Yeni İl Yeni Dil / Hacı Arif Heydəroğlu

      Share

      İllər illəri əvəz edir. Biri gedir, o biri gəlir. İllərin bir-birini bu əvəz etməsinin görəsən insanın həyatında yeri nədir? Durub kənardan elə-belə seyr edir, yoxsa öz keşmişinə baxıb ibrət dərsi götürür? 

      Ya da bəzilərinin etdiyi kimi “nə yaxşı, bir il daha getdi, bir yaş daha böyüdüm, qocalığa bir addım da yaxınlaşdım”-deyib ad günlərini qeyd etməklə kifayətlənir?...

      Halbuki gələcəyə əmin addımlarla yerimək üçün görüləsi o qədər işlərimiz, həll ediləsi o qədər problemlərimiz var ki, insan hansından başlayacağını bilmir. Ancaq zaman axıb gedir. Baxın, bir ilimiz də ötüb getdi. Yaxşı ki, təqvimlər var, bəlkə də yeni ilin gəldiyini belə hiss edə bilməyəcəkdik.

                  Bütün şirkət və müəssisələr sistemlərinin daha sərrast işləməsi və qazanclarının daha çox olması üçün illik hədəflər qoyub planlar hazırlayırlar. Yeni ilin köhnə ildən daha uğurlu olması üçün aylarla çalışırlar. Beləliklə, yeni ildə həmin istiqamətlərə münasib olaraq kimisi var-dövlətini çoxaldır, kimisi karyerasını yüksəldir...

                  Amma bütün bunlar ümumən maddi sahə ilə məhdudlaşdırılır. Halbuki maddi olduğu qədər mənəvi sahədə də hədəfləri müəyyənləşdirmək, illik planlar qurmaq lazımdır. Təkcə sərvəti və şöhrəti düşünməklə hərtərəfli inkişaf ola bilməz. Milli və mənəvi dəyərləri, bizi biz edən gözəllikləri də düşünməli deyilikmi?

                    Ona görə də gəlin, işə özümüzdən başlayaq. Birinci özümüzü yetişdirək! Zəif tərəflərimizi islah, pis xasiyyətlərimizi tərk edək, yaxşı xasiyyətləri varlığımıza hopduraq...

      İşə lap elə həmişə bəlasına düşdüyümüz dildən başlayaq. Yəni, yeni ilə yeni dil ilə başlayaq. Elə bir dilimiz olsun ki,

                  Bizə “ağzı var, dili yox” –desinlər, ancaq “dil pəhləvanı”-deməsinlər. Qoy “dilini dinc qoyur”–desinlər, amma “dilotu yemişdir”, yaxud “təzə dil açıb” və ya “dili yaman uzanıb”-deməsinlər. Çünki Peyğəmbərimiz Həzrət Mühəmməd (s.ə.s) görün nə gözəl buyurur:

      “Adəm oğlu səhərə çıxdığı zaman (bədəninin bütün) orqanları dildən ölçülü hərəkət etməsini tələb edərək ona deyirlər ki: bizim haqqımızda Allahdan qorx, çünki bizim doğruluğumuz səndən asılıdır. Sən düzgün hərəkət etsən, biz də doğru olarıq. Sən dönərsənsə, biz də dönərik.” (Tirmizi)

      Nə olar, “dilimizi dinc qoyaq”, heç kimi əsla “dillə susdurmayaq və Rəsulullah (s.ə.s)-in sözünə diqqətlə qulaq asaq:

      “Qulun dili təmiz olmasa qəlbi, qəlbi də təmiz olmasa imanı kamil olmaz.” (Əhməd bin Hənbəl)

      Dilini dinc qoyan” xoşbəxt insanlardan olaq, “dili ağzına sığmayan”  bədbəxtlərdən olmayaq...

      Rəsulullah (s.ə.s) səhabələrindən soruşdu:

      “- Hansı əməl Allaha daha çox sevimlidir?

      Səhabələr susdular. Heç biri cavab vermədi. Bunun cavabında Peyğəmbərimiz (s.ə.s) belə buyurdu:

      “Dili (boş sözlərdən) qorumaqdır.” (Beyhəqi)

      Bizə “dil-ağız edən” desinlər, amma “dil-ağıza salan” –deməsinlər.

      Bir gün Həzrət Ömər (r.a) Həzrət Əbu Bəkrin (r.a) yanına getdi. Gördü ki, Əbu Bəkr (r.a) dilini dartıb saxlayır. Həzrət Ömər (r.a) bu vəziyyəti görəndə:

      “Ey Əbu Bəkr, (nə edirsən elə), burax, etmə... Allah səni əfv etsin!”-dedi.

      Həzrət Əbu Bəkr (r.a) cavab verdi ki:

      “- Məni ən təhlükəli vəziyyətlərə salan bax, budur.” (Təbərani)

      “Dili, ilanı yuvadan çıxardan” şirin sözlü insanlardan ol, amma “dil yarası” bəlası ilə dostlarını incidib bir-bir itirərək düşmən qazanan yazıqlardan uzaq dur! Bu, insan həyatında nə qədər vacibdirsə, sabah axirət həyatında da əbədi məkanın cənnət, ya da cəhənnəm olmasında çox böyük rol oynayacaqdır.

       “Kim mənə iki ayağının arasındakı (cinsiyyət orqanı) ilə, iki çənəsi arasındakı (dili pis istiqamətdə istifadə etməyəcəyinə, ona hakim olacağına) dair söz verirsə, mən də ona, cənnət haqqında söz verirəm.” (Buxari)

      İnsan üçün iman dünyadakı ən böyük sərmayədir. Bu sərmayəni əldə etmək nə qədər vacibdirsə, onun həqiqətinə çatmaq da bir o qədər vacibdir. Çünki həqiqi iman olmadan axirəti qazanmaq olmaz. Kamil imanı əldə etməyin bir yolu da dildən keçir. Həzrət Məhəmməd (s.ə.s) görün bu mövzuya necə toxunur:

      “Qul, dilini bir xəzinə kimi qorumayınca imanın həqiqətinə çata bilməz.” (Təbərani)

      Qorunmağımız lazım gələn dil afətlərindən (bəlalarından) bəzilərini tanımağımız üçün sadalamaq istəyirəm:

      • Boş danışmaq

      ·        Yalan danışmaq

      ·        Yalandan and içmək

      ·        Sözündə durmamaq

      ·        Yersiz mübahisə etmək

      ·        İkidilli və ikiüzlü olmaq

      ·        Müsəlmanı lağa qoymaq

      ·        Müsəlmanın sirrini başqalarına yaymaq

      ·        İnsan və heyvana lənət oxumaq

      ·        İki müsəlmanın arasını vurmaq, qeybət etmək.

      Ya Rəbb!

      Sən bizi şairin dediyi kimi “dilim, səni dilim-dilim dilim”-demək məcburiyyətində qoyma!

      Bütün mənəvi xəstəliklərdən, o cümlədən “dil yarası” bəlasından mömin bəndələri mühafizə eylə!

      Amin!

       Hacı Arif Heydəroğlu

      • Hits: 1043 clicks

      Tecox component by www.teglo.info