İslamda Mədəniyyət / Elşən RZAYEV

      Share

      İslam dini insanlığın ruhani və cismani qida və təkamülünə təkan verən bütün fəzilət və üstünlükləri əmr edib, buna mənfi təsir göstərən rəzalət və qəbahətləri qadağan etmişdir.

      Ona görədir ki, bəşərin fitrətinə ən uyğun bir din olduğundan İslam dininə fitrət dini adı verilmişdir. Bu əsl və əsas səbəbilə İslam dini “Bir kimsə müsəlmanlar arasında bir fəzilət yolu icad edər və gözəl bir şey kəşf edərsə, onun savabı qiyamətə qədər icad etdiyi o şey ilə əməl edənlərin əcr və savabının bir misli o kimsəyə verilər və o şey ilə əməl edənlərin hissələrinə düşən əcr və savabdan heç bir şey əskilməz.” hədisi-şərifləri ilə dünya işlərindən; tikiş iynəsindən tutmuş dəmir yollarına, toplara, zirehlərə, təyyarələrə, xəbərləşmə vasitələrinə, quru yolu və dəniz yolu ticarətinə, müxtəlif sənətlərə, yer üzünü abadlaşdırmağa, fabriklərə, əkinçilik və sənətkarlıq alətlərinə və hər əsrə görə cihadın rüknləri və səbəblərinə qədər mədəniyyətin maddiyyət qisimindən, insanlığa faydalı olan gözəl və mübah işləri icad etməyə və ortaya qoymağa icazə vermişdir. Və hətta “İşləyib qazanmaq qadın və kişi, hər müsəlmana fərzdir.” hədisi-şərifi ilə insanlara möhtac olmayacaq dərəcədə halal yoldan var-dövlət qazanmağı hər müsəlmana fərz edərək dolanışığını təmin etməkdə başqalarına yük olmayıb, hər kəsin öz çalışması ilə dolanmağı, peşə əldə etməsini əmr etmiş və “Onlara qarşı bacardığınız qədər qüvvə tədarük edin.” (əl-Ənfal, 60) ayəsi ilə hər zamanın öz dövrünə görə düşməni qorxudacaq dərəcədə hərb vasitə və vəsaitlərinin hazırlanmasını fərz qılmış, “Qadın və kişi hər müsəlmana elm öyrənmək fərzdir.” hədisi-şərifi ilə də dini elmlərdən etiqadını düzəldəcək, əxlaqını istiqamətləndirəcək, əməlini islah edəcək qədər öyrənməyi hər bir müsəlmana vacib etmişdir. Bundan başqa bədənin sağlamlığı, həyatın davamı və insanlar arasındakı əlaqələrə dair ehtiyac duyulan elm və sənətlərdən digər insanlara möhtac olmayacaq dərəcədə öyrənmələrini müsəlmanlara əmr etmişdir.

      İslam dini, mədəniyyətin qisimlərindən sayılan yer üzünü abad etmək, elm, fən və sənaye kimi faydalı işləri əmr edib, başqa qövmlərə möhtac olmayacaq dərəcəsini öyrənməyi müsəlmanlara fərz etmiş olduğu üçündür ki, İslam mədəniyyəti yüksəlmə dövrlərində görkəmli üstünlükləri ehtiva edən gözəl sənətlər icad etmişdir.

      İslam dininin ortaya çıxmasıyla parlaq bir İslam mədəniyyəti qurulunca, müsəlmanlar o zaman mövcud olan Misir və Yunan sənətini mənimsəmiş, üstəlik İslam mədəniyyətini də buna əlavə edərək gözəl sənətlər meydana gətirib Misir və Yunan mədəniyyətlərinə üstünlük təşkil etmişlər. İslamın bu gün ortada olan əsərləri bu iddiaların ədalətli şahididir.

         Bəzi İslam məmləkətlərini zəbt edən qeyri-müsəlmanların İslamın gözəl sənətlərini götürərək qismən Avropaya nəql etmiş olmaları bugünkü Qərb sənətinin yüksəliş və irəliləyişinin səbəblərindən biridir. Və hətta əvvəllər mədəniyyətə qarşı olan qərblilərin ürəyində bir şövq oyandıran cazibə Əndəlüs üfüqlərində parlayan İslam mədəniyyətinin işığı idi. O tarixdən etibarən qərblilərin, cəhalət, zülmət, vəhşilik içində pərişan olduqlarına tarix şahidlik edir. Demək olar ki, əsas etibarı ilə Qərb mədəniyyətinin ortaya çıxmasının səbəbi Şərq, yəni İslam mədəniyyətidir.

      İslam dini mədəniyyətin faydalı qismlərini irşad etdiyi və İslam mədəniyyətinin vaxtilə çox mühüm möcüzə əsərlər meydana gətirdiyi halda zamanımızdakı müsəlmanların bu uca fəzilətlərdən məhrumiyyətlərinə səbəb nədir deyə soruşulsa, cavab olaraq deyərik ki: Məhrum qaldıqları digər xüsuslarda olduğu kimi buna da səbəb dinin faydalı əmrlərindən uzaq qalmaqdır. İslam dininin irəli sürdüyü uca faydalardan istifadə ancaq hikmətlərlə dolu əmr və hökmlərinə bağlılıq və lazımi şəkildə əməl etmək ilə mümkündür. Bu halda İslamiyyət iddiasında olanların dini qaydaları yalnız kitablarda saxlamaları heç bir fayda təmin edə bilməyəcəyi kimi, ruhumuza hopub imanımızı coşdurmadıqca yalnız etiqad ilə istənən maddi və mənəvi faydalar meydana gəlməz.

      İslam dini elə uca mədəni qayda və ictimai əsaslar, elə əxlaqi fəzilətlər təsis etmiş və ortaya qoymuşdur ki, digər dinlər bu dərəcə mədəniləşmək üçün daha bir çox əmək sərf etməyə və hətta tamamilə İslamın müqəddəs əsaslarını qəbul etməyə möhtacdır. Məhz bu dərəcədə üstün və fəzilətli bir mədəniyyətə çatmaq üçün başqa yol yoxdur.

      Zavala və yıxılmağa məruz qalan hal və xüsusiyyətlər həqiqi səadətdən sayıla bilməz. Həqiqi səadət dünya həyatından sonra da davam edən, əbədi olan bəşəri xüsusiyyətlər və keyfiyyətlərdən ibarətdir ki, bunun murşidləri ancaq Peyğəmbərlərdir.

       

      • Hits: 907 clicks

      Tecox component by www.teglo.info