Bir Gün Qocalar Evində / Nurlan MƏMMƏDZADƏ

      Share

      Əslində jurnalımızın bu səhifəsində Qocalar Evində yaşayan, daha doğrusu, övladları tərəfindən tərk edilən kimsəsiz, yaşlı insanlardan götürdüyümüz müsahibələr yer alacaqdı. 

      Amma onların yerinə mən yazmalı oldum...

      Səhər tezdən Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri Üçün Pansionata yollandıq. Müharibə və əmək əlilləri dediyimizə baxmayın. Əslində belə adlansa da hamı buranı qocalar evi kimi tanıyır. Bəli, böyüyüb boya-başa çatdırdığı övladı tərəfindən küçələrə atılan, ən yaxşı halda isə öz əlləri ilə gətirlib pansionata yerləşdirilən qocaların məskunlaşdığı məkan...

      Darvazadan içəri daxil oluruq. İlk növbədə həyətdə ağacların altına yerləşdirilmiş bir neçə nəfərlik skamyalar və kölgəliklər dəyir gözümüzə. Darvazaya yaxın yerlər boş olsa da həyət boyu irəlilədikcə tək-tük adamların bu skamyalarda əyləşib xəyala daldığının şahidi oluruq. Çölə açılan qapıya yaxın getməyərək dünyanın bir küncüə çəkilirmiş kimi insanlardan gizlənirdilər sanki. Onları bu vəziyyətə salan övladlarının yerinə onlar utanırdı bir növ. Ən yaxşı halda ikibir, üçbir oturub nədənsə söhbət edir, gileylənir, bəziləri isə sanki heç nə olmayıbmış kimi deyib-gülməyə çalışırdı. Öyrəndiyimizə görə pansionatın şəraiti qənaətbəxşdir. Həyətin və dəhlizlərin səliqəli, təmiz olması da bu faktı təsdiqləyirdi. Onlar üçün yeni binanın tikintisi isə dövlət qayğısının yüksək səviyyədə olmasından xəbər verirdi. Amma bütün bunlara baxmayaraq dəniz yaxınlığında yerləşən, havası təmiz olan bu səfalı guşədə bir bədbinlik ab-havası hökm sürürdü. Burada olduğum bir neçə saat ərzində özümü sanki adaya atılmış kimi hiss edirdim. 6 milyard insandan ibarət böyük bir bəşəriyyət dənizinin ortasında kimsəsiz, tənha bir adada...  

      Sakamyaların birində üzü mənə yad gəlməyən bir qoca görürəm. Yaxınlaşdıqda xəyala dalmış, qoltuqağacını skamyaya söykəyib qara-qara düşünən tənha İlyas dayını tanıyıram. Təxminən 3 il bundan əvvəl bir televiziya verilişində iştirak etmişdik onunla. Bu bir ayağı olmayan, övladları tərəfindən kimsəsizliyə tərk edilmiş İlyas dayını o vaxt çox şən, danışıb-gülən bir adam kimi tanıyırdım. İztirablı həyat yolu keçsə də özünü ətalətə buraxmaması, həyatla mübarizə aparması məni çox sevindirmişdi hələ onda. İndi yenə qarşımda idi İlyas dayı. Danışan adam olduğu üçün onu gördüyümə çox sevinmişdim. Yaxınlaşıb salam verdikdən sonra “Yadınızdadırsa bir neçə il əvvəl televiziya verlişində tanış olmuşduq”, demişdim ki, sanki məramımı başa düşüb “Ay oğul, mən artıq bir ildir ki, bu işləri buraxdım”, -dedi. Onu ələ almaq üçün nə qədər çalışsam da “Hər şey boşdur, qoy oturum oturduğum yerdə”, -deyərək müsahibə verməkdən boyun qaçırdı. Çox da incitmədən sağollaşıb ayrıldım. Bir az irəlidəki skamyada əyləşib dərdli-dərdli siqaretini tüstülədən digər qocaya yaxınlaşdım. Salamlaşıb məramımı başa saldım: “Biz sizlərdən müsahibə alırıq ki, keçirdiyiniz hissləri insanlarla paylaşaq. Bəlkə valideynindən bezən nanəcib gənclər oxuyub, təsirlənər, onları tərk etməkdən daşınarlar”. Mənimlə razılaşdı, “diktafonu aç”, -dedi, və əlavə etdi: “məqsədin xoşuma gəldi”. Dərindən gələn səsi xırıltılı idi. Soruşdum ki, hansı rayondansınız? “Gürcüstandanam”, -deyə cavab verdi və fikrə getdi. “Adınız, soyadınız nədir?” sualıma cavab vermək istəsə də qəhər onu boğdu. İçin-için ağlamağa başladı. Səsi çıxmırdı, amma gözləri yaşarmış, sinəsi hönkürtü ilə ağlayan adamların sinəsi kimi qalxıb-düşürdü. Nəsə demək istəsə də deyə bilmədi. Sanki adını da unutmuşdu. Yaxud da özü ilə eyni familiyanı daşıyan nanəcib övladlarını da yad edər deyə qorxduğunu düşündüm öz-özümə. Çünki artıq özünü o ailədən saymırdı. Onu tərk edənlərə üsyanın səssiz hayqırışı idi bu süküt. Gəldiyimə peşman olmuşdum artıq. Bir anlıq ondan kənarlaşıb mən də ürəyimi boşaltmaq istədim, amma səbirli olmaq lazım idi. Zorla üzümə təbəssüm ifadəsi verib “Ağlama dayı, Allah sizinlə bərabərdir. İnsanlar tərk etsə də O, öz bəndələrini yalnız buraxmaz”, dedim və ondan ayrıldım.

      Bir az qabaqdakı skamyada üç nəfər oturmuşdu, onlar da müsahibədən boyun qaçırdılar. Aralarındakı yaşlı qadın “Nəyi yazacaqsınız ey, nə deyək?”, -deyib gileyləndi. Amma dönə-dönə pansionatın müdirini təriflədilər: “Bax, Bəhruz müəllim kişi adamdı, bunu mütləq qeyd edərsən. O bizə atadır, qardaşdır, arxadır”.

      Nəhayət, iki qocanın oturduğu kölgəliyə yaxınlaşdım. Hal-əhval tutub məqsədimi açdım. Adlarını deməyən bu qocalardan biri ilə aramızda aşağıdakı dialoq keçdi:

      - Əmi, buraya necə gəlmisiniz?

      - Oğul, alın yazısından qaçmaq mümkün deyil. Hərənin bir cür taleyi var. Bizim qismətimizdə buranın havasını udmaq, suyunu içmək vardı ki, indi buralardayıq. Hərənin bir dərdi var, bir problemi var.

      - Hardansınız?

      - Gürcüstandan.

      - Çoxdan burdasınız?

      - 6 ildi.

      - Bəs Azərbaycana nə vaxt gəlmisiniz?

      - 6 ildi.

      - Yəni birbaşa bura gəlmisiniz...

      - Bəli.

      - Necə oldu ki, bura gəlməli oldunuz?

      - Mənim Gürcüstanda evim-eşiyim, hər şeyim vardı. Hamısını qoyub, baş götürüb bura gəldim. Küçədə gəzib özümə qalmağa yer axtarırdım. Bir nəfər sənin kimi cavan oğlanla rastlaşdım. Sağ olsun, mənə köməklik etdi, nazirliyə apardı, sonra bura düzəltdi.

      - Uşaqlarınız vardımı Gürcüstanda?

      - Hər şeyim vardı. 3 oğlum, 3 qızım vardı. Hər şeyimi verib tərk elədim onları. Gördüm ki, artıq onlarla yaşamaq mümkün deyil.

      - Burda gününüz necə keçir?

      - Belə də. Dövlət başçımız sağ olsun, Bəhruz müəllim də sağ olsun. Hər qayğını göstərirlər. Amma təklik hissi başqa şeydi. Hərənin bir dərdi var, nə deyim...

      - Neçə yaşınız var?

      - 1937-ci ildənəm. Sağlam adam olmuşam. Amma bura gələndən sonra ürək xəstəliyi tapdım.

      - Gənclərə nə tövsiyə edirsiniz? Valideynlərinə qarşı necə olsunlar?

      - Oğul, bunlar hamısı boş söhbətdi. Tövsiyə ilə düzələn deyil. Mənim düşüncəmə görə elə şeylər yoxdu. Mən övladlarıma hər şeyi vermişdim. Tərbiyə də eləmişdim. Amma axırı belə gətirdi. Mən təkcə Yaradana sığınmışam.

      - Uşaqlarınız gəlir yanınıza?

      - Hərədn gəlirlər, ildə bir dəfə, ya iki ildə bir.

      - Heç təklif edirlərmi ki, ay ata, gəl səni evə aparaq?

      - Yox. Xasiyyətimə yaxşı bələddilər. bilirlər ki, yox dedim qurtardı. Mənim qəlbim sınıb bir dəfə. Gərək qəlb sınmaya. Sındı, qurtardı.

      - Sizcə aparmaq istəyərlər?

      - Ağlım kəsmir.

      - Sağ olun!

      - Sən sağ ol, ay oğul! Allah amanında. Sənə xoşbəxt ailə arzulayıram. Heç vaxt əskik olmayın...

      Bu, mənim Qocalar Evində görüşdüyüm son adam oldu. Az bir vaxt ərzində burda eşitdiklərimi götür-qoy edə-edə məni gətirən maşına sarı addımladım. Burda keçirdiyim bir neçə saat mənə bu qədər təsir etmişdi. Gör bütün ömrünün qalan hissəsini burda keçirənlər nə çəkirlər! Darvazaya tərəf gedərkən boş sakamyaların üstündə sanki vaxtilə burda yaşayıb vəfat etmiş insanları da xəyal edirdim...

      Düşünürəm ki, bəzən həyatın bu üzünü də gedib görmək lazımdır. Mən gördüm və sizin də görməniz üçün ürək ağrısı ilə ora bir pəncərə açdım. Siz necə, görə bildinizmi?..       

         

      • Hits: 834 clicks

      Tecox component by www.teglo.info