Məlik İBRAHİMOV - FİLMİNİ GÖSTƏR, DEYİM KİMSƏN...

      Share

      İnsan özünü daim nəyəsə bənzədir. Bəzən şüurlu şəkildə, bəzən isə istəmədən ətrafındakılardan təsirlənir. Heç kəs iddia edə bilməz ki, xarakteri və düşüncələri özünəməxsusdur və bunun formalaşmasında heç bir təsir rol oynamayıb. Bu heç də belə deyil. İnsan uşaqlıqdan hər şeyi görərək və hərəkətlərini kiməsə bənzədərək formalaşır. Azərbaycan dilində danışmağımızın səbəbi ətrafımızdakıların bu dildə danışmasıdır. 

      Təbii ki, Azərbaycanda bir çox xalq var və onlar da bu dili öz ana dilləri kimi istifadə edir. Bu, ətrafın insana danılmaz təsiridir. Bir azərbaycanlı uşaq xarici bir ölkədə böyüsə, onun dili məhz o ölkənin dili olacaqdır. Bu, çox sadə bir izahdır, amma hər şeyə aiddir. İnsan elə bir varlıqdır ki, ətrafında olan hər şeyi, gördüyü, eşitdiyi məlumatı xatırlamasa belə, alt şüuruna yazır. Bunlar onun xarakterinə öz təsirini göstərir.

      Hazırda istənilən insana, istənilən ideologiyanı yeritmək mümkündür. Çünki bunun üçün media və sosial şəbəkələr var.

      Bir insan davamlı olaraq şiddət səhnələri olan filmlərə baxarsa, onda özündən asılı olmayaraq şiddətə maraq və həvəs yaranacaq. Əksinə, duyğusal filmlərə baxarsa, duyğusallaşmağa və yumşalmağa başlayacaq. Demək olar ki, bütün filmlərdə çatdırılmaq istənilən müəyyən mesajlar var. İnsan onu bəzən dərk etmir. Amma adi bir film belə insana çox böyük təsir göstərə bilir. 2014-cü ilin statistikalarında bildirildiyinə görə, hər biri 14 yaşdan kiçik, ən azı 1 adamı amansızlıqla öldürən 6 cinayətkar uşaq həbs olunub. Söhbət zamanı məlum olub ki, bu uşaqlardan dördünün valideyninin hər ikisi işləyirdi və uşaqlarını evdə televizor qarşısında “sakitcə” qoyub gedirdilər. Bu uşaqlar daha çox şiddət filmlərini sevdiklərini deyiblər. Filmlərdə gördüklərini əvvəlcə müsbət qarşılayıblar. Daha sonra bunları reallaşdırmağa həvəs yaranıb. Beləliklə, hislərinin təzyiqinə qapılan uşaqlar yaşlarından böyük, yaxud balaca ailə üzvlərinə və digər insanlara xətər yetirib, hətta öldürüblər. 

      Bundan başqa, televiziya proqramları və filmlər eyni zamanda digər mənfi xüsusiyyətləri də aşılamaqdadır. Bunlar da daha çox gənc və azyaşlı uşaqlara təsir edir. Laqeydlik, məsuliyyətsizlik, sərbəstlik adı verilən hörmətsizlik, ədəb pozuntuları, aqressiya və daha nə qədər mənfi xüsusiyyətlər... Bir filmə, yaxud televiziya proqramına baxan azyaşlı qızlar, hamının şahid olduğu kimi, evdə heç kəs olmadıqda onların xarakterlərini – geyim, kosmetika və davranışlarını təqlid edirlər. Uşaq olduğu üçün bir söz deyilmir və bu təqlidlər onun xarakterində öz yerini tutur. Beləliklə, ildən-ilə geyimlərdəki açıq-saçıqlıq, davranış və sözlərdəki ədəb pozuntuları daha da acınacaqlı vəziyyət alır.

      İndi geyim və davranışlarında problem olan insanlar birdən-birə “mən sabahdan açıq geyinəcəyəm” deyə formalaşmır. Uşaqlıqdan yol verilir, “böyüdükcə başa düşər” deyilərək qarşısı alınmır. Artıq gözlər öyrəşdikdən sonra bu hər biri üçün adi bir vəziyyət olaraq dəyərləndirilir. Qızlarla yanaşı, oğlanlar da bundan öz paylarını artıqlamasıyla alır. Filmlərdəki aqressiv personajlar daha çox oğlanları cəlb edir. Təəccüblü deyil ki, filmlərdə baş rolda olan bu personajların ən az bir mənfi xüsusiyyəti olur. Ya durmadan siqaret çəkir, içki düşkünü olur, barlarda yatıb-qalxır, yaxud da qadın düşkünü olur. Bunların cəm olduğu personajlar da az deyil. Bu xarakterlərə qibtə edən yeniyetmə və uşaqlar təqlid etməyə təbii olaraq həmin pis vərdişlərlə başlayırlar. Artıq bu, onların da həyatlarının bir parçasına çevrilir.

      Seriallardan danışmağa isə heç gərək belə yoxdur. Oturub məntiqlə düşündükdə nə qədər zərərli olduğunu hər kəs anlaya bilər. Bir serialda nifrət, xəyanət, oyunlar, ikidəbir küsüb-barışmalar, cinayətlər və daha nə qədər mənfi hadisələr baş verir. Buna baxaraq böyüyən gənc nəslin gələcəyini özünüz fikirləşin. Hər şey göz önündədir. Məsələn, altıncı sinifdə oxuyan məktəbli ancaq qəmli mahnılar dinləyir, bəzən ağlayır, qeyri-adi və səbəbsiz inciklik yaşayır. Sonradan məlum olur ki, sevgilisindən ayrılıb. Hər nə qədər yaşı az olsa da!

      Hər kəs qərbləşmək, avropalaşmaq çabasındadır. Buna isə elm və texnologiyadan, kitab oxumaqdan deyil, bu cür ən son müraciət edilməli olan, nəfsə xoş görünən əyləncə xarakterli şeylərdən başlayırlar. Fikrimcə, bu məsələlərdə avropalaşmasaq da, olar.

      Düşünürəm ki, özümüzə və kimliyimizə sahib çıxmalı, ətrafımızı və övladlarımızı bu cür mənfi təsirlərdən qorumalıyıq. Hər bir uşaq təmiz İslam fitrəti ilə doğulur. Böyüklər olaraq gənclərin və uşaqların nümunə götürəcəkləri insanlar bizlərik. Əgər düzgün nümunə olmasaq və yanlışlarına göz yumsaq, onların tərtəmiz fitrətlərindən uzaqlaşmalarının səbəbkarı biz olmuş olarıq. Küçədə olan bütün mənfi xüsusiyyətli insanların günahında onlar qədər bizim də payımızın olduğunu unutmamalıyıq.

       

      • Hits: 22 clicks

      Tecox component by www.teglo.info