Elmin Islamiləşdirilməsi Utopiyadırmı? / Dr.Rafiz Manafov

      Share

      İnsanı diğər canlılardan ayıran ən başlıca xüsusiyyət ondan ibarətdir ki, digər canlılar reflekslərlə hərəkət etdikləri və sadəcə təbiətin bir parçası olaraq varlıqlarını davam etdirdikləri  halda,

       insan oğlu elm, mədəniyyət, əxlaq və fəlsəfə yaratmış bir varlıqdır.  Mükəmməl ahəng və nizama baxmayaraq, digər canlılar özləri üçün kodlaşdırılmış plandan kənara çıxa bilməmişlər. İnsan ağlını işlədərək şifahi və yazılı mədəniyyət formalaşdırmış, alət düzəltmiş, texnologiya yaratmış, məfhum, terminlər və nəzəriyyələr ortaya atmışdır. Bütün bunları müəyyən bir inam daxilində və dəyər dünyası içərisində həyata keçirmişdir. Bütün bu uğurlar insanın sadəcə psixoloji və bioloji varlıq olduğu mənasına gəlməz.

      İnsan oğlunun ibtidai ovçuluq, əkinçilik və savaş alətləri icadından tutmuş kosmik gəmilər və mikroçiplərin istehsalına qədər olan elmi prossesləri elm tarixindən öyrənmək mümkündür. Bu uğurlar insanın ehtiyac və maraqları səbəbilə, onun  təbiəti dəfələrlə sınaqdan keçirməsilə mümkün olmuşdur.

      Təbiətdəki əqletmə prossesinin ortaya çıxardığı qanunların məcmusuna elm və yaxud bilim deyilmişdir. Doğrusu, əgər təbiətdəki əşyalarda sabitlik, daimilik və səbəblilik prinsipi olmasaydı elm də olmazdı. Çünki elmin qanunlarının ola bilməsi üçün təbiətdə olanın hər zaman eyni nəticələr verməsi əsasdır. Məsələn, suyun hər dəfə 100 dərəcədə qaynaması kimi.

      Təbiət qanunu ifadəsi də buradan doğmuşdur. Ancaq bu qanunların təbiətə kim və ya nə tərəfindən qoyulduğu, bu qanunların məcburiyyətə yəni determinizmə, yoxsa səbəblilik prinsipinə dayandığı, kosmik sistemdə ahəngin, yoxsa xaosun hakim olduğu insan ağlının fəlsəfə-teoloji səviyyədə həll etməsi gərəkən məsələlərdəndir. 

      Bu və ya digər məsələləri həll etmək üçün ortaya atılmış “elmin islamiləşdirilməsi” tezisində qərbə duyulan mənfi münasibətin və yaxud müsəlmanların keçmişlərinə duyduqları həsrətin müəyyən mənada rolu ola bilər. Ancaq onu da qeyd etmək lazımdır ki, sadəcə müsəlman dünyasında yox, məhz qərb ölkələrində də “elmin xristianlaşdırılması” və ya “elmin teistləşdirilməsi” kimi tezislər ortaya atılmışdır. Misal üçün, Amerkanın ən böyük din fəlsəfəçisi və fəlsəfə dünyasında öz dəsti-xətti olan Alvin Plantinqanın görüşlərinə qısa nəzər salaq:

      Əgər həqiqətən bugünkü elm sadəcə metodoloji naturalizm və ya ateizm ilə məhdudlaşdırılarsa, və əgər bu cür məhdudlaşdırma elmin özünün tələbidirsə, belə olan halda ehtiyac duyduğumuz şey şühbəsiz ki, bugünkü elm yox, Tanrının həyatı yer üzərində yaratdığını, idarə etdiyini müdafiə edən yeni bir elm olmalıdır. Bunun adı istər “təbii olmayan elm” (unnatural science), “yaradılış elmi”, “teistik elm” olsun, necə adlandırırsınızsa adlandırın, müasir həyatın qaynağı ilə bağlı düşündüyümüz zaman ehtiyacımız olan şey xristian düşüncəsinə görə qəbul oluna bilən elm olmalıdır.  

      Elmin islamiləşdirilməsi tezisinə gəldikdə, “islamlaşdırılması” sözü ilə qəsd olunan məna elmin dəqiq olan riyazi və ya təcrübi nəticələrininmi, yoxsa onlara qaynaqlıq edən fəlsəfi, əxlaqi nəzəriyyələrinin dəyişdirilməsidir. Bəziləri bu tezisi elmin bütün xüsusiyyətlərinin islamlaşdırılması kimi anlamışdır ki, bu yanlışdır. Dəqiq riyazi, məntiqi bir hökmü islamiləşdirməkdən əsla söhbət gedə bilməz. Məsələn, hər dəfə suyun  yüz dərəcədə qaynaması hadisəsini, yüz dərəcə yox  islam dininə görə daha müqəddəs bir rəqəm olan doxsan doqquz rəqəmi ilə əvəz etmək kimi, və yaxud “temperaturun artdığı hər yerdə yox, islamın artdığı hər yerdə metallar genişlənir” kimi şeylər qəsd olunmur. Bu mənadakı elmin əlbəttə ki, islamisi, qeyri-islamisi olmaz. Elə isə nədir elmin islamiləşdirilməsi?

      Burada qeyd olunmalıdır ki, elmdə sınaq və təcrübələrə əsaslanan, enduksiya metoduyla dəqiq və ya dəqiqə yaxın nəticə əldə edən təcübələr, bu müşahidə və təcrübələrdən əvvəlki bəzi ünsürlərdən də aslıdır. Bu ünsürlər elmlə, müşahidə və təcrübə ilə  məşğul olanın müəyyən bir akademik mühit və çevrə içərisində yetişmiş olması səbəbilə onların təsirindən qaça bilməyəcəyi reallığı ilə əlaqədardır. İslamlaşdırılmanı və ya teistləşdirilməni müdafiə edənlər bu məsələ üstündə xüsusilə dururlar. Onlar elmin ideologiya ilə bilavasitə bağlı və əlaqəli olduğunu vurğulayırlar. Əgər elm sıfır materialistik bir paradiqma içərisində aparılırsa onun nəticələrini də əvvəlcədən müəyyənləşdirmək mümkündür. Yəni nəticələri də yəqin ki, materialistcə olacaqdır. Məsələn Plantinqaya görə elm təbiəti etibarilə mütləq mənada ateistik olmaq məcburiyyətində deyil. Ancaq nədənsə elm məhz bu mənada başa düşülməkdədir. Tarixi təkamülü qəbul edən Darvin nəzəriyyəsinin iddiaları, bir yaradanın olduğunu müdafiə edən teist-dini nəzəriyyələrdən daha sağlam deyil. Hər iki nəzəriyyənin kifayət qədər dəlilləri mövcuddur. Ancaq sadəcə təkamül nəzəriyyəsini elmi qəbul edib, digər(lər)ini qeyri-elmi saymaq elmi bir üslüb səbəbilə deyil, ideoloji səbəbdən irəli gəlir.

      Burada istər müsəlman olsun, istər qeyri-müsəlman, teizmin nəzəriyyələrini müdafiə edənlər elmin ideologiyadan ayrı olmadığını vurğulayırlar.  Qərbli elm anlayışı materializm, naturalizm, humanizm, sekulyarizm, dualizm, pozitivizm kimi terminlərdən biri və yaxud bir neçəsi ilə birlikdə əlaqəlidir. Onlardan qurtulması mümkün deyil. “Elmin islamiləşdirilməsi” demək də bu cür “izm”lərdən təmizlənməsi deməkdir. Çünki bütün islam dünyasının təhsil verən müəssisələrindəki elmin mahiyyəti, qərb sivilizasiyasının və mədəniyyətinin xüsusiyyətlərinə görə biçilmiş elmi həqiqətlərdən ibarətdir. Beləliklə görüləcək ilk iş qərbin elmi terminologiyasından xilas olmaqdır. Ondan sonra görüləcək iş, bu mənaların islami terminologiya və bilgi nəzəriyyələri içərisində yenidən yoğrulmasıdır. Bunun üçün də islam tarixinin və mədəniyyətinin dərindən araşdırılması və elmin islami prinsiplərə uyğun tərtib olunması zəruridir. Üçüncü bir məsələ isə elmin sadəcə elm üçün, elm adına ələ alınması deyil, əxlaqi, sosial və hüquqi məsuliyyətləri ilə birlikdə ələ alınmasıdır.

      Yuxarıdakı təkliflərdən də görüldüyü kimi, aləmi Allahın əsəri olaraq görmək, aləmdəki iradəni kəşf etmək və bütün dünyanı vahid bir sistem içərisində dəyərləndirmək islami bilgininin əsas xüsusiyyətinə çevrilməlidir...

       

      • Hits: 1017 clicks

      Tecox component by www.teglo.info