Filoloğiya Elmləri Namizədi, Füzuli Aşiqi Vərağa Almasov: Füzuli Allaha Gedən Yolda Peyğəmbərlə Mənim Aramda Körpü Olub

      Share

      İrfan: İlk növbədə bir az özünüzü tanıdın zəhmət olmasa!

      V. Almasov: 1960-cı il fevral ayının 22-də Bakının Hövsan kəndində dünyaya göz açmışam. Üç qardaş, bir bacı olmuşuq. Evin böyük övladı mənəm. Bir qardaşım və mən gözdən əlil doğulmuşuq. 1968-ci ildə Bakı şəhərində kor uşaqlar üçün orta internat məktəbinə qəbul olmuşam. 1979-cu ildə oradan məzun olduqdan sonra universitetə daxil oldum. Bakı Dövlət Universitetinin (o vaxtkı adı S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti) Filologiya fakültəsinə qəbul oldum. 1984-cü ildə universiteti bitirdim. 1988-94-cü illər arasında AMEA-nın Ədəbiyyat İnstitutunda dissertant oldum. 1994-cü ildə filologiya elmləri namizədi oldum. Dissertasiya işim “Füzuli yaradıcılığında dini-mənqəbəvi anlayışların yeri və bədii ifadə yolları” (Türkcə divan və “Leyli-Məcnun” məsnəvisi üzrə) olmuşdur.

      İrfan: Niyə məhz Füzuli? Hər halda bir səbəbi vardır.

      V. Almasov: Bu, bir növ mənim ilk məhəbbətim kimi bir şey olub. Yadıma gəlir ki, 15-16 yaşım olanda “Füzulinin münacatlarından və nətlərindən dissertasiya müdafiə edəcəyəm” deyirdim. Ədəbiyyat müəllimləri mənə deyirdilər ki, “uşağın vurmamazlığına bax ki, daşın yekəsindən yapışır. Məgər Sovet hökuməti ölüb ki, sən Füzulidən, Allahdan, Peyğəmbərdən dissertasiya yazasan?” Mənsə o vaxt özümü buna hazırlayırdım. Bir kitab vardı, “K. Marks və Engels din haqqında”. SSRİ dövründə Marks və Engels xristianlığı tərifləyirdi. Mən də bu kitabı qabartma əlifba ilə köçürürdüm. (Bizim öz əlifbamıza –deyib cibindən xüsusi qabartma səhifəli kitabçasını çıxarıb göstərir) Belə edirdim ki, sonra islamı tərifləyəndə bunu əsas göstərim ki, axı necə olur, Mark və Engels dindən yazanda olur, mən yazanda olmur? Axı, xristianlıq da bir dindir. Leninin əsərlərini oxuyurdum. 55 cildlik külliyyatı var: Marksizm və emprikriotizm – Görünən dünya və təcrübə. Özümü o vaxtkı ateistlərin hücumundan qorumaq üçün oxuyub hazırlaşırdım. 14-15 yaşım olanda buna hazırlaşırdım. Müəllimlərimdən biri məni başa düşdü. Əlibəy Hüseynov adlı müəllimim vardı. Antik ədəbiyyatı çox yaxşı bilirdi. Bir dəfə ona sual verdim: “Ay Əlibəy müəllim, axı necə olur ki, Füzuli bir tərəfdən

      “Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli!

      Mən kiməm aləmdə bir kəmtər qulamın, ya Əli!” deyir, bir tərəfdən də:

      “Könül, səccadəyə basma ayaq, təsbehə əl urma

      Namaz əhlinə uyma, onlar ilə durma oturma.” yazır. Bunu necə başa düşək?” Əlibəy müəllimin belə cavab verdi: “Vərağa, Füzuli nə Hüseynov olub, nə də Almasov. O, ərəb dilini ərəblərdən yaxşı bilirdi. Quranı oxuyub doğru anlayırdı. Və bilirdi ki, bəzi din xadimləri dindən sui-istifadə edirlər. O, islamı deyil, o cür insanları hədəf alırdı.” Burda haşiyə çıxım ki, bizim ədəbiyyatımızda Axundovdan başqa dinsiz şair olmayıb. Ümumiyyətlə 12-13 yaşımdan etibarən Füzulini oxuyurdum.

      İrfan: Quranı necə öyrənmisiniz?

      V. Almasov: Hələ Sovet dövründə 11 yaşım olanda Türkiyənin Diyarbəkr radiosundan Quranı maqnitafona yazırdım, ordan da kağıza köçürürdüm. Hələ də məndə o vaxtdan üstünə Qurani-Kərimdən bəzi surələr, ayələr yazılı 800 vərəq qalır,. Bəqərə surəsindən 183-187-yə qədər, Ali-İmrandan 1-90-na qədər, Ənam surəsindən 75-79-a qədər...

      Amma Füzulini oxuyanda mənasını başa düşmürdüm. Vəzninə, qafiyəsinə vurulurdum, lakin başa düşmürdüm. Əruz vəznidir də, insanı valeh edir. Məs:

      Bəqa mülkün dilərsən, fani et varını dünya tək.

      Ətək çək gördüyündən afitabi-aləmara tək.

       (xüsusi tonda oxuyur)

      Vəznə vurulurdum, oxuyurdum, amma mənasını bilmirdim. Bilirsinizmi, bu nəyə bənzəyir? Adam dənizə gedir, sahildə gəzir, amma suya girə bilmir. Və ya dənizə girir, üzə bilmir. Ləpədöyəndə qalır. Amma 10-cu sinfi qurtaranda Füzuli dənizində üzməyə başladım. Yavaş-yavaş mənaları başa düşürdüm. O vaxt Bəxtiyar Vahabzadəni çox oxuyurdum. Sonra Səməd Vurğun, Seyid Əzim, nəhayət Füzuli. Çağdaş dövrdən qədimə doğru getmişəm.

      İrfan: Vərağa müəllim, bəzən Füzuli haqda dini şair olmadığı, ilahi eşqi deyil, adi sevgini tərənnüm etdiyi söylənir. Sizsə kitabınızda Peyğəmbər aşiqi olaraq bəhs etmisiniz. Füzulini dediyimiz kimi tanıtmaq istəyən insanların qəsdi nədir sizcə?

      V. Almasov: Füzulini dediyiniz kimi qələmə vermək Sovet ideologiyasından irəli gəlirdi. Bir zamanlar beyinlər Sovet ideologiyası ilə yuyulmuşdu. Ümumiyyətlə isə Füzulini təkcə iki nəfər ateist şair elan edib. Hər ikisi də bu gün haqq dünyasındadır. Mirəli Axundov və Orucəli Həsənov. Onlar 58-59-cu illərdə yazırdılar ki, Füzuli dinsiz şairdir. Amma Sovet ittifaqı zamanında Füzulinin dindar şair olduğunu yazanlar da vardı. Əziz Mirəhmədovun bir kitabı vardı “Yazıçılar, talelər, əsərlər”. 1978-ci ildə Yazıçı nəşriyyatında çapdan çıxmışdı. Bu kitabda iki məqalə - “Füzulinin qəzəlləri” və “Yüz min dərdin şairi” Füzuliyə həsr olunub. “Füzulinin qəzəlləri”ndə o sübuta yetirirdi ki, Füzuli:

          “Könül, səccadəyə basma ayaq, təsbehə əl urma

            Namaz əhlinə uyma, onlar ilə durma oturma.” –dedikdə dini deyil, riyakar və yalançı mollaları, ruhaniləri nəzərdə tuturdu. Namazdan, orucdan, zəkatdan və s. riyakarcasına istifadə edənləri tənqid edirdi.

      İrfan: Söylədiyiniz mənada din xadimləri tarixən var olub, təəssüf ki, indi də müəyyən qədər var. Belə bir meylin qarşısını almaq üçün nə etmək lazımdır sizcə? Camaatı necə maarifləndirmək lazımdır?

      V. Almasov: Bunları aradan qaldırmaq üçün ilk növbədə Allahın qırılmaz ipi olan Qurani-Kərimə sarılmaq lazımdır. İslami təbliği daha çox Quran mərkəzli aparmaq lazımdır. Quran və Quranı realizə edən, həyata keçirən Peyğəmbər və əhli-beyti örnək almaq lazımdır. Allah təala Qurani-Kərimin Talaq surəsində buyurur ki: “Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər.”  (ət-Talaq, 2-3) Məhz Allahdan layiqilə qorxduğumuz zaman həqiqi təvəkkül əhli olarıq ki, beləliklə də dindən istifadə edərək, kimisə aldadaraq var-dövlət hərisliyinə düşmərik. Quranda altı yerdə “Vallahu xayrur-raziqin” (Allah ruzi verənlərin ən xeyirlisidir) ifadəsi keçir. Rə’d surəsinin 26-cı ayəsində də keçir ki, ruzini genişləndirən də Allahdır, azaldan da. Əslində azaldan olaraq tərcümə etmək doğru deyil, Allah azaltmaz, qədərində saxlayar. Azaltmaq Allahın şəninə yaraşmaz. Talaq surəsinin 3-cü ayəsində “Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir.” buyurulur. Deməli hər şeyin bir qədəri vardır. Həddi aşmaq olmaz. Hətta Səbə surəsində Davud (ə.s)-a buyurur ki, “zirehi toxuyanda da ölçünü gözlə!” hər şeydə ölçünü gözləmək lazımdır.

      Bir dəfə televiziya verilişlərindən birində dedim ki, Füzuli “Bəngü-badə” əsərini Şah İsmayıl Xətaiyə həsr etdiyi üçün orada ayrıca olaraq, xüsusilə Hz. Əliyə təriflər yazıb. Amma “Leyli-Məcnun”u türk sultanı Yavuz Səlimə həsr etdiyinə görə orada xüləfayi-raşidini tərif edib. Bu sözüm böyük qalmaqala səbəb oldu. Tənqidlər yağmağa başladı üstümə. Dedim ki, mən demirəm ki, Füzuli münafiqlik edib. Amma nə varsa onu da demək lazımdır. Lap uzaqbaşı şiəlikdə təqiyyə var, siz bunun adını qoyun təqiyyə. Aşırı təəssübkeşlik etmək doğru deyil axı. Mən düşünürəm ki, faktları demək lazımdır. Möhür, təsbeh – hər biri vasitədir, məqsəd deyil. Bu gün möhürü əsas alaraq bunun üstündə fikir ayrılığına düşmək, firqəçilik etmək doğru deyil məncə. Daha vacib işlər varkən bunun davasını aparmaq doğru deyil. Məqsədimiz, hədəfimiz Allahın zatına qovuşmaq, sifətlərini dərk etməkdir.

      İrfan: Sizin Allaha və Peyğəmbərə olan sevginiz sizi Füzuliyə götürdü, yoxsa Füzuliyə olan sevgi sizi Allaha götürdü?

      V. Almasov: Çox maraqlı sual verdiniz. Qeyd etmək istəyirəm ki, ilk növbədə Sovet hökuməti dövründə Azərbaycanda dini düşüncə erroziyaya uğramışdı. Allah, Peyğəmbər məfhumu demək olar ki, şüurlardan silinmişdi. Məni Peyğəmbər sevgisinə Füzuli apardı. Füzuli bir növ körpü rolu oynadı Peyğəmbərlə mənim aramda. Onun Allah, Peyğəmbər sevgisi mənim əlimdən tutub. Həzrət Peyğəmbərə istinad edilən bir söz var: “Allahın ərşinin altında xəzinələr var ki, o xəzinələrin açarları şairlərin dillərindədir.” Füzuli də məhz belə şairlərdəndir.

      İrfan: Elmi fəaliyyətinizi davam etdirirsinizmi?

      V. Almasov: Hal-hazırda qeyri-rəsmi də olsa elmi fəaliyyətim davam edir. Çünki hələ tam təsdiqləməmişəm. XIII-XIV əsrlərdə Azərbaycan Ədəbiyyatı üzrə kamil insan məsələsini işləyirəm. Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyası üzərində bu işimlə yanaşı hal-hazırda Elmlər Akademiyasının Nizami Gəncəvi Adına Ədəbiyyat Muzeyində böyük elmi işçiyəm.

      İrfan: Vərağa müəllim, bir az da sizinlə bağlı bəzi şeyləri bilmək istərdik. Öncə qeyd edək ki, halınız çox təqdirəlayiqdir. Bu qədər məhdudiyyətin içərisində oxumanız, yazmanız bir çox insana nümunə təşkil edir. Bilmək istərdik, sizin üçün həyat necədir, dünya necədir? Heç insan üzü görmədiniz, hissiyyatınız necədir?

      V. Almasov: İşığı hiss edirəm. Bax, bu tərəfdə 2-3 faiz işıq hiss edirəm. Buna yan görmə deyilir. (Pəncərə tərəfi göstərir) Orada ya pəncərə var, ya da elektrik lampası. (cavab veririk: hər ikisi var. Əks istiqaməti göstərərək) Amma bu tərəfdə pəncərə yoxdur deyəsən. Bir dəfə göz həkiminə getmişdim. İçəri girən kimi qapı-pəncərənin sayını dedim. Həkim təəccüblənərək: otur baxım, sən heç düz adama oxşamırsan, -dedi. (hamımız gülüşürük.) Universitetin yataqxanasında qalanda əl-üzümü yuyandan sonra qurulamasam otağımızı tapa bilmirdim. Uşaqlıqda hətta məhəllə uşaqları ilə futbol oynayırdım. Qapıçı dururdum. Ay bədirlənəndə göydə görürdüm. Ay olduğunu bilmirdim, deyirdim ki, göydə televizor var. Qəzetdə şəkli tapırdım, amma nə şəkli olduğunu bilmirdim. Sonra get-gedə gözüm bir az da zəiflədi. 2-3 faiz görmə var ki, bu da görməmək kimi bir şeydir. Mənim aləmimdə dünya yuxularımda da indiki kimidir. Məs: mən həyatda hər şeyi əlimlə yoxlayıram. Bir dəfə yuxuda görürəm ki, tapançadan atəş açıram, əlimi qoymuşam tapançanın lüləyinə ki, görüm güllə çıxır, ya çıxmır. Ayılıb fikirləşirəm ki, bəs güllə tapançadan çıxanda əlimə dəyəcək axı (gülür).

      Bu barmağımla yazıb-oxuyuram (şəhadət barmağını göstərir). 1-ci sinifdə oxuyanda bizə 4 ay noxud, mərcimək verib barmağımızın ucu ilə oynatmamızı tapşırırdılar. Amma artıq yaşlandığıma görə 2-3 saat oxuyandan sonra keylik hiss edirəm. Yazını da xüsusi iki dəmir vasitəsilə yazıram. Fərdi aləmimdə insanlar əsas səslədir. Hamını səslə tanıyıram. Məhəmməd surəsinin 30-cu ayəsində Allah Peyğəmbərimizə buyurur ki: “Biz istəsəydik, münafiqləri mütləq sənə göstərər, sən də onları mütləq üzlərindən tanıyardın. Sən onsuz da onların danışıq tərzlərindən mütləq tanıyacaqsan.” Mənim aləmimdə sifət insanı aldada bilər, amma səs yox. Bir adamla 10 dəqiqə danışsam, məni aldadıb aldatmadığını bilərəm. Bütün hesablarımı səsin üstündə qurmuşam. (Bizdəki hissiyyatınız necədir, -deyə soruşuruq. “Allah gözəldir, gözəlliyi sevər” hədisini deyib gülür.) Bir də bəzi fərdi cəhətlər var, onlar haqda da başqa vaxt danışarıq.

      İrfan: Bir şeyi də soruşmaq istəyirik. Təəssüf ki, cəmiyyətimizdə əlil insanlara hər kəsin münasibəti eyni deyil. Siz bu cür münasibətin ağrısını çəkirsinizmi?

      V. Almasov: Əslində belə bir çətinlik çəkmirəm. Bizim Azərbaycan cəmiyyətində nə də olmasa əlillərə hörmət var. Avtobusda, qatarda yer verirlər, hamı diqqət edir. Çox şükür ki, bizdə hələ də belə şeylər qalır. Hətta bu xüsusda Azərbaycan digər ölkələrə nümunə göstərilə bilər.

      İrfan: Vərağa müəllim, vaxtınızı bizə ayırıb, bu qədər maraqlı müsahibə verdiyiniz üçün sizə öz minnətdarlığımızı bildiririk! İşlərinizdə uğurlar arzulayırıq!     

      • Hits: 1262 clicks

      Tecox component by www.teglo.info