Bir Ürəyin Fəryadi / Salih Zeki Meriç

      Share

      2010-cu il, iyul ayı… İstanbulun Fatih Camesindəyəm… Camenin bağçası insanla doludur. Bir tərəfdə dilənçilər, bir tərəfdə ətir satan yaşlı insanlar və 

      bir də Fatih Camesinin illərdən bəri dəyişməyən klassik qocası: türbənin qapısında qəzet satan kor və yaşlı adam. On iki yaşımdan bəri getdiyim bu camedə eyni səs tonuyla, eyni oturuş tərziylə qəzet satmaqdadır. Qəzet alanlar da qəzet almaq üçün deyil, yaşlı adama yardım məqsədiylə alırlar.

       

      ***

      Azan oxunmağa başlayır. Minarələrdən yüksələn səs məni on beş il əvvələ aparır. İmamxətibdə oxuduğum illər bir film kimi gözlərimin önündə canlanır. Camenin içi kifayət qədər sərindir. Namazda uşaqlar, qadınlar, gənclər və yaşlılar… Bütün yaş siniflərini birləşdirən yeganə dəyər: İslam.

      Namazdan sonra camaat bir-bir dağılır. İsti havada çölə çıxmağa heç niyyətim yoxdur. Camenin bir küncünə çəkilib həm istirahət, həm də təfəkkür etmək niyyətindəyəm…

      Düz yanımda 20-25 yaşlarında bir gəncin oturduğunu və mənə baxdığını fərq etdim. Göz-gözə gəlməmək üçün çalışsam da qarşımdakı gənc bütün diqqətini mənə yönəldərək nə isə deyəcəkmiş kimi baxmağa davam edir. Bir neçə dəqiqə keçmədən yaxınlığımdakı gənc bütün cəsarətini toplayaraq:

      - Abi, mənə bir az yardım edə bilərsinizmi? –deyir.

      Yuxunun ağırlığından yumulmaq üzrə olan gözlərim qeyri-ixtiyari açıldı və səsin sahibinə tərəf baxdım. Əynində çoxdan yuyulmadığı bəlli olan bir köynək və cins şalvar var. Diqqətlə onu süzdüm. Almacıq sümükləri çıxmış, saçları toz içində, üzündə yorğunluq və halsızlıq müşahidə edilir. Baxışlarında bildiyimiz sərsərilik ifadəsi yoxdu. İfadə tərzi çox nəzakətli idi.

      Diqqətlə baxdığım gəncin üzündə minlərlə gəncin ifadəsini gördüm. Sonradan adının Ömər olduğu və on ildən bəri küçələrdə yaşadığını öyrənmək məcburiyyətində qaldım. Ürəyim sızladı. Özümü onun yerinə qoydum. Onun yerində mən olsaydım… Mən də on ildən bəri küçələrdə ac-susuz yaşamaq məcburiyyətində qalsaydım, mən də illərdən bəri ana şəfqətinə, ata qucağına möhtac qalsaydım, əcəba dünyaya hansı gözlə baxardım? İnsanlara nə qədər məhəbbət bəsləyərdim və nə qədər nifrət edərdim?

      Ömər yanıma gəldi. Heç tanımadığı halda dərdlərini mənə açdı. Dərdini danışdıqca mənim küllənmiş mərhəmət dağlarım vulkan kimi püskürməyə başladı. Sözünə belə davam etdi:

      - Neçə gündür bir tikə çörək yemədim. Burada polis dostlarım var, onlar bəzən yardım edirlər sağ olsunlar. –dedi. Vəqf Quraba xəstəxanasında müalicə olunuram. Bir həkim var yardım edir. O da sağ olsun. Bizim həqiqətən yardıma ehtiyacım var. İnsanlar bizi televizorda gördükləri ilə qarışdırırlar. Onlara da haqq verirəm. Əsl ehtiyac sahibinin kim olduğunu hardan bilsinlər axı?.. Uzun-uzadı dərdlərindən danışdı. Bir azcıq istirahət üçün getdiyim Fatih Camesində bu hadisə ilə qarşılaşmağım bəzi şeylərin yenidən mühasibəsini etməli olduğuma / olduğumuza inandırdı məni. Biz nə qədər nankor bəndələrik ki, Allahın verdiyi o qədər nemətin qarşısında qənaətsizlik edirik. İçimizdəki azğın nəfsin sözünə qulaq asıb maddi cəhətdən davamlı olaraq özümüzdən yuxarıdakılara baxırıq və qənaətsizliyimizi artırdıqca artırırıq. Halbuki bu mövzularda daim şükür əhli olmalı və özümüzdən daha imkansız olanlara baxmalı, baxdıqca da Rəbbimizə təşəkkürümüz həmişəkindən daha çox olmalıdır.

      Ömərin halı ürəyimi ağrıtmağa kifayət etmişdi. Daha nə qədər Ömər vardı yaşadığımız dünyada. Neçə-neçə küçələrdə neçə gənc ümidlərin həyatı yox olurdu. Bu gün cəmiyyətin əxlaqi rəngi dəyişmişsə bunun yeganə günahkarı hər halda bizik. Bunun günahkarı Ömər deyil. Öməri bu gənc yaşında qürurunu ayaqlar altına ataraq diləndirməyə sövq edən bizim laqeydliyimizdən başqa bir şey deyil əlbəttə. Ömər məni ürəyimin başından vurmuşdu. Ürəyimin ən dərin yerində küllənmiş yaralarıma duz basmışdı. Yaşadığımız cəmiyyətdə bu qədər Ömərlər varkən mən qıldığım namazı təkrar sorğuya çəkməli deyiləmmi? Yaradanın qullarına qarşı vəzifəmizi yerinə yetirmədən Yaradana qarşı qulluğumda necə iddialı ola bilərəm axı? Ətrafımda bu qədər ac-susuz, evsiz-eşiksiz, kimsəsiz varkən alnımı səcdəyə qoyub, Rəbbimdən özüm üçün necə ev-eşik istəyə bilərəm?! 

      Ömərin nifrət dolu baxışları hələ də gözümün önündən getmir. Çarəsizlik, sayılmamaq onun nifrət duyğularını o qədər mahmızlamışdı ki, insanlara, xüsusilə zənginlərə nifrət edirdi. Özünə nifrət edirdi... Çünki on il küçələrdə yaşamaq ancaq dildə asandır. Yaşamayan hardan bilsin?

      İslamın vəqf müəssisələrini daha çox hərəkətə keçirməliyik, zənginlərimizin daha çox həssas olması üçün infaq məsələsinin hər cəhətdən anlaşılması lazımdır. Paylaşma duyğusunu hər yaşdakı insanımızın yaxşıca dərk etməsi və qəlblərdə hiss edilməsi lazımdır.

      Bu gün ölkəmizdə küçə uşaqları var. Və bu sahədə bir çox fəaliyyət həyata keçirilir. Amma gəlinən nəticədə bunu görürük ki, sözügedən çalışmalar kifayət etmir. Və bizim bilmədiyimiz, görmədiyimiz neçə-neçə körpə bədənlər küçələrin qaranlıq guşələrində hədər olmaqdadır. Bu kimsəsizlərin kimsəsi olmaq və onlara ana şəfqətli bir əl uzatmaq təbii ki, hər birimizin vəzifəsidir. Bu vəzifə şüuru ürəyimizdən gəlməlidir. Doğma qardaşımızın küçədə kimsəsiz qalmasına ürəyimiz razı olmadığı kimi bütün kimsəsizləri də doğma qardaşımız bilməliyik. Ömərin hekayəsi bu səhifələrə sığacaq qədər bəsit deyil təbii ki. Əslində onun da bu səhifələrdə bəhsinin keçməsi kimi bir dərdi yoxdur. Öz halı, öz dərdi ona kifayətdir…

      Biz nə edirik, nə etməliyik? Əsl soruşulacaq məsələ budur. Bu mövzuda əsli vəzifəmizi ifa etdiyimiz təqdirdə Fatih Camesinin həyətində Ömərlər dilənməyəcək və bizi vurmağa gələn minlərlə Ömər bu səfər bizi diriltməyə, bizimlə dirilməyə gələcəkdir…

       

       

       

       

       

      • Hits: 1060 clicks

      Tecox component by www.teglo.info