Məsnəvidən / Kamran Məmmədov

      Share

      Su və insan

       
      Su murdar bir adama:
          - Ey murdar insan tələsərək yanıma gəl ki, səni təmizləyim, -dedi.
          Murdar adam:
          - Sudan utanıram, -dedi.
          Bunun üzərinə su:
          - Əgər utansan, necə təmizlənəcəksən, bu pisliyi məndən başqa kim təmizləyə bilər?, -dedi.
          
       Könül bədən hovuzunda palçığa bulandı, amma bədən könül hovuzunda təmizləndi.
       Bədən dəniziylə könül dənizi bir-birinə bitişikdir, lakin aralarında bir boğaz - bir pərdə - vardır, bir-birlərinə qovuşmazlar.
       
      Qəribə sual
       
      Bir nəfər gizlincə müftüdən soruşdu:
         - Bir kimsə namazda ikən fəryad edərək ağlasa, görəsən, namazı pozular? Namazda ağlamaq caizdirmi? 
         Müftü:
         - Adamın nə səbəbə ağladığına baxmaq lazımdır. Görəsən, adam nə gördü ki namazda hüzuri-ilahidə ikən ağladı. Əgər ağlayan adam o biri aləmi görərək, onun heybətiylə ağladısa, namazı daha məqbul hala gələr. Yox əgər bədənində hasil olan bir ağrıdan ötrü ağladısa, o zaman ip də qırıldı iynə də, nə namaz qaldı nə niyaz, -dedi.
       
       
      Ağlayan Göyərçin
       
      Bir gün yatırdım. Hava çox gözəl idi və sərin bir külək əsirdi, mən də o sərinlikdə uzanmış, mürgüləyirdim. Bu zaman palıd ağacına boz rəngli bir göyərçin qonmuşdu. O gözəl göyərçin məni çağırana qədər eləcə qalmışam.
         Oyandığım zaman göyərçin gözəl-gözəl oxuyur, ağlayıb dururdu. Əgər o ağlamağa başlamadan mən ağlamağa başlasaydım, sevgimdən fəryad edib dursaydım, peşman olmaz, təsəlli tapardım. Lakin nə fayda ki, o məndən əvvəl ağlamağa başladı, məni də ağlatdı.
         Düşündüm ki, fəzilət bu işi başladanadır.
       
       
      İBRƏTLƏR
      Şeytan və Mömin
       
      İlk zamanlarda şeytan insanlar arasında öz həqiqi siması ilə sərbəst gəzə bilirdi.
         Bir gün əsil möminlərdən biri yanına yaxınlaşaraq şeytanı sınamaq istədi. Mömin: “Ey şeytan, mən səni çox sevirəm. Eynilə sənin kimi olmaq üçün nə etmək lazımdır? Mənə söyləyərsənmi?” -deyə sözə başladı. Şeytan ov tutduğundan əmin olaraq sözə başladı. Əvvəlcə “Heyrət! Bu günə qədər mənim kimi olmaq istəyən bir adamla qarşılaşmamışdım. Sən necə istəyirsən bunu? Nə xoşbəxtsən sən! Səni təbrik edirəm.”, -dedi
         Sonra da özü kimi ola bilməyin yolunu belə göstərdi:
         “İlk işin namazı tərk etmək olacaq. Sonra da yerli-yersiz and içəcəksən.”
         Bütün bunları can qulağıyla dinləmiş kimi görünən mömin belə dedi: “Ey Şeytan, mən Allaha namazımı tərk etməyəcəyəm, əsla dilimi and içməyə alışdırmayacağam deyə kişi sözü verdim. Sözümdən məni kimsə daşındıra bilməz.”
         Birdən tora salınaraq aldatma və ovlama üsulları meydana çıxarılmaq istəndiyini anlayan Şeytan başına qaynaR su tökülmüş kimi çaşıb qaldı və:
         “İndiyə qədər səndən başqa heç kim məni tələyə salıb, insanları necə aldadıb ovladığımın üsullarını öyrənə bilməmişdi. Artıq bundan sonra öz simamla insanların arasında gəzməyəcəyəm və heç kimə də aldatma üsullarımı açıqlamayacaöam”, deyə and içdi.
       
      Bu gün cümədir
       
      Yolda qarşılaşdığımız zaman azan oxunurdu. “Gəl səni məscidə aparım”, dedim, “bu gün cümədir, bilirsən”. “Sən də mənim məscidə getmədiyimi bilirsən,” -dedi. “Bilirəm, amma səbəbini öyrənmək istəyirəm”. “Nə bilim, alınmır”, -dedi. “Şalvarımın ütüsü pozular, dizləri çıxar deyə narahat oluram.” Qeyri ixtiyari gülməyə başladım. “Hərhalda zarafat edirsən”, -dedim. “Bunun üçün də məsciddən uzaq qalarlar?” “Ciddi söyləyirəm. Geyimimə və xüsusilə yaşıl rəngə düşkün olduğumu bilirsən”, -dedi. Həqiqətən elə idi. Geyindiyi bir-birindən gözəl paltarları mütləq yaşılın bir başqa tonundan seçər və hər zaman ütülü olmasına diqqət edərdi. “Yaxşı, ömründə heç məscidə getmədinmi?”, -dedim “Uşaq ikən babamla bir neçə dəfə getmişdim”, cavabını verdi. Yəqin o vaxtlar şalvarımın dizlərinin sürtülərək xarab olacağından  narahat olmurdum. Lakin artıq məscidə gedə biləcəyimi zənn etmirəm”. Söylədikləri məni son dərəcə çaşdırmış və bu mövzunu açdığıma peşman etmişdi. Daha sonra görüşüb ayrıldıq. Onunla danışmamızdan 2 ay sonra, məsciddə olduğunu dedilər. Dərhal getdim. Bağçadakı namaz səflərinin ən önündə dayanmışdı, əynində yenə yaşıllar vardı. Yavaşca yanına yaxınlaşdım və alçaq səslə qulağına: “Bəs məscidə gəlməyəcəkdin?” Heç səsini çıxarmadı. Çünki müsalla daşının üstündə, yaşıl parça ilə örtülü bir tabutun içində yatırdı. “HƏR NƏFS ÖLÜMÜ DADACAQ.”
       
      • Hits: 639 clicks

      Tecox component by www.teglo.info