155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Şükür ƏNDƏLİFOV - DİNİ NÖQTEYİ-NƏZƏRDƏN ŞƏHİDLİK

      Share

      Bütün dinlərdə olduğu kimi, İslam dinində də özünəməxsus dəyərlər vardır. Hər bir dinin özünə xas dəyərləri eyni zamanda o dinin  varlığının göstəricisidir. Dini ayinləri yerinə yetirmək, onları qorumaq və yaşatmaq üçün “vətən”ə ehtiyac hiss edirik. Bunun üçün də vətən məqsəd deyil, vasitədir. Yəni vətən namusun qorunması, dinin yaşanması, insanların özlərini müdafiə etməsi üçün əvəzedilməz bir tələbdir. Hz. Peyğəmbər (s.ə.s) də: “Hər kim özünü, dinini, namusunu və malını mühafizə edərkən öldürülərsə, şəhiddir”,(Tirmizi, Diyət 22) - buyuraraq vətən müdafiəsinin və mühafizəsinin əhəmiyyətinə diqqət çəkmişdir.

      Azad bir vətən olmadan dini yaşamaq nə dünya pəncərəsindən baxıldığında doğru sayılır, nə də dini pəncərədən.  Dinin bir çox hökmü vətən torpaqlarında icra edilir. Odur ki, vətən də dini, əxlaqi və milli dəyərlər qədər önəmlidir. Qərargahsız ordu, camaatsız məscid, tələbəsiz məktəb təsəvvürü yersiz olduğu kimi, vətənsiz vətənpərvərlik və dindarlıq da mümkün deyildir. Müqəddəs dinimiz vətən uğrunda döyüşməyi Allah yolunda vuruşmaq kimi saymışdır. Həzrət Peyğəmbər (s.ə.s) hətta malı-mülkü və ailəsi uğrunda canını fəda edənlərin də şəhid olduğunu bildirmişdir. Vətən Allahın bizə əmanət etdiyi mülk və ailəmizin yerləşdiyi müqəddəs torpaqdır.

      Vətən sevgisi fitri olaraq hər bir insanda vardır. Hz. Peyğəmbər (s.ə.s) hicrət üçün Məkkədən ayrılarkən Kəbəyə doğru uzaqdan baxaraq:  “Vallahi, bilirəm ki, sən Allahın yaratdığı yerlərin ən xeyirlisi və Allaha qarşı ən sevimli olanısan. Əgər sənin xalqın məni səndən çıxarmamış olsaydılar, əsla çıxmazdım. Ey Rəbbim! Məni diyarların sənə ən sevimli olanında yerləşdir”, - demişdir.

      Vətən sevgisi yalnız onu qorumaq deyil, eyni zamanda vətənin inkişafı və irəliləməsi üçün çalışmaq mənasına gəlir. Çünki insanların ən xeyirlisi insanlara faydalı olanıdır.

      İslam dininə görə, vətənpərvərlik ruhunu aşılayan digər bir xüsus da şəhidlik məfhumudur. Şəhid – vətəni, milləti, namusu uğrunda savaşıb canını Allah yolunda fəda edən kimsəyə deyilir. Şəhidlik mərtəbəsi Allah qatında ən ali mərtəbələrdən biridir. Belə ki, şəhidlik mərtəbəsinə çatanlara xüsusi dəyər verilmiş və onlar hər daim diri olaraq qəbul edilmişlər. Müqəddəs kitabımız Qurani-Kərimdə belə buyurulur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz”. (əl-Bəqərə, 154)  Bu məqamın yüksəkliyinin əsl səbəbi insanın onu həyata bağlayan canından keçərək həyat ilə əlaqəsini Allah yolunda kəsməsinə görədir. Allah-Təala yuxarıdakı ayədə şəhidlərin cismən öldükləri halda ruhən Allah dərgahında uca bir məqamda olduqlarını və müxtəlif nemətlərlə mükafatlandırıldıqlarını bəyan edir. Şəhid “şahid olan, hazır olan” deməkdir. Ölüb yox olan, qeyb olub gedən (qaib) deyil, canlı olan, necə deyərlər, ölümsüzləşəndir. Buna görədir ki, şəhid diridir, ölməz və ona “ölü” deyilməz.

      Göründüyü kimi, Allah yolunda, vətən uğrunda şəhid olmaq çox yüksək dərəcədir. Şəhidlik hər kəsə nəsib olmayan böyük bir şərəf və möminlər üçün mükəmməl bir nemətdir. Hz. Peyğəmbər (s.ə.s) şəhidin bütün günahlarının əfv olunacağını da müjdə vermişdir. Maddi qazanc və mənfəətlər bu dünya ilə məhdudlaşır və insanın ölümü ilə yox olur. Şəhidlərin əldə etdikləri mənəvi qazanc isə əbədi olaraq qalacaq. Elə əsl qazanc da məhz budur!

      Şəhidlər həm Allah yanında, həm də cəmiyyət içərisində böyük dəyərə malikdirlər.  Cəmiyyətdə şəhid olma əzmi və iradəsinə sahib olan fərdlərin sayı nə qədər çox olarsa, o cəmiyyət hər hansı bir təhlükəyə düçar olmaqdan o qədər uzaq olar. Torpaqları vətən uğrunda canlarından keçən şəhidlərinin qanlarıyla yoğrulan ölkəmiz də varlığını bu günə qədər şəhidləri sayəsində davam etdirmiş və bundan sonra da güclü bir şəkildə davam etdirəcəkdir.

      Allah-Təaladan vətənimiz, dinimiz, millətimiz və torpağımız uğrunda canlarından keçib şəhidlik mərtəbəsinə yüksələn bütün şəhidlərimizə rəhmət diləyirəm.

      • Hits: 16 clicks

      Tecox component by www.teglo.info