155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Eldar KƏRİMOV - SƏN və SON

      Share

      “Sən son ola bilməzsən, son səninlə başlar həyatına yenidən. Ən yaxşısı olmaqdı sənin qayən. Olmadan öldünsə başqaları doldurar sənin doldura bilmədiyin boşluqları. Ən yaxşısını edənlər gələnə qədər bu dünyadan gəlib gedər insanlar... Sən ya gəlib gedənlərdən olarsan, ya da ki, son nöqtəni qoyub gedənlərdən...”

      İşıqlı bir gündə qaranlıq bir yerə girdiyimiz zaman bizə hər yer zülmət qaranlıq görünür. Ancaq bir müddət sonra gözümüz işıq vəziyyətinə alışır və yavaş-yavaş ətrafımızı və insanları görməyə başlayırıq. Buna qaranlığa alışma hadisəsi deyilir. İnsan gözünün görmə mexanizmi bu şəkildə özünə imkan yaradıb görmə işini yenidən yerinə yetirdiyi kimi digər duyğu orqanlarımız da istənilən analoji hadisə qarşısında öz funksiyasını icra edə bilir. Buna paralel olaraq deyə bilərik ki, biz nə qədər çətin bir stiuasiyada qalıb artıq yolun sonu olduğunu düşünsək də, bu belə olmur. Gəldiyimiz nöqtədən sonra da atılacaq addımlar üçün imkanlar yaranır. Yetər ki, son nöqtəyə çatdığını düşünüb tez qərar verməyəsən.

      Ölümün belə son olmadığını qəbul etdikdən sonra həyatın istənilən mərhələsində qarşılaşılan çətinliklər sənin yeni uğurların üçün son nöqtəni qoya bilməz. Yüksəklərdə üzən buludlardan ayrılıb yerə düşən su damlaları ümidsizliyə qapılıb torpağın dərinliklərində qalmağa davam etsəydi, bir daha buxarlanıb yüksəkliklərə qalxa bilməzdi. “Hər yüksəlişin bir enişi, hər enişin də bir yüksəlişi var” həqiqətini qəbul edib çalışmaq insanın daha çox işinə yarayır. Oturduğun yerdən heç nə qazana bilməməyin mümkün olsa da, çalışdığın təqdirdə bir şeylər qazana bilməməyin mümkün deyil. Əgər belə bir şey baş verirsə, deməli, siz hələ yolun yarısındasınız. Çalışmağa davam edin, nəticəni mütləq görəcəksiniz. Əkilib biçildikdən sonra dəyirmanda üyüdülüb daha sonra gözəl bir şəkildə bişirilməyən ləziz çörəyi belə nuşi-canlıqla yeyə bilmirik. Nəticəsini gördüyümüz hər işin arxa planında böyük bir zəhmət, alın təri və sonunun yaxşı olacağına dair bir inanc var. Sonunun yaxşı olacağına inandığın işi sevirsən, sevdiyin işi daha yaxşı görürsən, daha yaxşı gördüyün işin nəticəsində də uğur qazanırsan.    

      Bir işdə uğur qazanmamağın əsas səbəblərindən biri də işdən tez soyuyub yarıda buraxmaqdır. İnsan gördüyü işdən o zaman soyuyur ki, həmin işin nəticəsi gecikir. Hər hansı işdə nəticənin gecikməsi isə çox normal qəbul edilməli və həmin iş uğursuz olacaq deyə düşünülməməlidir. Torpağa atılan bir toxumun dərhal böyüyüb meyvə verməməsi onun öz mövsümündə bəhrə verməməsi demək deyil.  Hər şeyin öz təbiətinə uyğun yetişmə və meyvə vermə vaxtı var.

      Bir də insanlar adətən faydasız işlə nəticəsi gecikən iş arasında fərqi düzgün müəyyən edə bilmir. İşin baş tutmaması başqa, nəticənin gecikməsi isə tam başqa bir hadisədir. Faydasız işdən dərhal uzaqlaşmaq, nəticəsinə inandığın işdə isə səbir edib çalışmaq lazımdır. Davamlı nəticə haqqında düşünmək isə insanı nəticənin uğurlu olması üçün çalışmaqdan uzaqlaşdırır. Unutmamaq lazımdır ki, içərisində olduğun anda görüdüyün işin keyfiyyəti haqqında düşünmək nəticəni düşünməkdən daha çox faydalıdır. Qəbul edilən dərman insan bədəninə dərhal təsir etmədiyi kimi davamlı alınan informasiyalar da dərhal öz nəticəsini verməyə bilər. Dərman bədənə daxil olduğu andan etibarən təlimatına uyğun olaraq müəyyən daxili reaksiyalardan və bədənin qəbul şəkli ilə tanışlıqdan sonra yavaş-yavaş təsirini göstərməyə başlayır. Qəbul edilən bədənlə bir ahəng olmadan dərmanın təkbaşına təsirindən söhbət gedə bilməz. Alınan informasiyalar bizim əvvəldən sahib olduğumuz məlumatlarla daxili əməkdaşlıqlarını gücləndirir və faydalı iş əmsalını ortaya qoyur. Bunun nəticəsi olaraq da  insanın öz inkişafı üçün davamlı  topladığı informasiyalar bir gün mütləq uğur nərdivanında onu daha yüksəyə qaldıracaq bir pillə olaraq qarşısına çıxır.

      Son olaraq onu qeyd etmək istəyirəm ki, müsəlman bir fərdin üzərinə düşən əsas vəzifə öz vəzifəsini daha yaxşı bilməsidir. Vəzifəmiz isə olduğumuz yerdən və gördüyümüz işdən asılı olmayaraq nəticəsinin yaxşı olacağına inanaraq daha çox çalışmaq, vətənimizə, millətimizə və ümmətimizə faydalı ola bilməkdir. Unutmayın ki, torpağa atılan toxum hansı meyvənin toxumudursa onun meyvəsi də o olacaq. Almanın yerinə armud, armudun da yerinə alma gözləmək ən azından ağılsızlıqdır. Çalışın nəyə ehtiyacınız varsa, onun üçün tər tökün. Yoxsa qaratikan kollarını elə susuz səhralar da yetişdirməyə qadirdir. 

      • Hits: 14 clicks

      Tecox component by www.teglo.info