Səfa MURADOV – BİR HƏDİS

      Share

      لَتُفْتَحَنَّ الْقُسْطَنْطِينِيَّةُ، فَلَنِعْمَ الْأَمِيرُ أَمِيرُهَا، وَلَنِعْمَ الْجَيْشُ ذَلِكَ الْجَيْشُ

      "Konstantinopol (İstanbul) mütləq fəth ediləcək. Onu fəth edən sərkərdə nə gözəl sərkərdədir, onu fəth edən ordu nə gözəl ordudur".

                  Həzrət Peyğəmbər Allahın ona bildirməsi ilə müəyyən məsələlərdə qeybə dair məlumat vermişdir. Hər nə qədər Quranda qeybin yalnız Allah tərəfindən bilindiyinə diqqət çəkilsə də (ən-Nəml, 27/65), bir ayədə Allahın peyğəmbərlər arasından razı qalıb seçdiklərinə qeyb ilə bağlı məlumatları bildirəcəyinə işarə olunur.(əl-Cin, 72/26-27) Hədislərə nəzər saldıqda Allah tərəfindən qeybə dair son Peyğəmbər Həzrət Muhammədə (s.ə.s) də müəyyən məlumatların bildirildiyi diqqət çəkir. Belə hədislərdən biri: "Konstantinopol (İstanbul) mütləq fəth ediləcək. Onu fəth edən sərkərdə nə gözəl sərkərdədir, onu fəth edən ordu nə gözəl ordudur", - hədisidir.(Əhməd ibn Hənbəl, Müsnəd, XXXI, 287) İstanbulun fəth ediləcəyini qəti bir üslubla bəyan edən bu hədis “Kutubi-Sittə”də keçməsə də, məşhur hədis müəllifləri tərəfindən qələmə alınan bir çox əsərdə yer almışdır. Bu əsərlərin başında Əhməd ibn Hənbəlin (241/855) “Müsnəd”i, Buxarinin (256/870) “Tarixul-kəbir” və “Tarixus-səğir” adlı iki əsəri, İbn Əbi Xeysəmənin (279/892) “Kitabut-tarix”i, Bəzzarın (292/905) “Müsnəd”i kimi əsərlər gəlir.

                  Hədisin səhhət dərəcəsinə gəlincə, öncəliklə onu qeyd etmək lazımdır ki, bir hədisin Kütübi-sittədə keçməməsi o hədisin mütləq surəttə zəif və ya uydurma hədis olduğu mənasına gəlmir. Çünki üsul olaraq bir hədisin səhihliyi hansı kitabda keçdiyinə görə deyil, o hədisi nəql edən ravilərin şəxsi keyfiyyətlərinə baxılaraq təyin və təsbit edilir. Bu baxımdan İstanbulun fəth olunacağını xəbər verən bu hədisin də isnad baxımından incələnməsi lazımdır. Araşdırma nəticəsində hədisin səhabə ravisi və ondan sonrakı üç ravinin bütün mənbələrdə eyni şəxslər olması diqqət çəkir. Bunlar: Bişr əl-Ğanevi əl-Haşimi (səhabə) - Abdullah ibn Bişr əl-Ğanevi (tabeun) - Vəlid ibn Muğirə (təbei-tabeun) və - Zeyd ibn Hübabdır (təbei-tabeun). Sənədin bu hissəsindən sonrakı ravilər hədisin müxtəlif təriqlərinə görə fərqlilik ərz etməkdədir. Hər nə qədər hədisin sənədində adları keçən bu şəxslərin dəyərləndirilməsi nəticəsində tarix boyu fərqli qənaətlər ortaya qoyulmuşsa da, bir çox alim tərəfindən hədisin səhih olduğu da irəli sürülmüşdür. Məsələn, hədisin isnad baxımından səhih olduğunu irəli sürən Hakim ən-Neysaburinin (405/1014) bu qənaətinə məşhur hədis tənqidçisi olan Zəhəbi də qatılmışdır. (Zəhəbi, “Təlxisul-müstədrək”, IV, 422). Lakin son dövr hədis tənqidçilərindən olan Əlbani və Şuayb əl-Arnavut kimi alimlərə görə, hədis isnad baxımından zəif qəbul edilmişdir. Hər iki alim hədisin zəif olma səbəbinin hədisin sənədində adı keçən Abdullah ibn Bişr əl-Ğanevi olduğunu irəli sürmüş və İbn Hibbanın (354/965) bu şəxs haqqındakı müsbət fikrini qənaətbəxş qəbul etməmişlər. (Əlbani, “Silsilətül-əhadisiz-zəifə”, II, 268-369).

                  İstanbulun fəth olunacağına işarə edən bu hədis haqqında səhih və zəif olmaqla fərqli dəyərləndirmələr olsa da, uydurma olduğunu iddia edənlərin sayı yox deyiləcək qədər azdır. Buna görə də bu hədisə uydurma rəvayətləri bir yerə toplayan kitablarda (əl-mövzuat) rast gəlinmir. Bu da hədisin alimlər tərəfindən ən az zəif dərəcəsində qəbul edildiyinə işarə edir. Ayrıca, hədisin zəif olduğunu irəli sürən alimlər bu zəifliyin isnad cəhətindən olduğunu xüsusi olaraq vurğulamışlar ki, bu da onlar tərəfindən hədisin mənasının doğru qəbul edildiyinə işarə olaraq qəbul oluna bilər. Hədisi məna cəhətindən dəstəkləyən başqa hədislər də var ki, bu hədislər ilə bərabər düşündükdə hədisin məna baxımından doğru olduğu nəticəsi ortaya çıxır. Belə hədislərdən biri Əhməd ibn Hənbəlin “Müsnəd”ində keçir. Bu hədisə görə, Həzrət Peyğəmbərə, öncə Konstantinopolun, yoxsa Romanın fəth ediləcəyi soruşulmuş, Həzrət Peyğəmbər də öncə Heraklın şəhəri olan Konstantiniyyənin fəth olunacağını xəbər vermişdir.(Əhməd ibn Hənbəl, “Müsnəd”, XI, 224). Muaz ibn Cəbəldən nəql edilən başqa bir hədisdə isə Rəsulullah (s.ə.s) belə buyurur: "Beytül-Məqdisin abadlaşdırılması Yəsribin (Mədinənin) xarabalığa çevrilməsinin, Yəsribin xarabalığa çevrilməsi böyük müharibənin başlanmasının, böyük müharibənin başlanması Konstantinopolun fəthinin, Konstantinopolun fəthi isə Dəccalın gəlməsinin əlamətidir". Sonra Rəsulullah (s.ə.s) əlini Muaz ibn Cəbəlin dizinə vurub: "Şübhəsiz ki, bu dediklərim sənin burada olduğun kimi haqdır", - dedi. (Əbu Davud, Məlahim, 3). Hədis mənbələrində bu mənada başqa rəvayətlərə də rastlanmaqdadır. Bu da fərqli təriqlərlə nəql edilən bu hədislərin bir-birilərini dəstəkləmək surəti ilə daha güclü hala gəldiyini göstərir. Bu baxımdan İstanbulun mütləq fəth ediləcəyini xəbər verən yuxarıdakı hədis bənzər mahiyyətdəki hədislərlə dəstəklənərək qüvvət qazanmışdır.

                  Allahın yer üzündəki iradəsi insanlar arasında ədalətin təmin edilməsidir.(ən-Nisa, 4/58) Bu məqsədi özünə şüar bilən  İslam ordularını səkkiz əsr boyunca Konstantinopol üzərinə sövq edən bu hədis İslam fəth tarixində böyük rol oynamışdır. Beləliklə 1453-cü ildə Fateh Sultan Mehmedin İstanbulu fəth etməsiylə Rəsulullahın (s.ə.s) əsrlər öncə verdiyi müjdə gerçək olmuşdur.

       

      • Hits: 59 clicks

      Tecox component by www.teglo.info