Həzi ASLANOV - GÖZƏL GƏLƏCƏK GƏNCLƏRLƏ GƏLƏCƏK

      Share

      Gənc və gənclik elə bir məfhumdur ki, hər işə xüsusi bir məna, əlavə bir dəyər və tərifi mümkün olmayan həyəcan və ümid  qatır. Gənc sahibkar, gənc iş adamı, gənc mühəndis, gənc alim, gənc həkim, gənc siyasətçi və s. İstənilən peşənin, bütün növ ixtisasların önünə gənc sözü gəldikdə bu həmin işə və peşəyə olan baxışınızı dəyişdirir və diqqətinizi çəkir. Çünki hər zaman gənclər arzu olunan, istənilən və ümid edilən olmuşdur. Gəncin əlindəki imkanlar daha geniş, önü daha aydındır. Ona görə ki,  birinci növbədə, onda gəncliyin verdiyi güc, qüvvət, həyəcan və enerji var. İkinci səbəb ətrafında ona yön göstərəcək, təcrübələrini onunla paylaşacaq yaşlı və gün görmüş insanların  olmasıdır. Belə insanlar ona bəlkə də altmış, yetmiş ilə qazanacağı təcrübə və bilikləri qısa və kəsə yoldan verməkdədir.

      Gənc - düşünən, maraq edən, sual soruşan, xəyal edən, can atan, yeniliklər axtaran, dəyişiklikləri sevən biridir. Beləcə, hər zaman axtarışda olmaqda, yeni bir şeyin xəyalları arxasınca gedərək nəsə etmə, hər hansı bir işlə məşğul olma dərdindədir. Belə olan halda ortaya bu suallar çıxır: Gənclər nə etməlidir? Haradan başlamalıdır? Gəncləri düşünənlər və gənclərlə çalışanlar nə etməlidir? Qısası, gələcəyimiz olan gənclər üçün nəyi, necə etməliyik?

      Bütün bu sualları gənclər və onları yetişdirənlər nöqteyi-nəzərindən cavablandıranda qarşımıza bir çox öhdəliklər çıxmaqdadır.

      Əgər gəncliyin ruhu sahibsiz və baxımsız bir tarla kimi özbaşına buraxılsa, orada alaq otları və kollar bitər. Bu mənada ən çox diqqətdə saxlanılmalı olan və qayğıya ehtiyac duyulan bir mövzudur, gənclik və onun dəyəri. Bunun üçün fərqindəlik yaradılaraq mövcud problemlərə fokuslanmalı və düzgün diaqnozlar qoyulmalıdır.

      Hər şeydən əvvəl düzəldilməsi lazım olan bəzi məfhumlar, konsepsiyalar var. Bunlardan birincisi “üç günlük, beş günlük dünyadır, istədiyini et” anlayışıdır. Unudulmamalıdır ki, hər şeyin həddi var. Həyatda həddini aşan, normasını keçən və balansı pozan hər şey ifratdır. Bəzən də “mən yaşamadım, oğlum (qızım) yaşasın” deyib, sonda ipin ucunu buraxacaq yanlışlara da düşülməkdədir. Ona görə də bu cür konsepsiyalar dəyişdirilməli, nəyin necə olacağına dəyərlər prizmasından baxmaqla doğru metodlar müəyyən edilməlidir.

      Digər bir məsələ boş vaxt anlayışıdır. “Bekarçılıqdır” deyib zamanı və vaxtı öldürmək əldə olan ən böyük sərmayəni hədər etməkdən daha betərdir. Hər hansı bir maddi sərmayə geri qaytarıla və ya təkrar əldə oluna bilər. Ancaq ömür, zaman, gənclik kimi bahabiçilməz nemətlər oxdan çıxmış yay kimidir. Gedərsə, əldən çıxarsa, bir daha geri qayıtmaz. Ona görə də boş vaxt yoxdur, boşa keçirilən vaxt vardır.

      Gənclərin gələcək həyatında onlara müsbət təsir edəcək, şəxsiyyət kimi formalaşmalarına təkan verəcək işləri təsbit edərək onların həmin işlərə cəlb olunması valideyn və müəllimlərinin üzərinə düşən ən mühüm vəzifələrdəndir. Hər birimizi əlimizin altındakılardan məsul tutan Rəbbimiz övladlarımızdan, yetişdirmək və öyrətməklə məsul olduqlarımızdan da bizi hesaba çəkəcəkdir.

      Arif bir şəxs: “Bir məmləkətin gələcəyi haqqında fikrə sahib olmaq üçün münəccim olmağa gərək yoxdur. Həmin məmləkətin gənclərinə baxaraq o xalqın gələcəyi haqqında təsəvvürə sahib olmaq mümkündür”, - deyir. Bəlkə də “gələcəyimiz öz əlimizdədir” deyərkən elə bu nəzərdə tutulur. Bəli, gəncləri tərbiyə etməklə əslində gələcəyimizi qurur, onu inşa edirik.

      Çin atalar sözündə belə bir ifadə var: “Bir il sonrasını düşünürsənsə, bir toxum ək. On il sonrasını düşünürsənsə, bir ağac ək. Yox əgər yüz il sonrasını düşünürsənsə, o zaman xalqını maarifləndir...” Planı təkcə bu gün üçün olmayan, gələcəyi və gələcək nəsilləri də düşünən biri bunu göz qabağına gətirməlidir. Əslində bu hər birimizin ümdə vəzifəsidir; maariflənmək və maarifləndirmək...

      Yolların çiləli olması bizi əsl hədəf və məqsədimizdən yayındırmamalıdır. Ən çətin iş insan tərbiyələndirmək işi olsa da, bunu özümüz, ailəmiz, yaxınlarımız, ölkəmiz, ümumilikdə dünyamız və sağlam gələcəyimiz üçün etmək məcburiyyətindəyik. Fatehlər yetişdirmək istəyiriksə Ağşəmsəddinlər olmalıyıq.

      Min bir hiylələrlə gənclərimizi və gəncliyimizi əlimizdən almaq istəyənlərə fürsət verməməliyik. Gənclərin önünə qurulan tələlərə düşməmələri üçün səfərbər olmalı, rol model missiyamızı da unutmadan layiqiylə yerinə yetirməliyik.

      Unutmayaq, ən parlaq gələcək sağlam və doğru istiqamətdə böyütdüyümüz gənclərlə gələcək.

      • Hits: 22 clicks

      Tecox component by www.teglo.info