Ramiz MƏMMƏDOV - TARİXSƏLLİK

      Share

      Tarixsəl olmaq tarixin bir bölümündə qalan, vaxtilə müəyyən bir kütləyə və ya zamana məxsus olan deməkdir. Dini baxımdan isə “tarixsəllik” Qurani-Kərimin bəzi ayələrindəki hökmlərin öz dövrünə aid olduğu, yəni bu günə aid olmadığı iddiasını ifadə edir.

      Tarixsəlçilərə görə, Qurani-Kərimin mənası Allaha, ləfzləri isə Hz. Peyğəmbərə aiddir. Bu da o deməkdir ki, Allah-Təala peyğəmbərinin qəlbinə ümumi qaydaları vəhy etmiş, O da dövrünün sosial-mədəni, elmi-texniki vəziyyətini nəzərə alaraq öz ləfzi ilə ona gələn vəhyi yorumlamışdır. Qurani-Kərimdə zikr olunan mələk, qədər, namaz, oruc, zəkat kimi məfhumlar ərəblər tərəfindən bilindiyinə görə bunlar Quranda yer almış, eyni zamanda Qurani-Kərimdə bildirilən bəzi əmr və qadağalar o dövrün sosial vəziyyətinə görə meydana gəlmişdir.

      Əvvəla onu qeyd etmək lazımdır ki, müqəddəs kitabların tarixsəlliyi ilə bağlı düşüncənin mənşəyi Qərbdir. Çünki kilsə nəinki insanların dünya və axirətlərini abad edəcək fikir və düşüncəyə sahib deyildi, hətta insanların inkişafının qarşısını almaqda inad edirdi. Dünyanın fırlandığını iddia etdiyi üçün Qalileyin kilsə tərəfindən bu fikri inkar etməyəcəyi təqdirdə edam olunmaqla təhdid edildiyi məşhur hadisədir. Belə demək mümkündürsə, orta əsrlərdə xristian aləmi bir dalana dirənmişdi. Bir tərəfdə elmin sübut etdiyi həqiqətlər, bir tərəfdə bu həqiqətləri inkar edən dini təzyiq. Qərb tarixsəlçiləri İncildə var olan hökmlərin Hz. İsanın dövrünə aid olub bu gün onun hökmlərinin qüvvədə olmadığını iddia etdilər. Onlara görə, İncildən insanlara lazım olan sadəcə ədalət, bərabərlik və hürriyyət məfhumları idi. Bu fikir kilsəni həyatın içərisindən kənarlaşdırırdı.

      Nə təsadüfdür ki, Quran haqqında onun müəyyən tarixə aid olduğunu iddia edənlərin fikirləri İncil haqqında ortaya atılan fikirlərlə eyni məzmunludur. Halbuki bu iddia, bəlkə də, İncil üçün həqiqət ola bilər. Ona görə ki, günümüzdə var olan İncillərin heç biri Hz. İsa tərəfindən yazdırılmamış, on illər keçdikdən sonra Hz. İsanın buyruqları başqaları tərəfindən əskiyi və artığı ilə qələmə alınmışdır. Beləliklə, Allah tərəfindən göndərilən ilahi kitaba bəşər ifadəsi, bəşər müdaxiləsi baş vermişdir.  Qurani-Kərim isə həm mənası, həm də ləfzi Allaha aid olmaqla birlikdə, şəxsən Hz. Muhamməd tərəfindən yazdırılmış, o gündən bu günə kimi bir hərfi belə dəyişdirilmədən həm yazılı mənbələrlə, həm də müsəlmanların əzbərində davam edib gəlmiş,  qiyamətə qədər də Allah tərəfindən onun bir hərfinin belə dəyişdirilməyəcəyinə dair təminat verilmişdir. Belə olan halda Qurani-Kərim ilə digər ilahi kitablar necə eyni tutula və onda var olan hökmlər endirildiyi dövrlə məhdudlaşdırıla bilər?

      Əlbəttə, Qurani-Kərim tarixin bir dövründə nazil olmuş, o dövrdə yaşayan insanların həyatında tətbiq edilərək tarixi bir hadisəyə çevrilmişdir. Bir çox ayələr müəyyən səbəblər üzərinə, ya da hansısa sual əsasında nazil olmuşdur. Bütün bunlar Quranın tarixsəlliyinə dəlil sayıla bilməz, əksinə, səhabeyi-kiram tərəfindən tətbiq edilən, bəzi hökmlərin doğru anlaşılması üçün müəyyən səbəblərlə endirilən ilahi əmr və qadağalar onu bir nəzəriyyə kitabı olmaqdan çıxartmış, tətbiq edilə bilən bir kitab halına gətirmişdir. Onu da qeyd etmək lazımdır ki, bütün bunlar baş verməsəydi, bu, həmin ayələrin nazil olmayacağı mənasına gəlməz. Buruc surəsinin 21-22-ci ayələrində Qurani-Kərimin nazil olmadan əvvəl lövhi-məhfuzda yer aldığı bildirilir. Həmçinin Qurani-Kərimin mübarək bir gecədə, yəni Qədr gecəsində toplu olaraq dünya səmasına, Beytul-izzəyə endirildiyi xəbər verilir. (Bəqərə 2/185; Qədr 97/1; Nəsai, X, 205, 341). Bunlar onu göstərir ki, Qurani-Kərim kəlamullah olaraq öncədən var olmuş, hansısa hadisələrə görə sonradan yaradılmamışdır.

      Tarixsəlçilərin tutduqları mövqeyin səhv olduğunu göstərən başqa bir xüsus da onlara görə öz hökmünü itirən ayələr üzərində həmfikir ola bilməmələridir. İşin başqa maraqlı tərəfi də ondan ibarətdir ki, hansısa əmrin ortadan qalxdığını iddia etdiklərində bunun məntiqi əsasını gətirə bilmirlər. Məsələn, hansı əsasa görə namaz əmri, oruc və ya həcc ibadətinin hökmü bu gün və ya gələcək illərdə qalxacaq? Bütün bunlar tarixsəlçilərin fikirlərinin çürüklüyünü göstərir.

      1400 ildən artıq zaman keçməsinə baxmayaraq Qurani-Kərimdə istər əxlaqi dəyərlərlə, istərsə də endirildiyi dövrdən əvvəlki illərə dair verdiyi xəbərlərlə, daha sonra baş verəcək gələcək xəbərləri ilə, fərd və cəmiyyəti maraqlandıran məsələlərlə bağlı verdiyi hökmlər əsla dəyərini və əhəmiyyətini itirməmişdir. Və yaxud elmi sahədə nəinki hansısa elmi kəşflərlə təzad təşkil etsin, hətta kəşf olunan şeylərin Qurani-Kərimdə yer aldığının görülməsi baxımından bu günə kimi Qurani-Kərimlə ziddiyyət təşkil edəcək heç bir hadisə baş verməmişdir. Bu bir daha onu göstərir ki, Qurani-Kərim bu günə qədər öz qüvvəsini qoruduğu kimi, bundan sonra da onu təhrif etməyə çalışan düşmənlərinin hücumlarına baxmayaraq öz hökmünü qoruyacaqdır.

      • Hits: 57 clicks

      Tecox component by www.teglo.info