155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    İnsan və Ney / Dr.İbrahim Baz

      Share

      Şübhəsiz ki, özünü axtaran insanların düşdükləri irfan yolundakı ən böyük ariflərdən biri də Mövlana Cəlaləddin Rumi həzrətləridir. Mövlana 1273-cü ildə vəfat etsə də könüllərdə yaşayır. 

      Bu münasibətlə də Yunesko tərəfindən 2007-ci il dünyada “Mövlana İli” kimi qeyd edildi. Əcəba, bu gün onu yaşadan, inananların və hətta inanmayanların könüllərini ürpərdən, qucaqlayan yönü nədən ibarətdir?

      Mövlana, “köləsiyəm” dediyi Qurandan aldığı ilhamla insana nə olduğunu, haradan gəlib haraya getdiyini müasir psixologiyanın bu günün özündə belə bacarmadığı bir ustalıqla anlatmaqdadır. Məhz bu münasibətlə də din, dil, məzhəb fərqi olmadan dünyanın dörd bir tərəfində insanlar heyranlıqla Məsnəvi oxuyur, oxuduqca da özlərini tanıyırlar. Ən əsası da odur ki, onu oxuyanların bir çoxu heç bir təlqin olmadan bu böyük mürşidin vasitəsilə İslamla şərəflənirlər. 

      Mövlana Məsnəvi adlı əsərinə ayrılıq hekayəsi ilə başlayır. Qamışlıqdan ayrılan neyin hekayəsi ilə:

      Bişnev əz ney çün hekâyət mîküned
      Əz cüdâyîhâ şikâyət mîküned

       

      Dinlə, ey insan! Bax gör ney nədən şikayət edir. Ayrılıqdan şikayət edir.

      Ey insan, dinlə! Eşitdim, duydum demə, dinlə!

      Dinlə ki, öyrənəsən, elmdən hikmətə gedəsən.

      Neyi dinlə və onun kimi ayrılıq acısı və vüsal həsrəti ilə inlə.

       

      Həzrət Cəlaləddin Ruminin hər hansı bir ibarə ilə deyil, “dinlə” ilə başlaması ney səsinin dinlənməyə möhtac və dinləmək üzvünün də digər üzvlərdən daha fəzilətli olduğundandır. Qulaqdan sonra ən mötəbər əza olan göz məhdud çərçivə içərisində bəzi maddələri görə bilir. Qulaq isə varlığı hiss edilməyənləri, mənəviyyatı, məxluqatı, sonsuz hikmətləri dinləməyə qadirdir. (Abidin Paşa, Tərcümə və Şərhi Məsnəviyi-Şərif, Dərsəadət Mətbəəsi, İstanbul, H. 1305, səh: 21–22) Dinləmək iradəyə bağlı olan bir davranışdır və yalnız iradəsi ilə təslim olanlar mürid olurlar.

      Bütün məsnəvi şərhçiləri neydən məqsədin insanı-kamil olduğunu söyləyirlər. Bəzi şərhçilərsə ondan Mövlananın özünün qəsd olunduğunu söyləyirlər. Ney ilə insanın hekayəsi arasında böyük bir bənzərlik vardır. Allah insanı yaratdıqdan sonra ona öz ruhundan üfürmüş və həyat vermişdir. Ney də qamışlıqdan qoparılmış quru bir qamışdır. Neyzən də ona öz ruhundan üfürərək həyat verir. Ney qamışdan ayrı qaldığı üçün inləməkdədir. İnsan da əzəl aləmindən, ruh aləmindən dünyaya sürgün edilmişdir. Haqdan ayrı düşdüyü üçün iztirab çəkir. İnsan dünyada yaşadığı müddətdə acılar, xəstəliklər, bəlalar içində çırpındıqca ruh aləmindəki səadətin həsrətini çəkərək qərib olduğu dünyadan qurtuluş yolları axtarır.   

      Neydən məqsəd olan arif və kamil insanın ağzından mənalı və gözəl sözlər çıxar. Beytin ikinci misrasında keçən “ayrılıqlardan şikayət edir” sözü insanların və ariflərin ruh və mələkut aləmindən ayrılıb dünyaya gəlmələrindən şikayətini ifadə edir.

      Neyin səsi dinləyənin eşqini artırdığı kimi arif olan kəs də hikmət dolu sözləriylə istedadlı insanların eşqini artırar. Neyin gözəl sədasından çox vaxt bir hekayə, eşq macərası duyulduğu kimi, arifin sözlərindən də çox vaxt həqiqi aşiqlərin halları, lahut aləminin sirləri duyulur və hiss olunur. Ney düz olduğu kimi arifin halı da düzdür. Qamışlıqdan kəsilən ney qəribdir. Ruhlar aləmindən ayrılan arif də dünyada qəribdir. Neyin içi tamamən boşdur, yalnız eşq nəfxəsi (nəfəs) ilə dolar. Arif də feyz verən bir nəfxəylə yaşar. (Abidin Paşa, E.a.ə, C: 1, səh: 22–23)  

      Məsnəvi şərhçisi Avni Konuk neydə yeddi pərdənin olduğundan bəhs edir. Yegah, Aşiran, İraq, Rast, Dügah, Segah, Çahargah. Haqqa qovuşmaq istəyən müriddə də yeddi pərdə - mərtəbə vardır: Nəfsi-Əmmarə, Nəfsi-Ləvvamə, Nəfsi-Mülhəmə, Nəfsi-Mütməinnə, Nəfsi-Raziyyə, Nəfsi-Mərziyyə, Nəfsi-Safiyyə.

      Ney qamışlıqdan ayrıldıqdan sonra yalnız bir ustanın əli ilə ney ola bilər. Qızmar dəmirlə içi boşaldılır və üstündə yeddi deşik açılır. Sonra da bir başqa usta – neyzən onu üfürərək dilə gətirir. Bunun nəticəsində ondan ancaq “hu” səsi çıxar. İnsanın da başında ney kimi yeddi dəlik vardır. İnsan da ehtiras, üsyan, vəsvəsə, riya kimi xislətlərdən yalnız bir mürşidin vasitəsilə xilas olur. Daxili bu cür pis xislətlərdən boşalaraq yalnız nəfəslə dolan insandan da bu cür “hu” səsi çıxar.

      Neyin səsi özünə aid olmayıb neyzənin nəfəsindən ibarət olduğu kimi, kamillərin sözlərini də diqqətlə dinləndikdə həqiqət mənbəyi və dəryası olduğu ortaya çıxar.

       

      İnsanın nə olduğu və kamala qovuşma düsturu neydə gizlidir.

      Ney kimi hu deyə bilmənin yolu da neyzənə təslimiyyətdədir.

      Kamillik yoluna təkbaşına çıxılmaz. Çünki yol yoxuş və təhlükələrlə doludur.

      Ya Rəbb! Bizləri ney kimi eşqinə nalan et!

       

      Ney kimi hər dəm ki, bəzmi-vəslini yad eylərəm

      Ta nəfəs vardır quru cismimdə fəryad eylərəm

                                                                          Füzuli 

      • Hits: 1101 clicks

      Tecox component by www.teglo.info