Mübariz ƏLİOGLU - QƏDƏR HÖKMÜNDƏKİ SƏBİR MÖHRÜ

      Share

      Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “De ki (Allah belə buyurur): Ey inanan qullarım! Rəbbinizə qarşı gəlməkdən çəkinin. Bu dünyada yaxşılıq edənlər yaxşılıqla qarşılaşacaqlar. Allahın mülkü genişdir. Səbir edənlərə mükafatları hesabsız veriləcəkdir”. (əz-Zümər, 10)

      Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

       Yaşadığımız dünyada insanın maddi və mənəvi rifahını zirvəyə daşıyacaq Haqqa qulluq məsuliyyəti insanlıq fitrətinə yaraşmayan mənfi əxlaq təmayülləri ilə əsl hədəfindən uzaqlaşdırıldığı üçün bəşəri münasibətlər özünün ən acınacaqlı - cahiliyyə və haqsız zülm ilə bütünləşən böhran dövrünü yaşamaqdadır. Qulluq məsuliyyəti ilə səbirlə ünsiyyət quraraq bu əvəzsiz neməti yaşamaq həyatımızın ən ali tələbləri sırasında önəmli mövqe tutmalıdır. Übeydullah Əhrar həzrətlərinin ifadəsi ilə: “Qulluğun həqiqəti təvazö, xüşu və könül qırıqlığı ilə Haqqa səmimi bir niyazdan və Hz. Muhamməd əleyhissalama üsuluna uyğun məhəbbət və səmimiyyətlə tabe olma mərifətindən ibarət olmalıdır”.  Qulluq həqiqətini nəfsani maneələri aşaraq bütün əzəməti ilə qəlbə səbirlə yerləşdirmə səadəti insan övladına imtahan meydanında zəfər qazandıracaq  həm yeganə, həm də ən təsirli  qurtuluş vasitəsidir. Fani kimliklərini imtahanın ağırlığına baxmayaraq təslimiyyət və səbrin həyat verən ruhuna bürüyənlərin qurtuluş hekayəsi bunun ən bariz nümunəsidir:

       “Zahiri və batini elmlərdə bənzəri olmayan Abdurrahman əfəndinin çoxlu tələbəsi, xüsusən də yanında  elmi və mənəvi məsafələr qət edərək kamilləşən sadiq davamçıları var idi. Sevimli tələbələrindən Bilal o dərəcədə tərəqqi etmişdi ki, bir gün artıq Lövhi-Məhfuzu (yəni bütün anların, olmuş və olacaqların, bütün varlıqların, bir sözlə, hər şeyin yazıldığı ilahi mühafizə lövhəsini) kəşf edəcək və ona nəzər yetirəcək hala gəldi. Lövhi-Məhfuzu diqqətlə incələyən Bilal həyatda ona ata-anasından daha sevimli və əziz olan ustadının isminin cəhənnəmi haqq edən günahkarlar arasında yazıldığını görəndə dəhşətə qapılır: “Məni səmimi bir insan olaraq səbirlə yetişdirən ustadım niyə cəhənnəmliklərin arasındadır? Aman Allahım! Mən nə əcaib bir şeylə qarşılaşıram”, - deyən Bilal tərifi imkansız bir mənəvi sarsıntıyla baş-başa qalır. Bütün aləmin dərdlərini üstünə yıxılmış kimi hiss edən Bilal bu acı xəbəri ustadına bildirmək istəsə də, buna heç cür cürət etmir. Gec də olsa, hüzura müdhiş bir üz qarası ilə sürünə-sürünə gələn Bilal udqunaraq bunları söyləyir: “Sevgili əfəndim!  Nə qədər ağır olsa da, Lövhi-Məhfuzdakı halınıza vaqif oldum. Adınız günahkarlar, cəhənnəmliklər siyahısındadır”.

      Üzüntü dolu baxışlarla ustadına yönələn Bilal Abdurrahman əfəndinin həyəcandan titrəyən cismini süzməyə macal tapmamış onun cavabı qarşısında tərpənməz bir heykəl kəsilir: “Oğlum! Sənin gördüyünü mən düz qırx ildir ki, müşahidə edirəm”. Heyrəti bir anda coşan Bilal: “O halda necə olur ki, heç bir ümidsizliyə düşmədən tam bir ixlasla bizləri yetişdirməyə davam edirsiniz?”- deyə soruşduqda ustadı bu ibrətli cavabı verir: “Nə edim, övladım? Gedəcək başqa bir qapı varmı? Bilirəm ki, Rəbbim çox uca və inanılmaz bir mərhəmət sahibidir. O mübarək qatda nə isə “yanlış yazıldı” cəhalətinə  əsla qapılma! Rəbbim bir insan nəyə layiqdirsə onu yazar. Demək ki, indiki halda buna layiqəm. Mən daha gözəlinə layiq olsam, yazım da halıma görə dəyişib gözəl yazıla bilər. Bunun belə olacağı ümidini heç vaxt itirmirəm”.

      Bilal acılı göz yaşlarını silə-silə başını ustadının sinəsinə qoyaraq onu qucaqlayır. İki aciz bədənin bir hüzn atəşinə qapılmış qəlbdə birləşməsi ilə Yaradana təsviri imkansız niyaz sədalarının yüksəlişi başlayır. İlahi rəhmət axışlarının qəlbini silkələyən ecazkar duyğuları ilə bir an özünə gələn Bilal Lövhəyə nəzər yetirir və görür ki, sevgili ustadının adı cəhənnəmliklər siyahısından çıxarılaraq cənnətliklər siyahısına qeyd edilmişdir. Yazıda bunlar da var idi: “İlahi imtahan qarşısında nümayiş etdirdiyi fövqəladə nəzakəti və səbri hörmətinə ismini günahkarlar siyahısından çıxarıb xeyirxahlar siyahısına əlavə etdik. O dözümü və imanı ilə buna layiq olduğunu göstərdi. Biz də ədalətimizlə hökm edərək onu layiq olduğu yerə qeyd etdik”.

      Rəbbinin lütfkarlıq ehsanı qarşısında Abdurrahman əfəndi: “Allahım! Sənin eşq süfrəndən qidalanmaq üçün bu acizə yer göstərdikdən sonra  könlümün tələbi ilə yer süfrəsindən ayrılmam lazımdır”, - deyərək səcdəyə qapanır və ruhunu Rəbbinə təslim edir.

       İlahi qədər hökmünün  yalnız Rəbbimizin razı olduğu ilahi  nəzakət və ilahi səbir əxlaqı ilə  möhürlənərək əbədi qurtuluşa səbəbiyyət verəcəyini fədakar davranışı ilə isbat edən  Abdurrahman əfəndiyə və bütün Haqq  aşiqlərinə salam olsun.

      • Hits: 49 clicks

      Tecox component by www.teglo.info