155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Fuad QULİYEV - SEVGİ VƏ NƏZAKƏTİN ZİRVƏSİ

      Share

      Dünya həyatını ən az xəta və nöqsan ilə yaşamaq üçün hər insanın ehtiyac duyacağı bir yol göstərəni, bələdçisi, rəhbəri və bir mənada ona işıq tutan “fənəri” olmalıdır. Elə bir yol göstərici olmalıdır ki, həmin şəxs vasitəsilə onun həm dünya, həm də axirəti ilə bağlı işləri düzgün tənzimlənsin.

      Cəmiyyəti təşkil edən fərdlərin sağlam əqidə və ruha sahib olması üçün həmin cəmiyyətdə ailə nizamının sağlam təməllər üzərinə inşa edilməsi elə bir zərurət təşkil edir ki, heç bir şəkildə gözardı edilə bilməz. Fərdin tərbiyəsi və yetişmə prosesinin isə Allahın və Peyğəmbərinin arzu etdiyi xarakter və keyfiyyətə malik kişi və qadının meydana gətirdiyi ailə qurumundan başlayacağına heç şübhə yoxdur.

      Onun (s.ə.s) mübarək həyatından bizə işıq tutacaq çox sayda nümunələr vermək olar. Ancaq bu misilsiz nümunələrin çoxluğu çərçivəmizin hüdudunu aşacağına görə sadəcə bir qismi ilə kifayətlənmək məcburiyyətində qalacağıq.

      Möminlərin anası Hz. Aişə (r.a), Peyğəmbərimizin (s.ə.s) xanımlarına qarşı rəftarı diqqətə alındıqda,  onun insanların ən nəzakətlisi və gülər üzlüsü olduğunu bildirmişdir.

      Günümüzdə işi həddindən artıq çox olan  bir çox müsəlman ailələr (!) uşaqlarına və həyat yoldaşlarına vaxt ayırmaqda çətinlik çəkir və lazımi həssasiyyəti göstərə bilmirlər. Halbuki peyğəmbərlik kimi ağır və məşəqqətli bir vəzifəni icra edərkən belə Allah Rəsulunun (s.ə.s) ailəsinə kifayət qədər vaxt ayırmaqda ciddi etina göstərdiyini görmək mümkündür. “Nəfsinizin, ailənizin və hər bir haqq sahibinin üzərinizdə haqqı vardır. O halda hər haqq sahibinə haqqını verin!” buyuran Rəsulullahın (s.ə.s) qoyduğu bu prinsipə görə, kişi öz xanımına və uşaqlarına xas zaman dilimləri ayıraraq onlarla xoş zaman keçirə bilməlidir. Hətta belə bir zaman dilimində onların təlim-tərbiyələri ilə məşğul olmaları da düşünülməlidir. Çünki sevgili Peyğəmbərimiz (s.ə.s) özəl vaxt ayıraraq xanımlarının hər birinin sanki müəllim səviyyəsinə gəlməsinə xüsusi diqqət ayırmış və buna ciddi şəkildə nail ola bilmişdir. Hz. Aişənin (r.anhə) əshabın böyük fəqehlərindən biri olmasında və iki mindən çox hədis nəql etməsində onun üçün ayrılan vaxtın önəmli bir rolu olmuşdur.

      Rəsulullahın ev işlərində xanımlarına yardım etməsi məlum məsələdir. Bu gün bir çox insan onun bu xüsusiyyətini örnək alıb tətbiq etməkdə çətinlik çəkir və bəlkə də, bunu özünə ar bilir. Hansı ki, peyğəmbərimizin bu dərəcə ağır yükünə baxmayaraq ailəsinə olan nümunəvi münasibəti hər bir müsəlmana model olmalı, hər biri öz davranışlarının Onun (s.ə.s) hərəkətləri ilə üst-üstə düşüb-düşmədiyini daim yoxlamalıdır.

      “İnsanların əfəndisi onlara xidmət edəndir” buyuran Peyğəmbərimiz (s.ə.s) aləmlərə rəhmət olaraq göndərildiyi kimi, xanımları üçün də rəhmət vəsiləsiydi. Hz. Aişə (r.anhə) anamız Allahın Rəsulundan bəhs edərkən: “Evində paltarını tikən, ayaqqabısını yamayan, keçiləri sağan, öz işlərini görən sadə insan” kimi bizə tədqim edir.

      Peyğəmbərimizin ailə həyatında, əlbəttə, önəmli nüanslar var ki, həqiqətən, insanı dərindən sarsır. Xüsusilə peyğəmbərliyinin ilk illərində həyatını Hz. Xədicə (r.anhə) ilə birləşdirməsi və onun davasına ilk inanan insanlardan olması heç də təsadüfi deyildir. Peyğəmbərimiz bu mübarək anamız barəsində: “Mənə onun sayəsində ruzi verildi”, - buyurmuşdur. Budur, saf məhəbbətin təzahürü və onun dərindən hiss edilişi!..

      25 illik birlikdəliyin sonunda Hz. Xədicənin vəfatından sonra da onu tez-tez xatırlayar və xeyirlə yad edərdi. Tarixin ən əziz vəfa nümunəsi kimi aşağıda qeyd edəcəyimiz hadisə, bir peyğəmbərin dünyadan köçmüş xanımı üçün göstərdiyi bu diqqət çox dərin məna ifadə etməkdədir:

      İslam ordusu böyük bir ehtişamla Məkkəyə girmiş və şanlı komandan Peyğəmbərimiz (s.ə.s) dərin bir hüznlə illər əvvəl tərk etdiyi doğma yurduna geri dönmüşdü. Məkkənin idarəçiləri İslam ordusunun əzəməti qarşısında savaşmağa belə cəsarət etmədən şəhəri təslim etmişdi. Həmin günün axşamında qaranlıq çökməyə başladığında Peyğəmbərimizə harada gecələmək istədiyi soruşulmuşdu. O da Hacun bölgəsində ona bir çadır qurulmasını istəmişdi. Çadırın qurulacağı yer Cənnəti-Muallanı qarşıdan görən bir yer idi və Hz. Xədicənin məzarının tam qarşısı idi. Müzəffər bir ordu komandanı olaraq Məkkənin istədiyi ən gözəl evində qala biləcəyi halda məhz çox sevdiyi xanımının məzarının qarşısında çadır qurdurması Peyğəmbərimizin (s.ə.s) illər əvvəl dünyadan köçmüş həyat yoldaşına duyduğu dərin məhəbbətin və hörmətin bir yansıması idi.

      Onun təlimi və həyat yolu, onun hər bir hərəkəti möminlər üçün düsturdur. Yolundan gedən, sünnəsini yaşatmağa çalışan kəs mütləq nicat tapacaqdır. İnsanlara xeyirli olmağı, kimsəni incitməməyi, yaradılanı yaradandan ötrü sevməyi həyatın mərkəzinə yerləşdirmiş olan Peyğəmbərimizin ömür yolundakı hər bir detalı, əslində, insanlıq üçün qurtuluş vəsiləsidir.

      • Hits: 32 clicks

      Tecox component by www.teglo.info