Zöhd, Təqva Və Elm Adamı İmam Əhməd Bin Hənbəl / İbrahim Erol

    PDF faylını alÇapE-poçt

      Share

       

      İslam dininin ən böyük fəqihlərindən olan Əhməd bin Hənbəl hicri 164, miladi 780-ci ildə Bağdadda dünyaya gəlmişdir. Əhmədin doğulmasına az qalmış Hənbəl ailəsi Sərahs vilayətindən Bağdada köçüb burada məskunlaşmışdır. Atası vəfat etdiyinə görə təlim-tərbiyəsi ilə anası məşğul olmuşdur.

       Hələ kiçik yaşlarında Quranı əzbərləyərək hafiz olan Əhməd bin Hənbəl ərəb dilini və hədis elmlərini öyrənmişdir. Həzrət Peyğəmbərin və əshabın həyatını daha dərindən araşdırmışdır.

      Elm öyrənmək əzmiylə Bəsrə, Kufə kimi dövrün elm mərkəzlərini gəzmişdir. 3 il İmam Şafei həzrətlərindən dərs almışdır. İmam Şafei onun haqqında “Bağdadan ayrıldım və arxamda Əhməd bin Hənbəldən daha fəzilətli birini qoymadım.” –demişdir. Əhməd bin Hənbəl sonrakı illərdə Əbu Hənifə həzrətlərinin tələbəsi olan məşhur qazı Əbu Yusufdan  dərs almışdır. Bu elmi səviyyə ilə birlikdə hədislərdən hökm çıxarma və həmin hökmlərə başqa mövzuları qiyas edə biləcək qədər fiqhə hakim olmuşdur.

      Əhməd bin Hənbəl eyni zamanda üstün əxlaq və heç kimi incitməyəcək bir xarakter sahibi idi. Elmi, sahib olduğu zöhd və təqvası səbəbiylə söhbətlərində beş min adamın iştirak etdiyi rəvayət olunur. Allaha bağlılığı səbəbiylə hədsiz dərəcədə təvazö sahibi idi. İnsanlara kömək etməyi sevərdi. Hamının dərdinə əlac olmağa çalışardı. Yoxsul insanları himayə edərdi. Bi iş görərkən tələsməzdi. Vüqarlı, təmkinl idi. Məscidə gedəndə ön səfə keçməyə can atmazdı. Harda boş yer varsa, orada oturardı. Çox ibadət edər, hər gecə Quranın yeddidə birini oxuyardı. Yatsı namazından sonra bir az yatar, ardınca səhərə kimi ibadətlə məşğul olardı. Gecə namazını tərk etməzdi. İnsanlara yük olmazdı, yeməyə heç nə tapmadıqda heç kimə əl açmazdı. Çox vaxt yoxsulluq səbəbiylə çörəyini sirkə ilə yeyərdi. Onu daha çox məsciddə, cənazə namazında və xəstə ziyarətində görərdilər. Ucuz parçadan libas geyinər az yeyərdi. “Öləcək olan üçün bunlar da çoxdur” –deyərdi.

      Tez-tez tələbələrinə belə deyərdi: “Elm insanlara su və çörək kimi lazımdır. Elm rəvayət, quru məlumat və savadın çoxluğu deyil. Elm faydalı olan və əməl edilən şeydir.” Həmçinin belə deyərdi: “Bəndənin qəlbini islah etməsi üçün yaxşılarla bərabər olması qədər faydalı bir şey yoxdur. Bəndənin fasiqlərlə birlikdə olması qədər də zərərli bir əməl yoxdur.”

      Əhməd bir Hənbəl əsl hədis alimi idi. Başqa bir dəlil olmadıqda zəif hədisləri dəlil sayaraq onlarla əməl edərdi. Çünki zəif hədislə uydurulmuş hədis eyni şey deyil. Hansısa mövzu haqda ayə və hədis olmadıqda qiyas edərdi. Xüsusilə bir məsələnin əksinə ayə, hədis və ya səhabə sözü kimi dəlillər yoxsa, o mövzuda “məsləhət”i, yəni cəmiyyətin faydasını  əsas götürərdi. 

      Dövründə böyük günah işləyənlərin kafir olacağını söyləyənlərə qarşı o böyük imam və elm adamı bugünün özündə belə bizə dərs və ibrət olacaq cavablar vermişdir. O, belə deyirdi: “Mömin öz halını Allaha həvalə etməlidir. (yəni Allaha inanan insan başqası bir tərəfə, öz haqqında belə “sən müsəlmansan” və ya “kafirsən” deyə hökm verə bilməz, verməməlidir.) Günahlar Allahın məğfirət qapısını bağlamaz. Hər şeyin – xeyir və şərin Allahın qəza və qədəriylə olduğunu bilir. Yaxşılıq edən üçün Allahdan ümidini kəsməz, pislik edənin də aqibətindən qorxar. Məhəmməd ümmətindən heç kim etdiyi yaxşılıq səbəbiylə cənnətə və qazandığı günah səbəbiylə cəhənnəmə girməz. Bu xüsusda Allahın istədiyi olar.”

      Günümüzə işıq tutacaq bir məsələ də Əhməd bin Hənbəlin oxunan Qurandan hasil olan savabın ölənlərin ruhuna bağışlanması ilə bağlıdır. Əhməd bin Hənbəl qəbirdə Quran oxunmasını əvvəlcə bidət saymış, lakin daha sonra bu fətvasından dönərək qəbirlərdə Quran oxumağı və bu qiraətdən hasil olan savabın ölülərin ruhuna bağışlanmasını mübah və halal saymışdır. 

      Əhməd bin Hənbəl Məhəmməd bin Qudamə əl-Cövhəri ilə bir cənazənin dəfnində iştirak edirdi. Məzarlıqdan ayrılarkən qəbrin başında kör bir adamın Quran oxuduğunu görüb “Ey filankəs, qəbirdə Quran oxumaq bidətdir”, -deyərək qiraətinə mane olmuşdu. Bunun üzərinə Məhəmməd bin Qüdamə Əhməd bin Hənbəldən, Mübəşşir bin İsmayıl əl-Hələbidən gələn bu hədisi onun özünə oxumuşdur.

      Səhabədən Ləclac (r.a) (120 / 738) oğluna vəsiyyət edərkən belə demişdi: “Oğlum, mən öləndə məzara dəfn et. Məni məzara qoyanda “Bismillah və alə milləti Rəsulillah” -de.  Sonra da üstümə torpaq atıb düzəlt. Daha sonra da baş tərəfimdə Bəqərə surəsinin əvvəlini və son qismini oxu. Çünki Həzrət Peyğəmbərin belə dediyini eşitdim.” Bunu eşidən Əhməd bin Hənbəl qəbirdə Quran oxumağın bidət olduğunu dediyi adamın çağırılmasını və qiraətinə davam etməsini istəmişdir. Həmçinin Əhməd bin Hənbəlin belə dediyi nəql edilmişdir:

      “Qəbiristanlığa girdikdə Ayətəl-Kürsi və üç dəfə İxlas surəsini oxuyaraq belə dua edin: Allahım! Onun savabını bu qəbir xalqına çatdır.”

      Başqa bir rəvayətdə isə Əhməd bin Hənbəl “Fatihə surəsini, Muavizəteyn və İxlas surələrini oxuyun. Sonra da bunu qəbir sakinlərinə bağışlayın! Çünki o, ölülərə çatar.” –buyurmuşdur.

      Uca Allah bizə bu böyük alimləri anlamağı və cənnətdə onlarla birlikdə olmağı nəsib etsin. Amin.

      • Hits: 874 clicks

      Tecox component by www.teglo.info