Nəfsini Qurban Et! / Dr. Abbas QURBANOV

      Share

      Qurban insanın öz nəfsini Allaha qurban etməsidir. Qurban Həzrət İsmayıl kimi özünü İlahi əmrə əmanət etmə sədaqətinin rəmzi ifadəsidir. Qurbanlıq heyvana əziyyət vermədən, 

      üzü qibləyə tərəf kəsmək üçün uzadılanda belə niyyət edilir.

         “Ya Rəbbim! Bu bədənim sənə qarşı o qədər xəta, o qədər üsyan etdi ki, bağışlanmağım üşün bu bədəni sənə qurban etsəm azdır. Lakin sən şəriətinlə insanı qurban etməyi haram buyurduğuna görə bədənimin əvəzinə bu heyvanı kəsirəm, qəbul et, ya Rəbb. Bismillah, Allahu Əkbər.”

         Qurban nəfsani arzuların və şeytani duyğuların kəsilib atılmasının nişanəsidir. Qurban kəsən adam artıq yüksək duyğulara və ülvi düşüncələrə sahib olar, bayağı fikirlərin təsirindən qurtular. Qurban savabını qazanan hər bir kəs insan olaraq alçalmayacaq, ucalacaq, geriyə addım atmayacaq, irəliləyəcəkdir. Hər kəsin öz qurbanını şəxsən kəsməsi ruhi mətanətini mühafizə etmək məqsədi daşıyır.

         Cüneyd Bağdadi “Mina dağında qurban kəsən bir mömin əgər nəfsinin bütün istəklərini kəsib atmazsa, qurban kəsmiş sayılmaz”-deyir.

         “Sədaqət Minasında nəfsinizi ona müxalifət qılıncı ilə öldürün” sözünə görə nəfsini qurban et ki, həccin həqiqi həccə çevrilsin və vüsal Kəbəsinin qapısına çatasan...”

         İbn Ərəbiyə görə ən böyük qurban nəfsdir əsas məsələ onu kəsməkdir. Quranda bəhs olunan Fida faniliyin rəmzidir. (Saffət, 107) Qoçun kəsilməsi nəfsdən qurtulmaq mənasına gəlir. Həzrət İbrahim (ə.s) yuxusunda oğlu İsmayılı qurban kəsdiyini görmüşdü. Burada İsmayıl qoçun rəmzidir. Ona yuxuda oğlunu deyil, oğul rəmzi ilə izah edilən qoçu qurban etməsi əmr edilmişdi. Ancaq Həzrət İbrahim yuxunu yozmadan olduğu kimi icra etmək istədi və Allah da ona bir qoç göndərdi. (İbn Ərəbi, Füsusul-Hikəm, 46, 84)

                                

         Verməyən canın Sənə bulmaz həyati-cavidan

         Zindeyi-cavid ona derlər ki, qurbandır Sənə

         Mənası; Hamı ildə bir dəfə qurban kəsər, Allah dostu hər an Sevdiyinin qurbanıdır. Aşiq məşuqu üçün bir yox, min can qurban etməyə hazırdır.

         Qurban insanı Allaha yaxınlaşdırır, onda Haqqa təslim olma ruhunu inkişaf etdirir. Beləliklə, insan həqiqi ibadətin süuruna vararaq şükür vəzifəsini yerinə yetirməyə çalışır. Kəsilən qurbanlarda bir çox hikmətlər vardır:

       

      Qurban ibadəti həqiqi ixlası öyrədir.

      Qurban ibadəti insana özünü Allahın razı olduğu işlərə həsr etmək şüurunu aşılayır.

      Qurbanla insan simvolik olaraq özünü Allaha fəda etmiş olur.

      Qurban Allahın əmrinə təslim olmağın nişanəsidir.

      Qurban ibadəti ilə övlad sevgisini və bütün sevgiləri Allaha qurban etmək hökmü verməkdir.

      Qurban ibadəti Allahın Həzrət İbrahimi çəkdiyi imtahanının davamıdır.

      Qurban əməli olaraq tövhid dərsidir, tövhid müəllimidir.

      Qurban tarixi tövhid mübarizəsinin ümumbəşəri bayramıdır.

      Qurban ibadəti əhəmiyyətli bir İslam şüarıdır.

      Qurban ibadəti insanı Allaha yaxınlaşdırır.

      Qurban bir çox cəhətdən faydaları olan ilahi bir hədiyyədir.

      Qurban kəsmək iman və ibadətin əlamətidir.

      Qurban ibadəti Allahı zikr, Allaha şükür və təşəkkürdür.

      Qurban ibadəti fikir və təfəkkürdür.

      Qurban səmimiyyətdir, qəlblərdəki iman nurunu paylaşmaqdır.

      Qurban Allah sevgisinin isbatıdır.

      Qurban insanlara səadət və sevinc bəxş edir.

      Qurban rəhmətə vəsilə və bərəkətdir.

      Qurban bəlaların qarşısını alan ilahi bir zirehdir.

      Qurban Allaha təzim qullara şəfqətdir.

      Qurban ibadəti günahların bağışlanmasına işarədir.

      Qurbanlar axirətdə sahiblərinə bir minik kimi geri qaytarılacaqdır.

      Qurban Allahın sonsuz səxavətinə qarşı qulların göstərdiyi kiçik bir qarşılıqdır.

      Qurban yer üzündə maddi-mənəvi nizam və müvazinətin vəsiləsidir.

      Qurban ibadəti insanlığa Allahın böyük bir hədiyyəsidir.

      Qurban hər kəs, xüsusən də yoxsullar üçün ilahi bir ziyafət süfrəsidir.

      Qurban ictimai ədalətin təmin edilməsinə xidmət edən ictimai bir müəssisədir.

      Qurban islamın insanlararası yardımlaşma kampaniyasıdır.

      Qurban müsəlmanların sevgi, şəfqət və mərhəmətinin təzahür formasıdır.

      Qurban ibadəti ictimai bir xeyriyyə işidir.

      Qurban ibadəti ailəvi və ictimai birliyə, bərabərliyə vəsilədir.

      Qurban küsülülüyü aradan qaldırmaq, könülləri qovuşdurmaq kimi bir vəzifəni yerınə yetirr.

      Qurban xəsislik mərəzini müalicə edən bir məlhəmdir.

      Qurban kasıbları sevindirib məyusluğu aradan qaldırır, qədərə üsyan hissini öldürür.

      Qurban ibadəti qonşuluq münasibətini qüvvətləndirir və möhkəmləndirir.

      Qurban ibadəti iqtisadi inkişafa səbəb olan heyvandarlığa təşviqdir.

      Qurban ibadəti haqq yolunda fədakarlıqdır.

       

       

      • Hits: 836 clicks

      Tecox component by www.teglo.info