bu səbəbdən insan oğlunun cənnət və cəmalullahı tamaşa kimi böyük nemətlər vəd edən uca Mövlaya yönəlmək yerinə, gəlib-keçici nəfsani arzulara tamah etməsi, səfalətini səadət zənn etməsi və üç günlük dünyasını abadlaşdırmaq üçün əbədi axirətini xarab etməsi necə də böyük bir axmaqlıqdır…

      Dünya səltənətini tərk edərək ilahi eşq dəryasına dalmış olan İbrahim binn Ədhəm həzrətləri buyurur:

      “İlahi məhəbbətdəki vəcd, həzz və istiğrakımız (qərq olma halı) konkret bir şey olsaydı, krallar onu ala bilmək üçün bütün xəzinələrini də, krallıqlarını da fəda edərdilər.”

      Malik bin Dinar həzrətləri də belə deyir:

      “Bir gün Həsən Bəsri həzrətlərindən soruşdum:

      “‒ Dünyada ən pis şey nədir?”

      Həsən Bəsri:

      “‒ Qəlbin ölməsidir”, -buyurdu.

      “‒ Qəlb nə üçün ölər?”, -deyə soruşdum.

      “‒ Dünyanı sevməkdən (yəni dünyanın keçici sevdalarına və nəfsi arzularına ram olmaqdan)”, -buyurdu.

      Digər bir Haqq dostunun bu xülasə ifadəsi də nə qədər hikmətlidir:

      “Dini sevənlər dünyadan çıxmadı. Dünyanı sevənlərsə dindən çıxdı.”

      Yəni dindarlıq, zöhd və təqva heç də dünyadan əlini üzmək deyil, -Süleyman u kimi- onun məhəbbətini qəlbə qoymamaqdır. Dünyadan nəsibini axtararkən ona bağlanıb qalmamaqdır. Çünki bir qəlbi dünya zövqləri və sevgisi sərxoş etmişsə, onun dinə yönəlməsi, ilahi həqiqətləri idrak edə bilməsi, ibadət və taətlərdən zövq ala bilməsi son dərəcə çətindir. Bu səbəblə dünyəviləşmə xəstəliyinə tutulmamaq üçün könüllərimizin zöhd və təqva ilə dərinləşməsi zəruridir.]

       

      Mövlana həzrətləri buyurur:

      “Köpəklərin ağzı dəydiyi üçün dəniz murdar olmaz.”

      [Mənəvi dəyərlərə hücum edən, müqəddəslərə, ülvi dəyərlərə, peyğəmbərlərə və Haqq dostlarına dil uzadan həddini bilməzlər onların ülvilik və şərəfinə xələl gətirə bilməzlər. Bu mənfi rəftarlarıyla ancaq öz alçaqlıq və zillətlərini artırmış, axirətdəki əzablarını çoxaltmış, yəni cəhənnəm əzabını özləri əleyhinə daha da şiddətləndirmiş olarlar.

      Həmçinin belə bir vəziyyətdə möminlər o zalımlara qarşı Allah üçün nifrətin təbii bir gərəyi olan rəftarları sərgiləmək məcburiyyətindədirlər. Çünki bu surətlə müsəlman şəxsiyyət və vüqarını qorumaq xüsusunda dini cəhdlərinden imtahan olunarlar.

      İmanın kamilliyi də layiqinə məhəbbət (yəni Allahı və Onun sevdiklərini sevmək) və haqq edənə nifrət (yəni Allah və Rəsulunun düşmənlərinə nifrət etmək)dir. Necə ki, Təbbət surəsi haqq edənə nifrətin, yəni Allahın sevmədiklərinə nifrətin ən konkret bir təlim və təlqinidir.]

      Mövlana həzrətləri buyurur:

      “Ey çörək uğruna iman cövhərini zay edən insan, ey bir arpaya bir xəzinəni satan yazıq! Nəmrud qəlbini İbrahimə ram etmədi, amma canını bir ağcaqanada təslim etdi.”

      [Fani dünya malına sahib olmaq üçün əbədi səadət məkanı olan axirəti satmaq necə də qəmli bir aldanış və faciəvi bir axmaqlıqdır. Sələf alimlərindən Əbu Hazim g belə deyir:

      “Allaha yaxınlaşdırmayan hər cür imkan (mal-mülk, məqam-mövqe və s.) ancaq başa bəla olan müsibətlərdir.”

      Böyük Haqq dostlarından Cəfəri Sadiq həzrətləri də belə buyurur:

      “Allah-Təala dünyaya: “Ey dünya! Mənə xidmət edənə sən də xidmət et! Sənə xidmət edəni isə (öz işlərində) yor və əldən sal!”, -buyurdu.”

      Dünya sərvətinə qəlbini əsir etdiyi üçün infaqdan boyun qaçıran xəsislər, cismani rahatlığı tərk edə bilmədiyi üçün itaət və səydən uzaq qalan tənbəllər, nəfsinin etirazlarını məğlub edə bilmədiyi üçün Allah yolunda xidmət və fədakarlıqdan qaçan qafillər, günün birində üzərinə titrədikləri nəfslərini və sərvətlərini çox adi və bayağı məqsədlər uğruna ziyan etmək məcburiyyətində qala bilərlər. Yəni Allah üçün böyük və ülvi çilələrin geniş dəryasına dalmağa cəsarət edə bilməyənlər günlərin birində kiçicik bir su gölməçəsində boğulub məhv ola bilərlər.

      Necə ki, lovğa nəfsinə uyaraq Allaha iman və itaəti rədd edən, təkəbbüründən özünü yerə-göyə sığdıra bilməyib tanrılıq iddiasına cəhd edən Nəmrud da əcəli gəlib çatdığı zaman cılız bir ağcaqanadın öhdəsindən gəlməkdə aciz qaldı, Allahın cəzasına çarəsiz ram oldu.

      Kəbeyi-Müəzzəməni yıxmaq kimi çirkin bir məqsədlə Sənadan yola çıxan Əbrəhənin məğrur ordusu Məkkə yaxınlarına çatdıqda səhradan gələn aslanlarla, pələnglərlə, vəhşi canavarlarla deyil, -sanki istehza edilərcəsinə- kiçik quşların atdığı daşlarla tapdalanmış əkin yarpaqlarına çevrilmişdi.

      Hər bir təkəbbürlü zalımın faciəvi sonluğu kimi o qafillərin də ömür xırmanı əcəl küləyiylə sovrulduğunda nə arxalarında buraxdıqları dünya səltənəti onlara ağladı, nə də qarşılarına çıxan axirət həyatı onları gülər üzlə qarşıladı. Bu zalımların qəmli aqibəti axmaqların düçar olduğu zillət baxımından tarix səhnəsində sərgilənən ibrətli misallar oldular.

      Beləliklə gerçək səadət və səltənət Allaha qarşı həddini, qulluğunu, heçlik və acizliyini idrak edib fürsət əldə ikən Allah yolunda könüllü olaraq nəfsindən fərəqət edə bilməkdir. Necə ki, hədisi-şərifdə:

      “Ağıllı insan nəfsinə hakim olub onu hesaba çəkərək ölümdən sonrası üçün çalışan, axmaq isə nəfsini həvasına tabe etdiyi halda Allahdan (xeyir) ümid edəndir”,  -buyurulmuşdur. (Tirmizi, Qiyamət, 25/2459)

      Onu da unutmamaq lazımdır ki, əsl səadət nəfsin bitməz-tükənməz arzu və ehtirasları arxasınca qaçmaqdan imtina edib onu cilovlamaqla mümkündür. Hətta nəfsi, Haqqa vüslət səfərinin miniyi edib, onu son nəfəsə qədər lazımınca sürməklə mümkündür. İmam Qəzali həzrətləri bu həqiqəti nə gözəl xülasə edir:

      “Nəfs ruhun miniyidir. Əgər insan nəfsin yüyənini boşaldar və onu özbaşına buraxsa, həlak olması labüddür… O halda nəfsinin yüyənini möhkəm tut və miniyindən istifadə etməyə bax! (Çünki Haqqa qulluq bədən ilə, yəni nəfs miniyi üzərində ifa edilə bilər.)”

      Nəfs təzkiyəsinə müvəffəq ola bilən bir möminin ruhu daim güclü, sağlam və dinc olar.

      Necə ki, peyğəmbərlər, səhabeyi-kiram, övliyaullah və saleh möminlər həyat imtahanlarında böyük əziyyət və məşəqqətlərin məngənəsində yoğrulmuşlar, lakin bədən çapındakı bu maddi çətinliklərə baxmayaraq könül səadətinin, qəlbi sükunətin və vicdan rahatlığının zirvələrində yaşamışlar.

      Bu səbəblə mömin üçün hüzur və səadətin sirri əsla doymayacaq olan nəfsi doyurmağa çalışmaqda deyil, onu eqoistlikdən qurtarıb tərbiyə etməkdə gizlidir. Yusif Xas Hacibin Kutadqu Bilik adlı əsərindəki bu nəsihəti nə qədər hikmətlidir:

      “Ey böyük elm sahibi! Nəfsinin əsiri olma! Çünki nəfsin səni əsir etsə, qurtuluş fidyəsi olaraq dinini istəyər!..”]

       

      Mövlana həzrətləri buyurur:

      “Bunu yaxşı bil ki, dərmaların şahı aclıqdır. Aclığı canla-başla mənimsə, onu xor görmə! Bir çox xəstəlik aclıqla sağalar. Gözəl yeməklər belə, ac olmasan xoşuna gəlməz!

      Bir nəfər böyük iştahla boyat çörək yeyirdi. Başqa bir adam:

      “‒ O boyat çörəyi necə bu qədər iştahla yeyirsən?”, -deyə soruşdu. O da belə cavab verdi:

      “‒ Səbrin sonunda aclıq iki misli artdı və bu boyat arpa çörəyi belə mənə halva kimi ləzzətli oldu! Səbirli olduğum təqdirdə daim halva yemiş kimi olaram!”

      [Aclıq qəlbi yumşaldıb nurlandırarkən, həddindən artıq toxluq da qəlbə qatılıq verər, könlü qaraldar. Aclıq nəfsin azğınlıqlarına mane olub onun haqqa və xeyrə yönəlməsini asanlaşdırarkən, həddindən artıq toxluq isə mənəvi həssaslıqları korlaşdırar, ruhu daraldar, şüur və idrakın hikmət kanallarını tutar.

      Şeyx Şibli həzrətləri də bu həqiqəti təsdiqləmək baxımından:

      “Nə vaxt ac qaldımsa, qəlbimə hikmətdən açılmış bir qapı gördüm!” -buyurmuşdur.

      Əbu Süleyman Darani g də belə buyurur:

      “Hər şeyin pası var. Qəlbin pası da çox yeməkdir. Kim çox yeyərsə, bu altı bəla ilə qarşılaşar:

      1) Qıldığı namazdan ləzzət ala bilməz.

      2) Unutqan olar.

      3) Şəfqəti az olar. Çünki özü tox olduğu üçün başqalarının da tox olduğunu zənn edər.

      4) İtaət və ibadətlərə tənbəllik edər.

      5) Şəhvəti artıq olar.

      6) Müsəlmanlar məscidə getdikləri vaxt o, ayaqyoluna gedər.”

      Qısacası, maddi-mənəvi hüzur üçün nəfsi həddindən artıq doyurmaqdan uzaq durmaq lazımdır. Gördüyümüz kimi zəmanəmizdə maddi imkanlar baxımından bolluq içində yaşayan bir çox insan cismani və ruhani narahatlıq, doyumsuzluq, məmnuniyyətsizlik, şükürsüzlük və qəflət xəstəliklərinə tutulmuşdur. Bu xəstəliklərin ən mühüm səbəblərindən biri də nəfsləri həddindən artıq bəsləməkdir. Bunun müalicəsi haram və şübhəlilərdən çəkinməklə birlikdə halal nemətləri də kifayət miqdarında istifadə etməkdir.

      Qənaət əhli, səbirli, nəfsini cilovlayan bir qula halal dairəsi içindəki az bir ruzi də kifayət edər, könlünə dinclik verər. Lakin aclığın nə olduğunu bilməyən tamahkar bir adam isə heç bir nemətin qiymətini bilməz, ən ləziz qidalar belə ona dadsız gəlməyə başlayar. Bu səbəblə zəngin insanların da könül hüzuru və ruhi müvazinətləri üçün fəqir-füqəranı himayə edib, matəmlərin ətrafında olmaları, səfalət mənzərələrini görüb ibrət götürmələri lazımlıdır. Əks halda imkanlı insanlar şəfqət və mərhəməti unudaraq qatı qəlbə sahib olmaqdan qurtula bilməzlər.

      Necə ki, Misirdə şiddətli qıtlığın hökm sürdüyü günlərdə Yusuf u-dan belə soruşdular:

      “- Sən dövlətin xəzinələrinə hökm edən bir idarəçisən. Niyə özünü ac saxlayırsan?”

      O isə bu ibrətli cavabı verdi:

      “- Qarnım tox olsa, acların halını başa düşə bilməməkədn qorxuram!”

      Möminlərin sahib olmalı olduğu bu könül həssaslığına dair Şeyx Sədi Şirazinin ibrətli bir xatirəsi var:

      Bir dəfə Şamda dəhşətli qıtlıq ili oldu. Camaat pərişan vəziyyətdə idi. Bu əsnada Sədinin yanına imkanlı bir dostu gəlir. Həmin dostu qıtlıqdan əvvəl xeyli güclü-qüvvətli və iri cüssəli olmasına baxmayaraq, onu da zəifləmiş, solğun bir halda görüb mat qalır. Ondan nə üçün bu halda olduğunu soruşur. Dostu isə bu suala kədərlənib heyrətlə:

      “- Dostum! Kədərimin səbəbini bilmirsənsə, bu nə qəflətdir! Bilirsənsə nə üçün soruşursan? Görmürsənmi ki, bəla son həddə çatıb…” -deyir.

      Şeyx Sədi:

      “- Bilirəm! Lakin sən niyə bu qədər kədərlənib əriyirsən ki? Sənin hər şeyin var…” dedikdə kamil iman sahibi olan dostu belə cavab verir:

      “- Özü sahildə olduğu halda din qardaşlarının dənizdə boğulduğunu görən bir insanın qəlbi necə rahat ola bilər? Mənim bənizim müsəlmanların düçar olduğu bəlaya görə saralıb solub… Zavallı din qardaşlarımın pərişan halını gördükcə yediyim hər loğma boğazıma ilişir. Sanki zəhər uduram. Öz taylarını səfalət içində görən bir insan gülüstanda necə əylənə bilər? Ağlayan birini gördükdə mənim də gözüm yaşarır…”

      Biz də bu gün səfalət içində qıvrılan Fələstin, Suriya, Arakan və Afrika başda olmaqla zülm altındakı bütün müsəlman qardaşlarımız üçün həmin qəlbi həssaslığı nə qədər göstərə bilirik? Bunun üçün nəfslərimizi ciddi sorğu-suala tutmaq məcburiyyətindəyik. Çünki bu, hamımız üçün son dərəcə mühüm bir din qardaşlığı məsuliyyəti və axirət vəbalıdır. Unutmayaq ki, heç bir kölgənin olmayacağı qiyamət günündə Ərşi-Əlanın kölgəsi altında mühafizə ediləcək yeddi sinifdən biri də bir-birlərini Allah üçün sevən din qardaşları olacaq.[1] Bu qardaşlığın haqqэnэ verə bilmək isə bugьnkь kimi зətin zamanlarda ediləcək fədakarlэqlara baрlэdэr. Bu səbəblə məzlum, zərərdidə və zavallэ din qardaюlarэmэz ьзьn edəcəyimiz dualar, infaqlar və fədakarlэqlar -inюallah- Rəbbimizə həmd və юьkrьmьzьn də ən gцzəl əməli ifadəsi olacaqdэr.]

      Haqq-Təala hər birimizi din qardaюlarэnэn dərdləriylə dərdlənən, əlindən, dilindən və kцnlьndən ьmməti-Məhəmmədin faydalandэрэ comərd, fədakar, xidmətkar, əməlisaleh qullarэndan etsin…

      Amin!..

       


      [1] Bax. Buxari, Riqaq, 24.

       

      • Hits: 648 clicks

      Tecox component by www.teglo.info