Dr. Anar Qurbanov - SUAL-CAVAB

      Share

      Sual: Pis söz demək dəstəmazı pozarmı?

      Cavab: Pis və nalayiq sözlər sərf etmək İslam əxlaqına zidd olan çirkin bir hərəkətdir.

       Bir mömin bu cür çirkin söz və hərəkətlərdən uzaq durmalıdır. Ancaq pis söz danışmaq, nalayiq sözlər sərf etmək dəstəmazı pozan hallardan sayılmır. Çünki dəstəmaz yalnız bədəndən çıxan qan, irin, sidik, nəcis və bu kimi şeylər nəticəsində pozulur. Bununla yanaşı, bəzi alimlər pis sözlər danışanın, ya da başqalarına qarşı nalayiq sözlər sərf edənin istiğfar etməsini, eləcə də halallıq almasını və bundan sonra dəstəmaz almasını tövsiyə etmişlər.

       

      Sual: Qurumuş nəcasətin paltara dəyməsi ilə paltar kirlənmiş olarmı?

      Cavab: Namazın səhih olması üçün bədənin, paltarın və namaz qılınan yerin təmiz olması lazımdır. Nəcasətlər istər quru, istərsə də yaş olsun, mühüm olan paltara bulaşmış və yapışmış olmasıdır. Belə olan halda paltarda və ya bədəndə qurumuş bir nəcasətin mövcudluğu namaza manedir və təmizlənməlidir. Ancaq nəcasət paltara iz qoymadan yalnız ona dəymiş olarsa, namaza əngəl deyil. Heyvan təzəyi kimi qatı olan bir nəcasət ayaqqabıya yapışıb orada quruduqdan sonra ayaqqabının yerlə təması nəticəsində qopub düşərsə, ayaqqabı təmizlənmiş qəbul edilir. Ancaq imkan daxilində yumaq daha yaxşıdır.

       

       Sual: Dəstəmazlı ikən məstlərin çıxarılıb təzədən geyilməsi dəstəmazı pozarmı?

      Cavab: Dəstəmaz alarkən ayaqlarını yuduqdan sonra məstlərini geyinən bir şəxsin aldığı bu dəstəmaz davam etdiyi müddətdə məstləri çıxarıb geyinməsi ilə dəstəmazı pozulmaz. Məstlərin üstünə məsh etmək surətilə dəstəmazını aldığı hallarda isə, daha sonra məstlərini çıxardığı təqdirdə məshi pozular və dəstəmazı pozan digər hallar olmayıbsa, sadəcə ayaqlarını yuyub məstlərini təzədən geyinməsi ilə dəstəmazı davam edər.

       

      Sual: Bismillah demədikdə və niyyət yaddan çıxdıqda qüsl və ya dəstəmaz etibarlı olarmı?

      Cavab: Dəstəmaza və ya qüsl almağa başlayarkən niyyət etmək və bismillah demək sünnədir. Belə olan halda niyyət etmədən və bismillah demədən alınan dəstəmaz və qüsl etibarlıdır. Ancaq qüsl və dəstəmazdan əvvəl bismillahın və niyyətin unudulması ilə sünnə savabından məhrum qalınar. Qeyd edək ki, Şafei məzhəbinə görə isə dəstəmaz və qüsl üçün niyyət etmək fərz, qüsl almağa başlayarkən bismillah demək isə sünnədir.  

       

      Sual: Daim səfərdə olan bir müsəlman namaz və oruc ibadətlərini necə yerinə yetirməlidir?

      Cavab: Dini baxımdan yolçu olanlar, yəni 90 km və daha uzaq məsafəyə gedənlər fərz namazlarını qısaldaraq qılarlar. Səfərilik ramazan orucunun təxirə salınması üçün də bir rüsxət səbəbidir. Səbəb davam etdiyi müddətdə rüsxətlər də davam edər. Mütəmadi olaraq üzrlü olanlar üzrləri aradan qalxdıqdan sonra vaxtında tuta bilmədikləri ramazan oruclarını qəza etməlidirlər. Uca Allah “Bəqərə” surəsinin 185-ci ayəsində belə buyurur: “...Xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar”.

      Odur ki, daim səfərdə olanlar namazlarını təxirə salmadan qısaldaraq qılmalıdırlar. Ramazan oruclarını da imkan daxilində tutmağa səy göstərməlidirlər. Çünki “Bəqərə” surəsinin 184-cü ayəsində belə buyurulur: “Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” Ancaq səfərdə ikən oruc tutmağa gücü çatmadığı təqdirdə, münasib bir vaxtda qəza edilmək üzrə səfərilik müddətində təxirə salmaq olar.

       

      Sual: Toyuq, xoruz və qaz kimi heyvanlar qurban niyyəti ilə kəsilə bilərmi?

      Cavab: Şübhəsiz ki, qeyd edilən heyvanlar qurban kimi kəsilə bilməz. Çünki qurbanlıq heyvan növləri ayə və hədislərlə açıq-aydın müəyyən edilmişdir. Belə ki, qurbanlıq heyvanlar Qurani-Kərimdə “bəhimə” kəlməsi ilə vurğulanmışdır. Uca Allah belə buyurur: “Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, məzlum yoxsullara da yedirdin! (əl-Həcc, 22/28) Bu ayeyi-kərimədə “bəhimə” adı ilə qeyd edilən heyvanlar həmçinin başqa bir ayədə erkək və dişi olmaqla – qoyun, keçi, inək və dəvə olaraq izah edilmişdir.

      Bundan əlavə, qeyd edilən heyvanların müştərək xüsusiyyətləri vəhşi olmayıb ev heyvanı və cüt dırnaqlı olmasıdır. Bu iki xüsusiyyəti daşımayan heyvanlar qurban edilə bilməz. Odur ki, maral, ceyran və dağ keçisi kimi heyvanlar cüt dırnaqlı olmasına baxmarayaq yabanı olduğu üçün qurban edilə bilməzlər. Toyuq, xoruz və qaz kimi heyvanlar isə ev heyvanları olmasına baxmayaraq cüt dırnaqlı olmadığı üçün qurbanlıq üçün istifadə edilə bilməz.

       

      Sual: Məscidin içində cənazə namazı qılmaq olarmı?

      Cavab: Cənazə namazı məsciddən çöldə qılınmalıdır. Bir üzr, zərurət olmadıqca məsciddə cənazə namazı qılınması məkruh hesab olunur. Ancaq yağış, palçıq, soyuq kimi bir zərurət olarsa, cənazə namazının məsciddə qılınmasında hər hansı bir qəbahət yoxdur. Şafeilərə görə isə, cənazə namazının məsciddə qılınması ilə məscidi kirlətmə qorxusu yoxdursa, müstəhəb bir haldır.

       

       

       

      • Hits: 36 clicks

      Tecox component by www.teglo.info