155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Qəmərxanım CAVADLI – BEYNƏLXALQ MİQYASDA TANINAN DİNİ RƏHBƏR

      Share

      Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyət dairəsi təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır;

       Qafqaz bölgəsinin ən nüfuzlu din xadimi kimi 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilən Allahşükür Paşazadə Çeçenistan və İnquşetiyada dini təfriqə salan radikal təmayüllü qüvvələrin xalqa zidd əməllərinin qarşısının alınmasında əməli tədbirlər görmüş, “Qafqaz evi” çərçivəsində bölgədə barış mühitinin formalaşması istiqamətində gərgin fəaliyyət göstərmişdir. O, Qafqaz müsəlmanlarının ali dini rəhbəri kimi iştirak etdiyi bütün qurum və təşkilatlarda bu bölgənin xalqlarının maraqlarını ən yüksək səviyyədə qoruyur və onların haqq işini müdafiə edir. 1999-cu ildə Rusiya Federasiyasının prezidenti Boris Yeltsinə çeçen xalqının məhvinə yönəldilən siyasətini tənqid edən etiraz müraciəti göndərərək, İslam ekstremizmi və terrorizmi ilə mübarizə şüarından sui-istifadə edərək, bütöv xalqın terrorçu, ekstremist, cinayətkar adlandırılmasını qətiyyətlə pisləmişdir. 

      Şeyxülislam Allahşükür Paşazadə müsəlman həmrəyliyi prinsipindən çıxış edərək Yaxın Şərqdə və müsəlman dünyasında baş verən kütləvi qırğınlarla  bağlı öz etiraz səsini ucaltmış, sivilizasiyanın beşiyi sayılan bu ərazilərdə yerləşən müqəddəs ziyarətgahların, qədim tarixi abidələrin mühafizə olunması üçün beynəlxalq təşkilatlar və dövlətlər qarşısında məsələ qaldırmışdır. O, ABŞ ordusunun suveren Əfqanıstan və İraqa müdaxiləsini, Fələstin, Livan, Misir, Suriyada hərbi münaqişələri, terrorçu İŞİD qruplaşmasının törətdiyi cinayətləri, eləcə də təkfirçi zehniyyətə malik ideoloji cərəyanların təxribatını qətiyyətlə pisləmiş, din xadimi olaraq dünyada sülhə və əmin-amanlığa nail olunması istiqamətində fəaliyyət göstərməyi özünün müqəddəs borcu hesab etmişdir.

      Şeyxülislam Allahşükür Paşazadə mötəbər beynəlxalq konfransların yüksək kürsülərindən dinlərarası dialoq və əməkdaşlıq, xalqlar və dövlətlər arasında münaqişə yaradan problemlərin sülh yolu ilə nizamlanması ideyasını, tolerantlığı və multikultural  münasibətləri ardıcıl təbliğ edir, xalqlar və dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi naminə daim xoş məram nümayiş etdirir və əməli fəaliyyət göstərir. O, bir çox beynəlxalq miqyaslı tədbirlərin, elmi-praktik konfransların Bakıda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. 1998-ci ildə Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə Bakıda “Müasirlik və dini-mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfrans keçirildi. Müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanda dini-mənəvi dəyərlərin dirçəldilməsi istiqamətində görülən işlər, dövlətin dinə göstərdiyi qayğı bu konfransda rəğbətlə vurğulandı. Allahşükür Paşazadə həmçinin 2003-cü ildə “Allahın lütfü, xalqın xilaskarı”, 2004-cü ildə “Qloballaşma və islam”, 2005-ci ildə “Qloballaşan dünyada islam”, 2006-cı ildə “Tolerantlığın örnəyi – Azərbaycan”, “İslamda dözümlülük”, 2013-cü ildə “MDB ölkələri sülh və stabil inkişaf tərəfdarıdır”, 2014-cü ildə “Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)”, 2015-ci ildə “İslam maarifçiliyi və müasir dövr” mövzularında keçirilən beynəlxalq konfranslara rəhbərlik etmişdir.

      Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurasının həmsədri olan Allahşükür Paşazadənin təşkilatçılığı ilə 2002-ci ildə Tbilisidə “Qafqazda sülh uğrunda əməkdaşlıq” beynəlxalq forumu, 2004-cü ildə Moskvada Beynəlxalq dinlərarası sülhyaratma forumu, təşəbbüsü ilə 2006-cı ildə Dünya Dini Liderlərinin Moskva Sammiti, 2010-cu ildə Dünya Dini Liderlərinin Bakı Sammiti keçirilmişdir.

      Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı II Aleksi ilə birlikdə BMT yanında Dinlərin Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Nəticədə müsəlman, xristian və yəhudi din xadimlərinin UNESCO nəzdində formalaşdırılması nəzərdə tutulan yüksək səviyyəli Məşvərət qrupunda Allahşükür Paşazadənin müsəlman din xadimlərini təmsil edəcəyi qərara alınmışdır. O, 2009-cu ilin iyulunda UNESCO-nun yanında yaradılan din xadimlərinin yüksək səviyyəli Məşvərət qrupunun üzvü seçilmişdir. Xristian aləmində böyük nüfuz və ehtiram sahibi olan Allahşükür Paşazadə, eyni zamanda 2006-cı ildən Roma Katolik və Rus Pravoslav kilsələrinin təklifi ilə katolik-pravoslav məzhəblərarası əlaqələr komissiyasının üzvüdür.  MDB məkanının bütün dini konfessiya rəhbərləri, özəlliklə Moskva və bütün Rusiya Patriarxı Kirill həzrətləri və Ümumgürcüstan patriarxı katolikos II İliya ilə qarşılıqlı ehtiram münasibətləri, mütəmadi görüşlər  sayəsində regionda bir sıra önəmli problemlərin tənzimlənməsinə  nail olmuşdur.  Şeyxülislam Allahşükür Paşazadənin yüksək qiymətləndirən Roma papası II İohan Pavel yazırdı: “Müxtəlif dinlərin nümayəndələri tərəfindən Sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var”.

       

       

      • Hits: 25 clicks

      Tecox component by www.teglo.info