Nicat QƏRİBOV - ƏSRİ-SƏADƏTDƏN ÜÇ ŞƏHİDİN HEKAYƏSİ

      Share

      “Yərmuk döyüşü sona çatmışdı. Bizansla müsəlmanlar arasında gedən şiddətli müharibə səngimişdi. Ox və mizraq zərbələri ilə ağır yaralanan müsəlmanlar qızmar qumların üstündə can verirdilər.

       Mən də çətinliklə özümü toplayıb əmim oğlunu axtarmağa başladım. Nəhayət, onu son nəfəsini vermək üzrə olan yaralı mücahidlərin arasında tapdım. Qanlar içində yerdə can verən əmim oğlu danışa bilmədiyi üçün sadəcə göz-qaş işarəsi ilə nə isə deyə bilirdi. Özümlə gətirdiyim su tuluğunu göstərib soruşdum: “Su istəyirsənmi?” Havanın hərarətindən və yaralarının ağırlığından qurumuş dodaqları cadar-cadar idi. Gözü ilə işarə edib istədiyini bildirdi. Tuluğun ağzını açıb ona tərəf uzatdım, suyu tam dodaqlarına çatdıracaqdım ki, bir az irəlidə Hz. İkrimənin səsi eşidildi: “Su, su! Nə olar bir udum su!” Əmim oğlu Harisə onun bu fəryadını eşidən kimi göz-qaş işarəsi ilə suyu İkriməyə verməyimi istədi. Qızmar qumların üstündə yatan şəhidlərin arasından qaça-qaça özümü Hz. İkriməyə çatdırdım, dərhal su tuluğunu ona uzatdım. İkrimə əlini suya yenicə uzatmışdı ki, Hz. İyasın iniltisi eşidildi: “Bir udum suuu!.. Allah üçün bir qurtum suuu!..” İkrimə bu fəryadı eşidən kimi əlini geri çəkərək işarə ilə suyu İyasa verməmi istədi. Əlimdəki su tuluğu ilə özümü İyasa çatdıranda isə kəlmeyi-şəhadət gətirib son nəfəsini verdiyini gördüm. Bu səfər qaça-qaça İkrimənin yanına gəldim. Suyu ona tərəf uzadırdım ki, şəhid olduğunu gördüm. Heç olmasa suyu əmim oğlu Harisəyə çatdırmaq üçün onun uzandığı yerə qaçdım. Lakin artıq iş-işdən keçmişdi. O da qızmar qumlar üstündə qıvrana-qıvrana ruhunu təslim etmişdi. Həyatım boyu bir çox hadisənin şahidi oldum. Amma heç biri məni bu qədər duyğulandırmadı. Aralarında heç bir qohumluq əlaqəsi olmayan bu üç müsəlmanın bir-birinə qarşı bu qədər fədakarlıq və şəfqətlə rəftar etməsi qibtə ediləcək iman təzahürü olaraq sonsuzadək yaddaşıma həkk oldu…”

      • Hits: 127 clicks

      Tecox component by www.teglo.info