155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Əziz SULTANOV - HƏRƏNİN ÖZ QİYAMƏTİ

      Share

      Bu ilin Qurban bayramını da arxada qoyduq. Qurban kəsdirənlərin tökülən ilk qan damlası ilə günahlarının təmizləndiyini ümid etməklə bərabər, bir çox kasıb və imkansız ailələr, qida təminatında çətinlik çəkən tələbə evləri, sığınacaqlar və s. də bu ətlərdən istifadə etdikcə onu göndərənlərə dualar edəcək, Allahdan belə xeyirxah insanların mal-dövlətini artırmasını təmənna edəcəklər. Bir də bu qurbanların heç bitməyən sərmayəsi var, əlbəttə, əldə edə bilənlərə!..

      Bəhlul danəndə sağ olsaydı, Allah ona rəhmət eləsin, bizim qurban kəsdiyimiz yerə gəlib asdığımız cəmdəklərə baxar, gülümsəyərdi. Və qardaşı, xəlifə Harun ər-Rəşid də sağ olsaydı, Allah ona da rəhmət eləsin, qardaşının bu halını görüb soruşardı:

      - Qardaş, qəssab ət hayında, keçi can hayında! Sən bu həngamədə nə gördün ki, belə kefin kökəldi, baxıb gülümsəyirsən?

      O da qayıdıb belə deyərdi:

      - Düz deyirsən, qardaş, kefim açıldı. Neçə vaxtdır sənin elədiyin işləri, götürdüyün məsuliyyəti, səndən şikayətçi olanların haqqında dediklərini eşidib xəcalət çəkirdim, narahat olurdum ki, bəs mən nə deyim? Axirətdə Allahın hüzurunda “qardaşın niyə bu qədər insana əziyyət verdi” desələr nə cavab verəcəyəm? İndi buradakı heyvanlara baxıb görürəm ki, keçini öz ayağından, inəyi də öz ayağından asırlar!

      Qardaşı bu sözdəki eyhamı hiss edib soruşardı:

      - Nə demək istəyirsən?

      O mübarək insan da mənalı-mənalı təbəssüm edərək deyərdi:

      - Dediyim odur ki, hər kəs Allah dərgahında öz əməlinin hesabını özü verəcək. Allah heç kimi başqasının günahına görə təqsirləndirib günahlandırmayacaq!..

      Bəli, qurban səhnələri insana çox şey xatırladır, əslində. Dilsiz-ağılsız heyvanlar və onların asıldıqları qarmaqlar çox hikmətləri pıçıldayır, eşidən qulaqlara...

      Qarmaq demişkən, Bəhlul Danəndə qədər olmasaq da, biz də o səhnələrə baxıb nə isə bənzətmələr etməyə çalışdıq, yanımızdakılarla. Sirat körpüsündə olacağı hədislərdə xəbər verilən qarmaqlar!.. Üstündən keçənləri sağdan və soldan yaxalamağa çalışan, kimə ilişərsə, onu çəkib cəhənnəmə vasil edən qarmaqlar!.. Heç kimin bir başqasına faydasının toxunmayacağı, günahları və utancı səbəbi ilə hər kəsin bir-birindən uzaqlaşmağa çalışdığı o gündə qarmaqların biri bizi çəkərsə, imdadımıza kim yetişər?!.. Çox çətin və qorxunc səslənir, elə deyilmi?

      Halbuki sirat körpüsü onu tanıyanlar, yolunu bilənlər üçün elə də qorxulu deyil. Çünki o sirat, əslində, bu dünyada ikən öz əməllərimizlə inşa etdiyimiz, bizi cəhənnəmin üstündən adladıb cənnətin səfalı sahillərinə çatdıracaq Allahın rizasına uyğun həyat yolumuzdur. O körpünü nə qədər geniş, nə qədər güclü, nə qədər sağlam inşa etsək, nə oradan sürüşüb aşağı düşər, nə də kənardan uzanan qarmaqlardan birinə ilişərik.

      Bəli, o sirat bu dünyada keçdiyimiz sirat yolunun axirətdəki kölgəsi, güzgüdəki əksidir, əslində. Hər gün dəfələrlə “Fatihə” surəsini oxuyaraq Rəbbimizə: “ihdinəs-siratal-müstəqim – bizi doğru olan sirata/yola yönəlt” deyə dua edirik. Bu surəni ömür boyu oxuduğumuza görə, o siratı ömür boyu doğru addımlamaq məcburiyyətindəyik. Çünki əgər bu dünyada “doğru olan sirat” üzərindən ayağımız sürüşər, büdrəyər, yorulub-usanıb əl çəkəriksə, axirətdəki kölgəmiz də o siratdan üzüaşağı süzülməyə başlayar...

      Dünyadakı bir kölgəlik misalı qısa həyatımızı yaşamaq üçün hündür divarlı, boyalı, bəzəkli, işıqlı, möhkəm, yeri gələndə isti, yeri gələndə sərin yurd-yuva qurmaq üçün əlləşib-didişərkən axirətdə bizi məhşər meydanından götürüb cəhənnəmin üstündən keçirəcək və “salamatlıq yurdu” olan “Allahın rizası”na çatdıracaq “sirati-müstəqim” üçün nə edirik?

      Düzdür, hər kəs ömrü boyu bu siratı (körpü yolunu) qurmaq üçün nə isə etmişdir. Ya qurban kəsib, yaxud namaz qılıb və ya ən azından bir kasıba beş-üç qəpik sədəqə verib. Əsas bizi yanıldan məsələ bu siratı ömür boyu inşa etməkdə olmağımızdır. Yəni yaşadığımız hər gün o siratın müəyyən bir qismini inşa etməklə keçməlidir, əslində. Əgər ortasında bir sütunu əskik olarsa, bir neçə metrlik yerində boşluq qalarsa, böyük bir hissəsi çatlaq olub uçulub-tökülərsə, sağlam olan bir neçə addımlıq yerinə arxayın olub o uzun sirat körpüsünün tamamını keçməyə necə ümidvar ola bilərik?

      Qiyamətdən xəbər alan bir nəfərə: “Sən qiyamət üçün nə hazırlamısan?” deyə cavab vermişdi Həzrət Peyğəmbər (s.ə.s).

      Elə isə hər kəs öz qiyaməti və öz sirat körpüsü üçün nə hazırladığına diqqət yetirərsə, inanın ki, bu dünyanın başqa dərdi qalmaz!..

      • Hits: 14 clicks

      Tecox component by www.teglo.info