Mübariz ƏLİOĞLU - RƏSULULLAHI (S.A.S) TANIYIRIQMI?

      Share

      Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “(Rəsulum!) Biz səni aləmlərə rəhmət olaraq göndərdik”. (əl-Ənbiya, 107). “(Rəsulum!) Rəbbinin sənə verdiyi nemətlər sayəsində məcnun deyilsən. Sənin üçün bitməz-tükənməz, sonsuz mükafat vardır. Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən”. (əl-Qaləm, 2-4).

       Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun rəsulu Hz. Muhammədə salətu-salam olsun.

       “Ey Peyğəmbər! Qullarıma Mənim əlbəttə çox bağışlayan, çox şəfqətli, mərhəmətli olduğumu xəbər ver”, (əl-Hicr, 49) – şəklində səslənən  ilahi əmri həyatının ən önəmli vəzifəsinə çevirən Hz. Muhamməd əleyhissalamın, qulluq məqsədi ilə yaradılan Adəm övladlarının qəlblərində Rəblərini tanıma və Ona tabe olma həssasiyyətinin ərsəyə gəlməsi üçün canını fəda edərcəsinə mübarizə apararaq uğur qazanması, peyğəmbər məsuliyyətinin nə qədər ağır bir yük olduğunu göstərməkdədir. Rəsulullah (s.ə.s) kimi Rəbbini və Onun xəlq etdiyi mövcudatı tanıyan, anlayan, Rəbbani istəklərin və Rəbbani qəzəbin nədən ibarət olduğunu bilən başqa birisi yoxdur.

      Dünyaya sevgi ilə bağlanan nəfslərin şiddətli inadına rəğmən bu bilgiləri onların qəlb yaddaşına ilahi iznlə ötürə bilən Rəsulullah (s.ə.s), tayı-bərabəri olmayan bir qulluq və rəhmət toplumunu təkcə zəmanəsinin deyil, əsrlərin irşad və irfan xidmətinə verərək inanılmaz bir qurtuluş mücadiləsinə qulluq imzasını atmış oldu. Rəsulullahın dünyaya təşrifindən artıq 1500 illik zaman məsafəsi bizi ayırır. Bu məsafədən Rəsulullahı, onun gətirmiş olduğu mubarək kəlamları, Onun sünnəsini, min bir hikmət təcəllilərinin tüğyan etdiyi kainatı kifayət qədər tanıyırıqmı? Əgər tanıyırıqsa, onda niyə sayı 150 mini aşmayan səhabə nəslinin qısa müddətdə Ərəbistan yarımadasında, ön və orta Asiyada, Afrikada, Avropada, İndoneziyada fəth, iman və elm bayrağını dikmələrinə baxmayaraq, sayı iki milyarda yaxınlaşan bugünkü İslam toplumu tənəzzülün əzab verici  zərbələri altında iman və qulluq həssasiyyətindən istefa etməkdədir?!.

      Bu bəlanın başlıca səbəbi dünya və axirət səhnəsində yeganə xilaskarımız olacaq Rəsulullahı tanıma və ona tabe olma fəzilətinin, nurunun üzümüzdən, gözümüzdən, qəlblərimizdən, imanımızdan, yaşayışımızdan sıyrılaraq ilmə-ilmə bizi tərk etməsidir. Bu həlak edici tərkdən yalnız haqq dini hər bir istiqamətdə haqqını verərək yaşayan və iman nurunu Rəsulullahın mübarək yaşantısı istiqamətində cilalayaraq parlada bilən haqq ərlərinin irşad ziyası ilə qurtula bilərik. Bu istiqamətdə önəmli çalışmaları ilə seçilən Osman Nuri Topbaş əfəndi belə buyurur:

      “Əsl həqiqətdə silahdan zülm atəşini söndürmək üçün istifadə edilir. Fəqət burada da qazanılması önəmli olan əsl fəth, qəlblərin fəthidir. Bu isə İslamı əxlaq və nəzakətlə yaşayıb örnək bir şəxsiyyət halına gəlməklə mümkün olur. Çünki təbliğ və dəvətin təsiri, dəvətçinin yaşayışı və qəlbi həyatı ilə son dərəcə bağlıdır. Buna görə də gerçək bir təbliğçi üçün kainatdakı İlahi nizamın hikmətini qavramamaq və məxluqatın davranış dilindən anlamamaq, qəlbi mühitin nöqsanlığına işarə edən çatışmazlıqdır. İçində (hər şeyini Allah və Rəsuluna haqq işi uğrunda fəda edəcək) həssas bir ürək olmayan din və mənəviyyat təbliğçisi isə ətrafına heç bir şəkildə səadət, bərəkət və fəzilət nuru saça bilməz”.

      Rəsulullahı tanımanın önəminə işarə edən Mövlanə həzrətləri, axır zaman insanlarını sarmış olan qəflət  zəncirlərini yandıraraq yox edəcək nəhəng bir rəhmət təcəllisindən bizləri bixəbər olmamağa səsləməkdədir:

      “Ey adəm övladı! Bu xalqın əməlləri nöqsanlıdır və peyğəmbərlər onları görüb dözüm nümayiş etdirərlər. Əgər dözməyib əyri və doğruları bəyan etsələr, heç bir kimsə onların hüzurunda dura bilməz. Rəsulullahın mübarək nəfəsi ilə iki cahanın da qapısı açılmışdır. Hər iki cahanda da duası qəbul edilmişdir. Ona bənzər birisi gəlməmiş və gəlməyəcəkdir. O mübarək peyğəmbərimizin vücudu bir qiyamətdir. Çünki sabah qiyamətdə hər nə olacaqsa, onlar bu gün hamısını görürlər. Onlar qəflət pərdəsini yırtmış olduqlarından, şübhəsiz, baxışlarından bir şey örtülü deyildir”.

       Allahı və Onun Rəsulunu tanıma mədəniyyəti insanın özündə gizli olan bir qurtuluş xəzinəsidir. Bu xəzinənin vaxtında kəşf edilərək üzə çıxmasının nə qədər önəmli olduğu aşağıdakı könül harayından məlum olmaqdadır:

      “Həyatın sabun köpüyünə bənzəyən aldadıcı sehrindən əl çək! Sənin varlıq aləmində bir xəzinə gizlidir. O varlıq aləmini durmadan qaz və o gizli xəzinəni taparaq çıxart! Dünyanın xəyali və saxta bəzəklərinə istək və meylini azaldaraq bu maddi bədən aləmini qaz! Cünki sən ölümlə belə özündən uzaqlaşdırıb dəf etməyə gücünün yetməyəcəyi Allahın (c.c) sifətləri olan Həyat, Elm, İradə, Qüdrət, Eşitmə, Görmə və Kəlam sifətlərini daşımaqdasan. Ömrünün qısalığını nəzərə alaraq bu xəzinəyə yetişmənin çarəsini axtar!”

       

      • Hits: 22 clicks

      Tecox component by www.teglo.info