155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Ramiz MƏMMƏDOV - “VƏDƏSİ ÇATAN” GƏLƏNDƏ...

      Share

      Vaqiə surəsinin birinci ayəsi belə başlayır. Burada ifadə olunan “vədəsi çatan” şeyin nə olduğu məchul şəkildə bildirilir. Görəsən, söhbət sel, külək və ya hansısa təbii bir fəlakətdən gedir? Yoxsa muharibədən? Ya da ki hansısa bir şad xəbərdən gedir? Beləliklə, dinləyici “vədəsi çatan”ın nə olduğunu düşünməyə başlayır.

      İnsan bu düşüncəyə dalmışkən Allah-Təala surənin ikinci ayəsində “Onun gələcəyini heç kim inkar edə bilməz”- deyə buyuraraq dinləyicinin marağını həmin mövzuya bir az da artırır. Deməli, “vədəsi çatan” hər nədirsə, bilinən bir hadisədir. Hətta o qədər məlum məsələdir ki, onu heç kim dana bilməz.

      Daha sonra üçüncü ayədə “həmin gün kimilərinin alçaldılacağı, kimilərinin də yüksəldiləcəyi”ndən xəbər verilir. Yəni həmin gün  bəziləri üçün xoş, bəziləri üçünsə bəd gündür. Sonrakı 4, 5 və 6-cı ayələrdə yerin titrəyib dağların dağılıb toz kimi olacağı bildirildikdə həmin günün qiyamət olduğu anlaşılır.

      Zəlzələnin insanlar üçün nə qədər qorxulu fəlakət olduğu hər kəsə məlumdur. Ancaq o nəhəng dağların toz kimi olub ətrafa saçılması üçün hansı titrəyişin şiddəti necə olmalıdır, nə dərəcədə dəhşətli gurultu olmalıdır, görəsən? Bunu təsəvvür etmək hər halda insan oğlunun idrakının fövqündədir. Bundan əlavə bu qədər qorxunc qiyamət hadisəsinin arxasında, Quran dili ilə desək, daha böyük bir  “Vaqiə” yatır. Yəni vədəsi çatan “vəd olunan”. Bəli, biz bilirik ki, olacaq şey onun əlamətindən daha böyükdür. Bir aslanın nəriltisi onun tərəfindən parçalanmaqdan daha az qorxuncdur. Qiyamət qopandan sonra da “Vaqiə” yəni,   “Hesab günü” daha vahiməli olacaq. Çünki o gün verilən hökm Qiyamət kimi olub bitəcək bir hadisə olmayacaq. Həmin gün dünyada ikən Allahın əmr və qadağalarına riayət edənlər üçün çətin bir hesabdan sonra sevinc günü olacaq. Ancaq həmin gün bir çoxları üçün oxunan hökmlə əbədi cəhənnəm yolçuluğunun başlanğıcı olacaq.

      Bununla bağlı surənin sonrakı ayələrində həmin gün insanların üç qrupa ayrılacağından xəbər verilir. Birinci qrup “sağ əshabı”, yəni əməl dəftəri sağ tərəfindən verilənlərdir. Hansı ki, bunlar cənnətliklərdir. İkinci qrup irəlidə olanlar, yəni xeyirdə yarışanlardır ki, bunlar da bütün işlərində Allahın rizasını uman və heç yorulmadan, bütün ömürləri boyunca bu şəkildə bir xeyirdən başqa bir xeyir əmələ can atan şəxslərdir. Bunlar cənnət əhlidirlər. Bir də üçüncü bir qrup olacaq ki, əməl dəftərləri soldan verilənlər, yəni cəhənnəmlik olanlardır.

                  İnsanların üç qrupa ayrılacağı xəbərindən sonra  cənnət əhli üçün hazırlanan bir-birindən gözəl, meyvə, quş ətləri, axan çaylar, kölgəliklər, xidmətçilər kimi  nemətlərdən, cəhənnəm əhli üçün isə yandırıcı isti, qaynar su və acı qidalardan bəhs olunur.

                  Maddi sıxıntısı olmayan bəzi insanları dünya neməti aldada bilər. Bundan ötrüdür ki, Allah-Təala bu məsələyə aşağıdakı ayədə belə diqqət çəkir: “Onlar bundan əvvəl dəbdəbə içindəydilər”. Bu ayə ilə Allah-Təala insanları dünya malına aldanmamaları üçün xəbərdar edir.

      Daha sonra inkarçılar “Biz öldükdən sonra, torpaq və sümük yığınına çevriləndən sonra təkrar dirilməyimiz necə ola bilər?” - deyə irad bildirdikləri zaman Allah-Təala həmin surənin fərqli ayələrində onların ağıl və məntiqinə  belə xitab etməkdədir: “Əlbəttə, ilk yaradılışı bilirsiniz. Düşünmürsünüzmü?” “Əkdiklərinizi gördünüzmü?” “Onu yerdən bitirən sizsinizmi?” “İçdiyiniz suyu gördünüzmü?” “Onu buluddan sizmi endirdiniz? Yoxsa biz endirdik?” “İstəsəydik onu duzlu edərdik. Elə isə niyə şükür etmirsiniz?” Bütün bu ayələr insanı təfəkkür etməyə sövq edir. Daha doğrusu, insanların bildiyi şeyləri təkrar onlara xatırladır.

                  Bütün bu xatırlatmalardan sonra insanın özünün əsla inkar edə bilməyəcəyi həqiqəti belə xatırladır: “Can boğaza gəldiyi vaxt” “Siz o zaman sadəcə baxırsınız” “Həmin vaxt biz ona sizdən daha yaxınıq. Lakin siz görməzsiniz”. Bu ayələrlə Allah-Təala insanın nə qədər aciz olduğunu xatırladaraq ona həddini bildirir. Sanki Allah-Təala belə deyir: Madam çox böyüklənirsən, Allahı tanımırsan, o zaman yanında can verən adama yardım et!..

                  Bütün bu əqli və məntiqi açıqlamalardan sonra surənin sonunda bir daha cənnət əhlinə veriləcək naz-nemət, cəhənnəm əhlini  gözləyən cəzaları xatırladaraq insanların bir yandan doğru yola gəlmələri üçün cənnətin cazibədarlıqlarını sadalayır, digər tərəfdən  cəhənnəmdən bəhs edərək insanları  əyri yoldan çəkindirməyə çalışır.

      Surənin son ayəsi belədir:

      Elə isə “Uca Rəbbinin adıyla təsbih et (Onu nöqsan sifətlərdən tənzih et)!”.

      • Hits: 15 clicks

      Tecox component by www.teglo.info