Məsnəvidən / Kamran Məmmədov

      Share

      Şeyx əl-Aqta

      Dağlarda yaşayan bir dərviş vardı. Dostu və yoldaşı tənhalıq idi. Dağlarda bitən meyvələrdən yeyərək həyatına davam edirdi. Bir gün:

      “- Ya Rəbb! Sənə əhdim olsun! Ağaclardan meyvə qoparmayacağam, ancaq yerə düşənləri toplayıb yeyəcəyəm” -demişdi.

      Əhdinə, verdiyi sözə bir müddət davam etdi. Sonra küləyin heç əsmədiyi günlər gəldi. Dərviş tam beş gün səbir etdi. Meyvə ağacını silkələmədi. Aclığı get-gedə şiddətlənirdi. Ağacın bir budağında bir neçə meyvə gördü. Özünü saxlamağa çalışdı. Bu arada külək o budağı əydi. Dərvişin nəfsi qalib gəldi. Aclıq onu verdiyi sözə vəfasız çıxardı. Əhdini unutdu, budaqdakı armudu qoparıb yedi.

      O əsnada iyirmiyə yaxın quldur soyduqları var-dövləti öz aralarında bölüşdürmək üçün yaxınlıqda dayandılar. Bir nəfər də əsgərlərə quldurların yerini xəbər vermişdi. Əsgərlər gəlib oradakıları tutdular. Dərvişi tanımadıqları üçün oğrularla birlikdə onu da tutdular. Əsgərlərin böyüyü soyğunçu oğruları görüb qəzəbləndi. Cəllada belə əmr etdi:

      “- Hamısının əl-ayağını çarpaz kəsin!”

      Cəllad əmri alar-almaz oğruların əl-ayağını kəsməyə başladı. Növbə dərvişə çatdıqda əvvəlcə əlini kəsdilər. Dərviş qəlbində belə dua etdi:

      “- İlahi! Əlim bir günah işlədi, ayağımın günahı nədir?”

      Cəllad ayağını kəsmək istəyərkən yüksək rütbəli atlı bir komandan gəlib imdada yetişdi. Cəllada:

      “- Özünə gəl, ey adam!” dedi, “bu filan şeyxdir. Niyə onun əlini kəsdin?”

      Cəllad üst-başını cırmağa, dizinə döyməyə başladı. Tez qaçıb əmri verənə vəziyyəti xəbər verdi. O da ayaqyalın şeyxin hüzuruna gəlib üzr istəməyə, yalvarmağa başladı:

      “- Allah şahiddir ki, tanıya bilmədim. Məni bağışla.”

      Şeyx belə cavab verdi:

      “- Mən bunun səbəbini bilirəm, günahımı anlayıram. Mən Ona verdiyim yəminə (anda) hörmətsizlik etdim. O da mənim yəminimi (sağ əlimi) kəsdirdi. Sənə haqqımı halal etdim, sən bilmədən etdin.”

      O zamandan sonra o şeyxin adı “Şeyxi-Aqta” qaldı, yəni “Əli Kəsik Şeyx”.

       

       

       

       

      İBRƏTLƏR

      İtirilmiş fəziləti qazanma yolları

      Sahabələrdən bəzilərindən rəvayət edildiyinə görə, səkkiz gözəl işi görə bilməyən başqa səkkiz işi görməlidir ki, itirdiyinə qovuşa bilsin.

      1. Bir nəfər gecə ibadətinin fəzilətinə nail olmaq istəyirsə gündüz günah işləməsin, Allaha üsyan etməkdən çəkinsin.
      2. Oruclu olmadığı halda nafilə bir orucun savabına nail olmaq istəyən dilinə sahib olsun.
      3. Alimlərin fəzilətinə nail olmaq istəyən çox təfəkkür etsin.
      4. Evində oturduğu halda mücahid və qazilərin savab və mərtəbəsinə  çatmaq istəyən şeytanla mucadilə etsin.
      5. Sədəqə verməyə maddi gücü çatmayan, amma sədəqə verənlərin fəzilətinə çatmaq istəyən eşitdiyi, bildiyi elmləri insanlara öyrətsin.
      6. Həccə getmək imkanına malik olmadığı halda həcc savabı almaq istəyən cümə namazlarına davam etsin.
      7. Əhd edənlərin savabına çatmaq istəyən insanların  aralarını düzəldib barışdırsın, onların arasına kin və düşmənçilik toxumları səpməsin.
      8. Allah dostlarının fəzilətinə çatmaq istəyən əlini qəlbinin üstünə qoysun və özü üçün arzuladığını hər kəs üçün arzulasın.

       

      Şeytanın üç silahı

      Bəni İsrail qövmündən bir abid vardı. Şeytan onu nə qədər aldatmağa çalışsa da gücü çatmadı. Bir gün həmin abid yola çıxdı. Şeytan onun yanından ayrılmırdı. Bir fürsət tapıb onu yaxalamaq istəyirdi. Şəhvət və qəzəb tərəfindən hücum etdi, gücü çatmadı. Bu dəfə onu qorxutmaq istədi. Dağdan böyük bir qaya parçasını keçdiyi yola yuvarladı. Abid o qaya parçasını görüncə Allahın adını çəkdi, xilas oldu. Şeytan vəhşi bir heyvan cildinə girdi. Abid isə Allahın adını çəkdi, xilas oldu.

      Sonra şeytan ilan şəklinə girdi. Ayaq ucundan başlayıb yuxarı doğru çıxdı. Bütün bədəninə dolandı. Daha sonra başına çıxdı. Səcdə edəcəyi zaman yerə enir, ağzını açıb abidi udmaq istəyirdi. Abid isə ondan qorxmur, əli ilə onu kənara itələyir və səcdəsini edirdi. Namaz bitdikdən sonra şeytan açıqdan gəldi. Abidə belə dedi:

       “- Sənə gücüm çatmadı. Bu gündən sonra səninlə dost olacağam. Səni yolundan azdırmayacağam.”

      Abid ona belə cavab verdi:

      “- Məni qorxutmaq istədiyin zaman Allaha həmd etdim. Səndən qorxmadım. Sənin dostluğuna ehtiyacım yoxdur.”

      Şeytan abidə dedi:

      “- Niyə soruşmursan ailənə səndən sonra nələr olacaq?”

      Abid cavab verdi:

      “- Mən onlardan əvvəl öləcəyəm.”

      Şeytan dedi:

      “- Adəm oğullarını necə azdırdığımı soruşmayacaqsanmı?”

      Abid dedi:

      - Bəli soruşuram. “Onları necə azdırdın. Özünə necə tabe etdin?”

      Şeytan abidə dedi:

      “- Adəm oğlunu üç şeylə aldadıram: Xəsislik, qəzəb və sərxoşluq.

      Bir insan xəsis olarsa, ona malını az göstərərəm. O insanlara haqqını verməz, xalqın əlindəki mala göz dikər.

      Biri əgər qəzəbli olursa, onunla uşaqların topla oynadığı kimi oynayaram. Qəzəbli adam duası ilə ölüləri də diriltsə yenə ondan ümid kəsmərik. O nə qədər gözəl işlər görsə də biz onun ağzından çıxan bir kəlmə ilə etdiklərini alt-üst edərik.

      Bir adam sərxoş olanda isə, onu istədiyimiz kimi minib-çaparıq. Bir qoyunun qulağından tutub istənilən yerə apardığı kimi, onu istədiyimiz yerə apararıq.

       

       

      • Hits: 1034 clicks

      Tecox component by www.teglo.info