155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Həsədin Zərərləri / Pərvanə Əfəndiyeva

      Share

           İnsana naqislik gətirən, onu dəyərsizləşdirən və alçaldan xüsusiyyətlərdən biri də həsəddir. Bu xislət o qədər mənfi səciyyələndirilir ki, hətta bu “xəstəliyə” tutulan şəxs belə onu pisləyir. Bəzən insan bu hissi qəlbinin dərinliklərində gizlədərək onun aşkara çıxmasına yol vermir. 

      Bəzən isə elə insanlar olur ki, qəlbində alovlanan həsəd hissinə qalib gələ bilmir, onun əlamətlərini çöhrəsinin cizgilərində, sözlərində və qeyri-ixtiyari hərəkətlərində büruzə verir. Həsəd adətən eyni peşə sahibləri arasında baş verir.

       Belə insanlar digərinin cəmiyyət tərəfindən sevilib hörmət olunmasına, həyatda qazandıqları nailiyyətlərinə, bir sözlə, bütün müsbət keyfiyyətlərinə dözə bilmir, yalnız özünün bu üstünlüklərə sahib olub, onun isə məhrum olmasını istəyir. Bunun nəticəsində də insanın qəlbində həsəd apardığı şəxsə qarşı kin-küdurət, nifrət və ədavət yaranır. Belə bir “virus”u daşıyan insan cəmiyyətdə ən zərərli şəxs hesab olunur. Çünki o, insanların xoşbəxtliyindən xoşlanmayaraq onlara bədbəxtlik arzulayır, fürsət tapdıqca isə qisas almaq məqsədilə öz “düşməninə” qara yaxır, onu hörmətdən salır, haqqında nalayiq sözlər danışır və ona qarşı açıq-aşkar “düşmənçiliyə” başlayır. Təsadüfü deyil ki, yer üzərində baş vermiş ilk qətl hadisəsinə də səbəb həsəd olmuşdur. Belə ki, Adəm (ə.s)-ın iki oğlu qurban gətirdikləri zaman Allah birinin qurbanını qəbul etmiş, digərinin isə qurbanı qəbul olmamışdır. Qurbanı qəbul olmayan Qabil öz doğma qardaşı Habilə həsəd apararaq nəhayət onu öldürmüşdür.

           Deyilənlərdən belə nəticəyə gəlirik ki, həsəd – Allah-Təalanın hər hansı bir bəndəsinə bəxş etdiyi maddi və ya mənəvi nemətə göz dikərək onun əlindən çıxmasını arzulamaqdır.

      İnsan ruhunun saflaşmasına və mənəviyyatının gözəlləşməsinə xidmət edən müqəddəs İslam dini həsəd xislətini pisləmiş və insan övladına bu çirkin xüsusiyyətdən uzaqlaşmağı, gözəl fəzilətlər və ali dəyərlərlə  mənəviyyatını zənginləşdirməyi tövsiyə etmişdir. Allah-Təala buyurmuşdur:

          “Allahın (maddi, yaxud mənəvi cəhətdən) birinizi digərinizdən üstün tutduğu, birinizə digərinizdən artıq verdiyi şeyi (özünüz üçün) arzulamayın... ” (ən-Nisa, 32 )

      Gözəl əxlaq sahibi, kamillik zirvəsini fəth etmiş, bəşəriyyət üçün əsl nümunə olan Həzrət Rəsulullah (s.ə.s) buyurmuşdur:

          “Alovun quru odunu yandırdığı kimi, həsəd də savabları məhv edər.” (Əbu Davud)

      İmam Əli (ə.s) buyurmuşdur:

          “Həsəd ən pis (ruhi) xəstəlikdir ”

          “Duz suda həll olduğu kimi, möminə həsəd aparan kəsin də qəlbindəki iman yox olar.”

      Hər hansı bir xəstəliyi müalicə etməzdən əvvəl onun mahiyyəti və yaranma səbəbləri öyrənilir, sonra isə həmin xəstəlik müalicə olunur. Buna görə də, həsəddən xilas olmaq istəyən hər bir kəs onun yaranma səbəblərini bilməlidir. Aşağıda həmin səbəblərdən bəzilərini qeyd edirik:

               1.      İnsan təbiətinin xəbisliyi

      2.      Düşmənçilik və nifrət

      3.      Dünyaya məhəbbət və vəzifəpərəstlik

      4.      Təkəbbürlük və s.

         İnsanlarda olan həsədin dərəcələri keyfiyyət baxımından fərqlidir. Bu fərqlər aşağıdakı qismlərdə öz əksini tapır.

      1. Qəlbdə aparılan həsəd. İnsan qəlbində həsəd aparır, lakin bu hissin haram olduğunu dərk edir və buna görə də onu büruzə vermir, heç bir pisliyə də əl atmır.

      2. Başqasında gördüyü müəyyən bir nemətə həsəd aparmaq. Bu halda həsəd aparan şəxs başqasının bütün üstünlüklərinə deyil, müəyyən bir üstünlüyünə həsəd aparır və onun əlindən çıxıb öz əlində olmağını istəyir.

      3. Başqasının bütün üstün cəhətlərinə həsəd aparmaq. Belə şəxs başqasının özündən üstün və ya özünün ondan aşağı səviyyədə olmağı ilə razılaşmadığı üçün ona həsəd aparır.

      4. Başqasının bədbəxtliyini arzulamaq. Bu, həsədin ən şiddətli növüdür. Bu zaman həsəd aparan şəxs hər cür pisliyə əl atır.

            Həsəddən nicat tapmaq üçün hər şeydən əvvəl bilmək lazımdır ki, həsəd aparan adam həm bu dünyada, həm də axirətdə əzab-əziyyətlə qarşılaşır. O, bu dünyada hər hansı bir şəxsdə gördüyü yaxşı şeylərə həsəd apardığı şəxsə deyil, yalnız özünə zülm etmiş olur. Çünki belə insan başqalarında gördüyü nemətlərə həsəd apardıqca qəm-qüssəyə qərq olur. Allahın nemətləri sonsuz və bəndələrinə qarşı lütf və ehsani ardıcıl, mütəmadi olduğundan, insan bu hissdən uzaqlaşmadıqca daxilən iztirab və əzab-əziyyət çəkir.

           İmam Əli (r.a) buyurmuşdur: “ Həsəd dərd, qəm – qüssə gətirər.” (Qurərul-hikəm)

           İmam Cəfəri-Sadiq həzrətləti buyurmuşdur: “Simic adam rahatlıqdan, paxıl adam isə ləzzətdən məhrum olar.”

      İnsan başqalarının sahib olduğu nemətlərə, üstünlüklərə və ali keyfiyyətlərə həsəd aparmamalı, hər hansı bir şeyi arzuladıqda onu böyük lütf və ehan sahibi olan Allah-Təaladan istəməlidir. Allah-Təala Qurani-Kərimdə buyurur: “(Ya Məhəmməd!) De: - Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsdən alarsan, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!” (Ali-İmran, 26)

          Həsədin axirətdəki zərərinə gəlincə isə bilmək lazımdır ki, həsəd Allahın lütf və ehsanına qarşı etiraz, bəndləri arsında böldüyü qismətlə razılaşmamaqdır. İnsan həsədə səbəb olan amillərdən uzaqlaşmalı, özünü Qiyamət gününün cəzasından qorumalıdır. Əgər həsədə səbəb təkəbbürlükdürsə, onda həmin şəxs təvazökarlıqla zinətlənməlidir. Yox, əgər mal-dövlət düşkünü olmaqdırsa, həmin şəxs dünya malına meyil göstərməməli və onun fani olduğunu dərk etməlidir.

          Amma qeyd edək ki, insan başqasının sahib olduğu nemətin əldən çıxmasını istəmədən onu özü üçün arzulayırsa, bu həsəd deyil, “Qibtə” adlanır. Qibtə ilə bağlı Allah Rəsulunun bir çox hədisi-şərifləri vardır.

          Gəlin, cənnət nemətləri, Allah dəzgahında uca məqamlar və ilahi rizanı qazanmaq uğrunda rəqabət aparaq, bir-birimizə qibtə edək, gecə-gündüz xalis niyyətlə Allaha ibadət edib saleh əməllərə sahib olmağa çalışaq. Çünki dinimiz insanın mənəvi zənginliyini önə çəkmiş və mənəviyyatına xələl gətirən təhlükələrdən qorunmağı ona tövsiyə etmişdir.

      • Hits: 911 clicks

      Tecox component by www.teglo.info