155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Eldar KƏRİMOV - AİLƏDAXİLİ PROBLEMLƏRƏ NƏBƏVİ BAXIŞ

      Share

       

      “Qadınlar kişilərlə birlikdə bir bütünü tamamlayan iki parçadır”.

      (Əbu Davud, Təharət, 94)

      Hər bir cinsin özünə xas xüsusiyyətləri  var. Qadının sahib olduqlarına kişilər, kişilərin sahib olduqlarına isə qadınlar sahib deyil. İki cinsdən hər birinin bir-birinə kifayət qədər ehtiyacı var. Bu baxımdan, bir-birinə eyni dərəcədə ehtiyac duyanlar arasında fərq yoxdur. Sadəcə hər biri öz yerini bilməli və öz yerində dəyərli olmağı bacarmalıdr. Ailədə olduğu kimi...

      Ailə iki fərdin bir-birinə qarşı sevgi, hörmət və diqqət göstərərək, sevincli və kədərli günlərini birlikdə yaşayıb cəmiyyət üçün faydalı övladlar yetişdirən bir institut olaraq cəmiyyətin əsas tərkib hissəsini təşkil edir. Tarix boyu ailə institutu düzgün qurulmayan cəmiyyətlərdə əxlaq normaları, dini təfəkkür, milli şüur və elmi nailiyyət kimi əsas predmetlər kasad olub. İstər sosial, istərsə də fərdi münasibətlərdə Hz. Peyğəmbərin (s.ə.s) ortaya qoyduğu üstün davranış şəkilləri bu sahədə də hər bir müsəlman üçün nümunə təşkil edir. Belə ki, bədən və ruh baxımından fərqli yaradılmış insanlar arasında  zaman-zaman anlaşılmazlıqların və konfliktlərin ortaya çıxması mümkündür. Əsas olan isə münasibətlərin korlanmaması üçün nümunəvi davranış qaydalarından istifadə etməkdir.

      “Sizin ən xeyirliniz ailəsinə qarşı ən xeyirli olanınızdır. Mən də ailəmə qarşı ən xeyirli olanınızam”, (Tirmizi, Mənaqib, 63) deyən Hz. Peyğəmbər (s.ə.s) həyat yoldaşına və ümumilikdə ailənin bütün fərdlərinə qarşı yaxşı münasibət bəsləyib xeyirli olmağa çalışmağı hər bir müsəlmanın qarşısına bir şərt olaraq qoyur. Ümumi mənada bu qaydaya riayət edilən ailələrdə, demək olar ki, porblemlər öz-özlüyündən həllini tapır. Ailə fərdlərini bir-birinə bağlayan əsas bağların zəifləməsinə isə aşağıdakı vəziyyətlərdə rast gəlinir:

      Ünsiyyət problemləri: Ailə fərdlərinin bir-biriləri ilə danışmaqdan, bir-birilərini dinləməkdən və birlikdə olmaqdan uzaq durması nəticədə ailə daxilində söz-söhbətə və ayrılığa səbəb ola bilər. Bu  məsələdə Hz. Peyğəmbərin münasibətini: “Mömin bir kimsə, həyat yoldaşına qarşı nifrət bəsləməsin. Çünki onun bəzi xasiyyətlərini bəyənməsə də, bəyəndiyi başqa xasiyyətləri mütləq vardır”, (Müslim, Rada, 61) hədisindən öyrənə bilərik.

      Paylaşılmayan vəzifələr: Ailə üzvləri öz üzərlərinə düşən vəzifələri yerinə yetirmədiyi təqdirdə müəyyən müddət zərfində buna dözüb səbir edən  tərəflər arasında narazılıqlar başlayır və nəticədə ailə sütunları zərər görməyə başlayır. Bir gün Hz. Aişədən “Hz. Peyğəmbər (s.ə.s) evdə nə edərdi?” deyə soruşulur və o belə cavab verir: “Ailəsinin işlərini görər və əzanı eşitdiyi zaman da (namaz qılmaq üçün) çölə çıxardı”. (Buxari, Nəfəqət, 8) Deməli, ailə daxilində yardımlaşma və vəzifələrin düzgün icra olunması Hz. Peyğəmbərin (s.ə.s) həyatının bir hissəsi olmuşdur.

      Fiziki şiddət: Bu gün istər cəmiyyətimizdə, istərsə də dünya statistikasında qadına qarşı fiziki şiddət ailə təməllərini sarsıdan ən başlıca ünsür kimi qəbul edilir. Başda qeyd etdiyimiz kimi, sevgi və hörmət bəslənilən, diqqət göstərilən bir insana qarşı fiziki şiddət mümkün deyil. Bunlardan birində zəiflik olarsa, bu kimi problemlərin ortaya çıxması qaçınılmazdır. Bu mövzuda Hz. Peyğəmbərin: “Allahın xanım qullarına vurmayın!” (Əbu Davud, Nikah, 41-42) və “Qadınlar haqqında Allahdan qorxun! Çünki siz onları Allahın əmanəti olaraq aldınız və Allahın adıyla (nikahlayıb) onları özünüzə halal etdiniz”, (Müslim, Həcc, 147) hədisi-şərifləri bu fiziki şiddət probleminin qarşısını alacaq sipər rolunu oynaya bilər.

      Uşaqlar arasında ayrıseçkilik: Ailədə söz-söhbətin yaranmasına səbəb olan əsas məsələlərdən biri də məhz uşaqlar arasında ayrıseçkiliyin edilməsidir. Halbuki Hz. Peyğəmbər (s.ə.s) “Allahdan qorxun və övladlarınız arasında ədalətli olun!” (Müslim, Hibə,13) buyuraraq məsələnin nə qədər ciddi təhlükələrə yol açacağına işarə etmişdir. 

      Qloballaşan dünyada ailə dəyərlərimizin müxtəlif mədəniyyətləri cənginə alan qlobal təhlükədən tamamilə uzaq qalması mümkün deyil. Bunun müqabilində istər psixoloji tədqiqatların nəticələrini, istərsə də Hz. Peyğəmbərin həyatını və ailə münasibətlərini incələdiyimiz zaman qarşımıza xoşbəxt bir ailə yuvası üçün diqqət edəcəyimiz bir neçə məsələ çıxır:

      Bunlar, yeni ailə quran fərdlər arasındakı münasibətin sevgi, hörmət və diqqət üçbucağının mərkəzində özünə yer edə bilməsidir. Bu üç prinsipdən birinin olmaması iki insanın bir yerdə yaşamasını çətinləşdirən ən başlıca amillərdəndir. Birlikdə yaşamadığımız, sevincli və kədərli günlərimizi bölüşmədiyimiz onlarla insan var ki, onlara hörmət göstərir, diqqət yetirir, ancaq qəlbən sevmirik. Bunun tam əksinə olaraq sevmək istədiyimiz, ancaq hörmət və diqqətə layiq görmədiyimiz insanlar da ətrafımızda az deyil. Nəticə olaraq, bizim üçün ən dəyərli xüsusiyyətlər olan sevgi, hörmət və diqqətimizi bir arada verdiyimiz insanla ailə qururuq. Sevgi, hörmət və diqqətə layiq ailəmizi qorumaq isə bizim ən başlıca vəzifəmizdir.

      • Hits: 29 clicks

      Tecox component by www.teglo.info