Dr. Səfa MURADOV - BİR HƏDİS

      Share

      عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: أَفْضَلُ الصِّيَامِ، بَعْدَ رَمَضَانَ، شَهْرُ اللهِ الْمُحَرَّمُ، وَأَفْضَلُ الصَّلَاةِ، بَعْدَ الْفَرِيضَةِ، صَلَاةُ اللَّيْلِ

      Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Ramazandan sonra tutulan ən fəzilətli oruc Allahın ayı olan Məhərrəm ayında tutulan orucdur...". (Müslim, Siyam, 202; Tirmizi, Salət, 324)

      Məhərrəm ayı Həzrət Ömərin xəlifəliyi dövründə 638-ci ildə qəməri təqvimin ilk ayı olaraq qəbul edilmişdir. Bu ay İslam dininə görə dörd haram aydan biridir. (ət-Tövbə, 9/36) Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb aylarından ibarət olan bu aylar İslamdan öncə də ərəb cəmiyyətində digər aylardan fərqli olaraq qəbul edilmiş və bu aylarda insanlar pisliklərdən çəkinərək yaxşı əməllərini çoxaltmağa diqqət etmişdirlər. Qurani-Kərimdə Uca Allah bu aylara qarşı hörmətsizlik etməməyi (əl-Maidə, 5/2) və bu aylarda savaşmağın böyük günah olduğunu açıqlamışdır. (əl-Bəqərə, 2/217)

      Hədisi-şərifdə Həzrət Peyğəmbər (s.ə.s) Məhərrəm ayını "Allahın ayı" olaraq vəsf etmişdir. Əslində zamanı xəlq edən Allah olduğuna görə, zamana daxil olan bütün aylar Allah dərgahında dəyərlidir. Məhərrəm ayının "Allahın ayı" olaraq vəsf edilməsi isə bu ayın önəminə xüsusi diqqət çəkmək məqsədini daşımaqdadır. Belə ki, haram ay olan bu ayda Allahın qoyduğu müəyyən hüdudlar vardır ki, bu hüdudlar Allahın rizası gözlənərək pozulmamalı və hər kəs bu aya xüsusi hörmətlə yanaşmalıdır.

      Hədisdə Məhərrəm ayında tutulan orucun Ramazan orucundan sonra ən fəzilətli oruc olduğu qeyd olunmuşdur. Bu mənaya əsasən ümmətinə nümunə olan Həzrət Peyğəmbərin Ramazan orucundan sonra ən çox oruc tutduğu ayın Məhərrəm ayı olduğu fikri ağıla gəlməkdədir. Lakin hədislərə baxdıqda Həzrət Peyğəmbərin Ramazandan sonra ən çox oruc tutduğu ayın Şaban ayı olduğu görülür. (Buxari, Savm, 51). İmam Nəvəvi bunun səbəbini: "Ola bilsin ki, Həzrət Peyğəmbər Məhərrəm ayının fəzilətini ömrünün sonlarına doğru öyrənmişdir", - deyərək açıqlamaqdadır. (Nəvəvi, Minhac, VIII, 55). Məlum olduğu kimi, Aşurə günü də Məhərrəm ayındadır. Aşurə günü oruc tutmaq da Həzrət Peyğəmbərin öz ümmətinə tövsiyə etdiyi oruclardandır. (Buxari, Savm, 68). Ramazan ayından sonra tutulan ən fəzilətli oruc ilə Aşurə orucunun qəsd olunması da mümkündür.

      Mənbələrdə Qüreyş qəbiləsinin cahiliyyə dövründə aşurə orucunu tutduqları, Həzrət Peyğəmbərin də bu orucu onlarla bərabər tutduğu qeyd olunur. (Buxari, Savm, 68). Ramazan orucu fərz olduqdan sonra Peyğəmbərimiz aşurə orucunu tutmağı insanların öz ixtiyarına buraxmışdır. Lakin yəhudilərə bənzəməmək üçün təkcə aşurə günü deyil, aşurə günündən bir gün öncə və ya bir gün sonrakı gün ilə birlikdə tutulmasını tövsiyə etmişdir. (Müsnəd, IV, 52 (2154))

      • Hits: 56 clicks

      Tecox component by www.teglo.info