İRFAN JURNALI “QLOBALLAŞAN DÜNYADA HƏYATIMIZA TƏSİR EDƏN AMİLLƏR” ADLI TƏDBİR KEÇİRİB

    PDF faylını alÇapE-poçt

      Share

      29 fevral tarixində “İrfan” jurnalı növbəti ənənəvi tədbirini keçirib. Belə ki, milli-mənəvi dəyərlərimizin təbliğinə xidmət edən jurnal tez-tez oxucuları bir araya gətirərək müxtəlif sahələrdə söz sahibi olan elm adamları ilə görüşlər təşkil edir. Jurnalımızın budəfəki qonağı İstanbul Səbahəddin Zaim Universitetinin müəllimi Dr. Ahmed Hamdi Yıldırım olub. “Qloballaşan dünyada həyatımıza təsir edən amillər” adı altında keçirilən seminarın əsas mövzusu dəyişən zaman və şərtlər qarşısında müsəlman şəxsiyyətimizi qoruyub saxlamaq, milli-mənəvi dəyərlərimizin keşiyində durmaq olub.

      Tədbiri açıq elan edən jurnalın baş redaktoru Nurlan Məmmədzadə qonaqları salamlayaraq bugünə qədər görülən işlərdən, eləcə də “İrfan” tərəfindən keçirilən bu kimi silsilə tədbirlərin əhəmiyyətindən söz açıb. Sonra söz jurnalın yazarı Dr. Rüfət Şirinovun təqdimatı ilə Dr. Ahmet Hamdi Yıldırıma verilib. Məruzəçi geniş çıxışında əvvəlcə qloballaşan dünyada baş verən dəyişikliklərdən söz açıb. Baş verən bu proseslərdə müsəlmanların üzərinə düşən vəzifələrdən danışıb. İslamın ümumbəşəri dəyərlərindən, ticarət əxlaqından, əxlaq prinsiplərindən bəhs edərək müasir dövrdə ən çox ehtiyac duyulan nümunəvi insan modeli formalaşdırmalı olduğumuzdan söz açıb. Məruzəsini sonlandıran alim iştirakçılardan gələn aktual sualları cavablandırıb.

      Sonda tədbirə ev sahibliyi edən Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim söz alaraq qonağa təşəkkür edib. Bu kimi maarifləndirici tədbirlərin cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq təşkilatçılara öz minnətdarlığını bildirib. Eyni zamanda tədbirdə iştirak edən Türkiyə Cümhuriyyətinin Bakı üzrə Din Xidmətləri müşaviri Zeki Yavuzyılmazı salamlayan natiq son sözü ona verib. Zeki Yavuzyılmaz da öz növbəsində məsələnin əhəmiyyətinə diqqət çəkərək bu kimi məclislərin təqdirəlayiq olduğunu bildirib. Çıxışın sonunda o, 26 fevral tarixində ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımı qurbanlarına və İdlibdə şəhid olan türk əsgərlərinə dualar edib.

       

      • Hits: 55 clicks

      Tecox component by www.teglo.info