Alpay ƏHMƏD - TOVUZ DÖYÜŞLƏRİ RUH YÜKSƏKLİYİ VƏ SİYASƏT KONTEKSTİNDƏ

      Share

      Bu ilin iyul ayının 12-sindən başlayaraq bir neçə gün ərzində Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə sərhədində yerləşən strateji yüksəkliyi tutmaq üçün başladığı hərbi əməliyyatlar məlum münaqişəni növbəti dəfə kəskin həddə gətirib çıxarmış oldu. Tovuz əməliyyatı, eləcə də 2016-cı ilin aprelində Qarabağda gedən 4 günlük müharibə 1991-1994-cü il 1-ci Qarabağ müharibəsindən sonra qismən də olsa, genişmiqyaslı döyüş əməliyyatları sayıla bilər.

      Tovuz əməliyyatı haqda hansı ilkin nəticələrə gəlmək olar? Hər şeydən  öncə, Azərbaycan ordusu növbəti dəfə düşmən hücumuna hazırlıqlı olduğunu nümayiş etdirmiş oldu. Davamlı olaraq edilən hücumların intensivliyinə baxmayaraq, düşmən itkilər verərək geri oturduldu. Mövqe xarakteri daşıyan bu döyüşlərdə növbəti dəfə Azərbaycanın xaricdən aldığı silahlar və texnikadan uğurla, müvafiq şəkildə istifadə edildi; söhbət ilk növbədə pilotsuz uçan aparatların erməni mövqelərinə endirdiyi sərrast zərbələrdən gedir.

      Tovuz döyüşlərində ən önəmli cəhət Azərbaycan xalqı arasında ruh yüksəkliyinin olması idi. Prezidentin intensiv olaraq ictimaiyyətə verdiyi açıqlamalardan sonra minlərlə gənc hərbi komissarlıqda qeydiyyata düşərək cəbhə bölgəsinə yollanmağa hazır olduğunu bildirdi. Bu müharibədə Azərbaycan tarixində ilk dəfə olaraq general rütbəsində olan şəxs Polad Həşimovun və artilleriyaçı polkovnik İlqar Mirzəyevin səngərdə şəhid olması ruh yüksəliyini gücləndirən vacib amillərdən biri oldu. Eyni zamanda on minlərlə azərbaycanlı Milli Məclisin qabağına yığışaraq vətənpərvər xarakterli şüarlar səsləndirdi. Düzdür, bu cür tədbirlərdə sırf maraq xatirinə iştirak edənlər də olur, amma istənilən halda, pandemiya şəraitində bu qədər adamın meydana axışması məhz bu ruh yüksəkliyindən xəbər verdi. Biz eyni ruh yüksəkliyini 2016-cı il aprel döyüşləri zamanı da görmüşdük.

      Aydın məsələdir ki, müharibəni tək ruh yüksəkliyi ilə udmaq olmur, müharibəni münbit geosiyasi şərtlər daxilində xalq ordu ilə bir yerdə udur və sözsüz ki, müasir əməliyyatlarda ordu həlledici rol oynayır. Məhz Tovuz əməliyyatları göstərdi ki, Ermənistan, ona ciddi xarici dəstək göstərən olmasa, Azərbaycana qarşı uzun zaman müddətində davam gətirə bilməyəcək.

      Tovuz əməliyyatlarından sonra qardaş Türkiyə növbəti dəfə Azərbaycana dəstəyini nümayiş etdirdi və ilk dəfə ən yüksək səviyyədə edilən açıqlamalarla Azərbaycan təhlükədə qalarsa, ölkəmizə hərtərəfli kömək edəcəyi bildirildi. Üstəlik, məlum bəyanatlardan sonra hər iki ölkənin silahlı qüvvələrinin iştirakı ilə Naxçıvan, Gəncə və digər ərazilərdə irimiqyaslı hərbi təlimlər keçirildi və “bir millət, iki dövlət” prinsipi növbəti dəfə öz təsdiqini tapmış oldu.

      Tovuz əməliyyatlarında Azərbaycan informasiya müharibəsini aparmaq bacarığını da göstərmiş oldu. Analoji mövzular ilə bağlı öncəki məqalələrimizdə qeyd etmişdik ki, keçən əsrin 80-90-cı illərində Azərbaycan informasiya cəbhəsində Ermənistan kimi uğurlu siyasət apara bilmirdi. Son iyirmi ildə beynəlxalq hüququn bizim tərəfdə olmasından istifadə edən Azərbaycan rəhbərliyi informasiya siyasətini düzgün qura bildi, hətta o dərəcədə ki, bu gün münaqişə ilə bağlı Rusiya KİV-lərində, ən azından, balanslı informasiyanın əks olunmasına nail olmuşuq. Bu istiqamətdə sözsüz ki, Azərbaycanın xarici ölkələrdə akkreditasiya olunan səfirliklərin, eləcə də diasporun fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

      Son olaraq bircə arzumuzu ifadə etmək qalır; söhbət gələcək döyüşlərin mövqe xarakterli deyil, torpaqların işğaldan azad olması ilə müşayiət olunmasından gedir.

      • Hits: 58 clicks

      Tecox component by www.teglo.info