Millətin Yükünü Öz Yükü Bilənlər / Akif Hüseyinli

      Share

      Bir xalq heç vaxt özünə edilən yaxşılığı unutmaz. Bu millət üçün maddi mənfəətsiz əziyyət çəkənləri kənardan müdaxilələr olsa da ürəklərində yaşadar.

       Tarix boyu hər bir millət öz hegemonluğunu başqaları üzərində göstərərək özünün güclü olduğunu isbat etməyə çalışmışdır. Heç bir xalq, üzərində hegemonluq edənləri də unutmaz və bağışlamaz. Çünki öz mənafeyini qorumaq üçün millətini qurban verəni də, öz millət və dövlətini qorumaq üçün düşünmədən canını fəda edəni də qiymətləndirən xalqdır. Həmişə millətə ruh verən və nümunəvi insanların yetişməsində böyük rola sahib olanlar ədəbi liderlər olmuşdur. Məhz ədəbi liderlər deyirik. Çünki insanlar əsarətə düçar olub hər cəhətdən əzildiyi vaxtlatlarda xarici qüvvələrə qarşı birlik yarada bilmək üçün ən çox ruhi əziklikdən qurtulmağa möhtac olurlar. İnsanlarda ruh yüksəkliyi və mübarizə əzmi yaratmaq xüsusunda ədəbi liderlərin rolu böyükdür. Rus yazıçısı Qriqori Petrov qələmə aldığı Bir millətin oyanışı adlı əsərini roman kimi yazsa da, eyni zamanda Finlandiya xalqının inkişafı və özlərini başqa millət və dövlətlərin boyunduruğundan qurtarma tarixi idi bu əsər. O əsərdə hər şeyi başladan qəlbi vətən sevgisi ilə dolu bir neçə insan idi. Diqqət edilərsə yaxın üç qitədə hökm sürmüş Osmanlı ordusu müharibələrə gedərkən şeirlər, qəsidələr və marşlar oxuyaraq əsgərləri ruhlandırmaq üçün Mehtər qrupunu həmişə yanlarında aparardı. Bəzənsə ədəbiyyat liderləri bir çox insan tərəfindən əhəmiyyətlə qarşılanmamaqdadır.

      Bəs nəyə görə liderdir bunlar?...

                 Çünki bir lider insanları yönləndirə bilər. Onlar da könüllərindəkini qorxmadan çəkinmədən şeir, hekayə, roman  və bu kimi fəaliyyətləri ilə insanları düşüncə yuxusundan oyadarlar.

                 Bundan sonra insanları istiqamətləndirən isanlar çıxır xalqın içərisindən. Ədəbi liderlərin ruhlandırıcı kəlamları onlarda olan cəsarətə cəsarət qatır. Ona görə də tarixlər boyu hər bir xalq öz öndəriylə yanaşı o ədəbiyyat ərlərinin adını da çəkir. Ancaq qəlbi vətən sevgisi, millət eşqiylə dolu olan insanlar etdiyinin fərqində olur. Yenə tarixi vərəqlədiyimiz vaxt görürük ki, vətəni üçün canını qurban edən liderlər sinələrinin Allah, peyğəmbər və vətən eşqiyə dolu olması səbəbiylə milləti cuşa gətirmək üçün qəzəllər, qəsidələr yazarlar. Belə insanlar sadəcə keçmişdə qalmadı, günümüzdə də bu cür insanlar öz varlığını davam etdirir. Dedikləri sözlər şeir  kimi olmasa da şeir kimi qüvvəli və təsirlidir.

               Təəssüf ki, indiki gənclərimiz özlərinə nümunə insan seçmək xüsusunda çox yanılırlar. Bir çoxları şöhrətin əsiri olan, milli-mənəvi duyğulardan, vətən sevgisindən bixəbər olan saxta qəhrəmanları sevməkdən və onların həyat tərzini izləməkdən düşünməyə fürsəti tapa bilmir ki, nə üçün və harada yaşadığını anlasın. Bir də o şair bizim, bu  yazıçı bizim deyə səs-küy salan bəzi xalqlar kimi biz də belə mübahisələrlə özümüzü aldatmaqdansa, mübahisəsini elədiyimiz şəxsiyyətlər kimi şəxsiyyət olmağa çalışsaq daha yaxşı olardı. Çünki ot kökü üstə bitər sözü böşuna söylənməmişdir. Onsuz da kimin hansı millətdən olduğu hamıya məlumdur. Ən əhəmiyyətlisi nümünəvi insanları örnək alaraq nümunəvi olmaqdır.

               Hal hazırda Nizami, Füzuli, Mövlana və bir çox ədiblər haqqında proqramlar keçirilir, sözlər deyilir kameralar qarşısında. Görəsən onları mənimsəyib, onlarla öyünüb kameralara qarşı onları tərifləməkdənsə, bu yazıçı, şair və mütəfəkkirlərin əsərlərindən heç olmazsa birini açıb oxuyan var mı?

      • Hits: 847 clicks

      Tecox component by www.teglo.info