Təsəllimiz Həqiqətimiz Olsun / Elşən Rzayev

      Share

      Yaşadığımız cəmiyyətdə tez-tez rast gəldiyimiz sözlərdəndir “mənim ürəyim təmizdir” ifadəsi. Bu bir təsəllidirmi, yoxsa həqiqət?

      Təbii ki, hər kəs ürəyinin təmiz olmasını istəyər. Qəribədir, heç kəs ürəyinin murdar olduğunu dilə gətirməz. Lakin gəl gör ki, “ürəyim təmizdir” deməklə ürək təmizlənmir. Bu yerdə bir atalar sözü yada düşür: “Halva-halva deməklə ağız şirin olmaz.”

      Şübhəsiz ki, ürək insanın maddi varlığını davam etdirməsi üçün ən vacib orqandır. Həmçinin insan fitrətinin dünyaya gəldiyi andakı kimi saf qalması və iki dünyada da insanın səadət içərisində yaşamasında ürəyin rolu çox böyükdür. İman, mərifət, məhəbbət, zikr, qorxu, təqva, təslimiyyət və dua kimi müsbət xüsuslar ürəklə əlaqəli olduğu kimi, inkar, şirk, şübhə və nifaq kimi mənfi xüsuslar da ürəklə birbaşa əlaqəlidir.

      Peyğəmbərimiz (s.ə.s) bu həqiqəti bəyan etmək mahiyyətində bir hədisi-şərifində belə buyurur:

      “Vücudda bir ət parçası var ki, o yaxşı və saleh olarsa, bütün vücud yaxşı və saleh olar. O pozularsa, bütün vücud da pozulmuş olar. Diqqət edin, o ət parçası ürəkdir.” (Buxari, İman, 39; Müslim, Musaqat, 107)

      Uca Allah Qurani-Kərimdə bəndələri arasında ürəkləri möhürlənən, kilidli, qatı, daş kimi, hətta daşdan da qatı ürək sahiblərinin, dünya nemətlərini ürəklərində bəsləyib böyüdənlərin dünyada və axirətdə məruz qalacaqları acı əzabı xəbər verir. Və uca Allah öz dərgahında mötəbər olanın yalnız və yalnız saf, pak ürək olduğunu bəyan edir:

      “O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!"” (əş-Şüəra, 88-89)  

      Demək ki, insan üçün ən ümdə vəzifə yaşadığı ömür boyunca çalışıb ürək təmizliyini əldə etməkdir. Daha doğrusu yaradılışda uca Yaradanın ona bəxş etdiyi o saflığı mühafizə etmək.

      Bəs ürəyin təmizliyi üçün nə etmək lazımdır, sualı çıxır meydana. İnsanın yaradıcısı Allah olduğu üçün ona hər bir şeyin yolunu da O göstərmişdir. Bunun üçün də ilk insandan başlayaraq bəndələrinin yaradılışa uyğun olaraq həyatlarını davam etdirmələri üçün peyğəmbərlər və onların vasitəsi ilə də kitablar göndərərək onlara ilahi fərmanları bəyan etmişdir. Bu fərmanlar insan oğlu üçün yeganə resepdir. Elə ürək təmizliyinin əlacı da şəfa mənbəyimiz olan Qurani-Kərimdə bəyan edilmişdir. O halda ürəyinin təmiz olmasını istəyən kəs uca Yaradanın sözlərinə qulaq versin:

      “O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!” (ər-Rəd, 29)

      Bir gün Peyğəmbərimiz (s.ə.s) ürək təmizliyinin əhəmiyyətini bəyan edərək:

      “İçinə nur girən ürək açılar və genişlənər” dedi. Ətrafındakılar:

      “-Bunun əlaməti nədir, ey Allahın Rəsulu?” dedilər. O da:

      “Fani dünyadan uzaqlaşmaq, əbədi olan axirət yurduna könül vermək və gəlmədən əvvəl ölümə hazırlanmaqdır.” buyurdu. (Təbəri, Təfsir, VIII, 37)

      İnsanın maddi və mənəvi həyatı baxımından bu dərəcə mühüm olan ürək, diqqətlə qorunmalı və müsbət yöndə inkişaf etdirilərək Allahın razı olacağı bir səviyyəyə gətirilməlidir. Bu səviyyə isə, Quranda “qəlbi-səlim” şəklində təqdim edilmişdir. Bu isə Haqqa tam şəkildə təslim olmaqla mümkündür.

      “Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən!” (Ali-İmran, 3/8)

      • Hits: 1035 clicks

      Tecox component by www.teglo.info