Müşfiq XƏLİLOV - ALLAHIN RAZI QALDIĞI NƏSİL

      Share

      Uca dinimiz İslam Allah-Təalanın qullarına göndərdiyi son və mükəmməl dindir. İslam onu yaşamaq üçün göndərilmişdir. Bu baxımdan hər müsəlman İslamı düzgün başa düşməli və onu həyatında tətbiq etməlidir. İslamı düzgün başa düşmək və tam olaraq yaşamaq üçün Peyğəmbərimizin (s.ə.s) və Onun şərəfli səhabələrinin həyatlarını öyrənərək onların İslamı necə yaşadıqlarını bilmək lazımdır. Çünki Allah Rəsulunun (s.ə.s) və onun səhabələrinin həyatı bütün müsəlmanlar üçün nümunədir.

      Uca Allahın Qurani-Kərimdə mədh etdiyi, Rəsulullahın (s.ə.s) təriflədiyi səhabələrin həyatı tamamilə iman, ibadət, əxlaq və fəzilət qaynağıdır. Tarix boyu İslam mücahidləri, İslama könül verən, İslamı tam mənası ilə yaşamaq istəyən hər bir müsəlman onların həyatlarını nümunə götürmüşdür.

      Allah-Təala bəhs etdiyimiz bu nəsli Qurani-Kərimdə bizə belə təqdim edir:

      “Muhamməd (s.ə.s) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların nişanəsi üzlərində olan səcdə yeridir”. (əl-Fəth, 29)

      Başqa bir ayədə isə Uca Allah onlar haqqında belə buyurur:

      “(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından irəli düşən) mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdır. (Allah) onlar üçün əbədi  qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!” ( ət-Tövbə, 100)

      Peyğəmbərimiz (s.ə.s) də bir hədisi-şərifində səhabələrdən olan ənsar haqqında belə buyurmuşdur:

      “Onları ancaq mömin olan kimsələr sevər. Onlara ancaq münafiq olanlar düşmənçilik edər. Kim onları sevərsə, Allah da o kimsəni sevər. Kim onlara nifrət edərsə, Allah da onlara nifrət edər”. (Buxari, Müslim, Muxtarul-əhadis s. 194.)

      Allahın və Rəsulullahın (s.ə.s) mədh etdiyi səhabələr Allahın rizasını qazanmaq üçün, Onun dinini yaşamaq və təbliğ etmək üçün canlarını və mallarını qurban vermişlər. Onlar bu yolda çox işgəncələr çəkmiş, ac qalmış, susuz qalmışlar. Onların bütün həyatı tamamilə İslamı təbliğ etməklə keçmişdir. Onlar dünya zövqlərini unutmuş, öz rahatlıqlarını tərk etmişdilər. İslam uğrunda evlərini, mallarını və yurdlarını tərk edib hicrət etmişdilər. Nəticədə onların bu fədakarlıqları ilə İslam bütün Ərəbistan yarımadasına yayılaraq güc və qüvvət qazanmışdır.  

      Səhabələrin həyatını öyrəndikdən, onların Rəsulullaha (s.ə.s) bağlılıqlarını gördükdən sonra bu gün biz müsəlmanlar İslamı neçə faiz yaşayırıq, İslam uğrunda nəyi fəda edirik və nəyi fəda etməyə hazırıq deyə düşünməyimiz lazımdır. Biz də onlar kimi Allahın dinini yaşatmaq və təbliğ etmək üçün canımızı və malımızı verməyə hazırıqmı? Bu yolda onlar kimi ac-susuz qalmağa, hər cür işgəncələrə məruz qalmağa,  Allahın rizasını insanların rizasından üstün tutmağa  hazırıqmı? Hz. Əbu Bəkr kimi din üçün, İslamın müdafiəsi üçün bütün var-dövlətimizi İslama bağışlamağa hazırıqmı? Hz. Həbbab bin Ərət kimi müşriklərin verdiyi işgəncələrə, qızğın közün üzərində çılpaq bədənlə yatmağa dözəcək qədər imanımız varmı? İçimizdə Hz. Ömər kimi: “Mən səni anamdan da, atamdan da, öz canımdan da daha çox sevirəm, ya Rəsulallah!” deyə biləcək qədər Peyğəmbər sevgisi varmı? “Anam-atam sənə fəda olsun, ya Rəsulallah!” deyən səhabələr qədər fədakarıqmı?

      O halda gəlin, Allah Rəsulunun (s.ə.s) və onun şanlı səhabələrinin həyatlarını yaxşı öyrənək. Onların Allahın dinini yaymaq üçün çəkdikləri əzab və işgəncələrdən ibrət alaq. Onların Allaha və Rəsulullaha (s.ə.s) bağlılıqlarını özümüzə nümunə götürək. Çünki onlar Allahı görürmüş kimi həssas duyğularla müttəqi bir həyat yaşayırdılar.

      Mövzumuzla əlaqəli son söz Abdullah ibn Ömərindir (r.a):

      “Onlar Muhammədin (s.ə.s) səhabələridir. Müəzzəm Kəbənin Rəbbi olan Allaha and içirəm ki, onlar doğru yoldadırlar. Bunun üçün yolunuzu və əxlaqınızı onların yolları və əxlaqına bənzədin!..” (Hilyətül-əvliya, Əbu Nuaym, İsfahani c. 1 s. 3005.)

      • Hits: 48 clicks

      Tecox component by www.teglo.info