Şükür ƏNDƏLİFOV – FATİH KÜLLİYƏSİ

      Share

      Türk-İslam memarlığının ən önəmli əsərlərindən biri Fatih külliyəsidir. Fatih külliyəsi İstanbulun fəthindən sonra Fateh Sultan Mehmed xanın əmri ilə tikilən ilk böyük külliyədir. 

      Fatih külliyəsinin içərisində mədrəsələr, kitabxana, mətbəə, yeməkxana, bazar, xəstəxana, hamam və qonaq otaqları mövcuddur. Bu külliyədə Bizans sənətinə işarə edən heç bir iz yoxdur. Külliyə ilk inşa olunduğunda da, həmçinin zəlzələdən sonra təmir olduğu vaxt da, öz üslubunu qorumağı bacarmışdır. Külliyənin mərkəzində Fatih camesi yerləşir. Camenin həyətində dəstəmaz almaq üçün xüsusi fəvvarəsi olan yer hazırlanıb. Diqqət yetirsək, əksər böyük məscidlərin önündə buna bənzər yerlər var. Bunun bir funksiyası dəstəmaz ehtiyacını qarşılamaq, digər bir funksiyası isə  məscidə gələnlərə təmiz, təravətli hava, mənəvi rahatlıq, xoş əvhali-ruhiyyə bəxş etməkdir.

      Fatih Camesi: “Came” adlandırılan bu böyük məscid tikilməmişdən əvvəl həmin yerdə On iki həvari kilsəsi var idi. Fateh kilsə rahibinin 1455-ci ildə kilsəni başqa yerə köçürmək istəməsi üzərinə, ona başqa bir yerdə kilsə üçün torpaq verəcəyini, bu yerdə isə özünün adına külliyə inşa edəcəyi fikrini söyləyir və onunla razılığa gəlir. Məscid memar Atik Sinan tərəfindən 1463-cü ildə tikilməyə başladı və 1471-ci ildə inşası başa çatdırıldı. Məsciddə bir ana qübbə və ona birləşik dörd yarım qübbə mövcuddur. Eyni zamanda qübbələrin ətrafında həm xəlifələrin, həm də cənnətlə müjdələnən şəxslərin adları qeyd olunub. Həmçinin məscidin içərisində su quyusu da yerləşir. Məscidin pəncərəsində olan müxtəlif rəngli şüşələr naxışlarla və rəngarəng üslubda hazırlandığından içəri düşən işığı tənzimləyir. İstanbulda 1509-cu ildə baş verən zəlzələ vaxtı xeyli zərər görən və Sultan Fateh tərəfindən tikdirilmiş olan came bu günə qədər gəlib çatmayıb. Çünki məscid həmçinin 1554 və 1557-ci illərdə baş verən zəlzələdə də yenə çox ciddi zərər görür. 1766-cı ildə baş verən zəlzələdə isə ana qübbə çökür və divarları da təmir edilməz dərəcədə uçur. Sultan II Mustafa xanın əmri ilə 1767-ci ildə memar Mehmed Tahir tərəfindən məscid yenidən inşa etdirilir

      Mədrəsə: Külliyənin ən önəmli bölmələrindən biri Fatih mədrəsəsidir. Fatih mədrəsəsi İstanbul Universitetinin ilk təməlidir. Rəvayətə görə, Fateh Sultan Mehmed xan bir gün mədrəsəyə gəlir və burada təhsil almaq istədiyini söyləyir. Müəllim ona həm artıq dərs ilinin ortası olduğunu, həm də imtahansız tələbə qəbul edə bilməyəcəyini bildirir. Bundan sonra Fateh Sultan Mehmed xan imtahana hazırlaşır və yeni dərs ilinin başladığı vaxt mədrəsəyə imtahan verir. Yüksək nəticə qazanaraq həmin mədrəsənin tələbəsi olur.

      Kitabxana: Bura da Fatih Külliyəsinin önəmli bölmələrindən biridir. Məscid tikildiyi zaman kitabxana üçün müstəqil bir bina yox idi. XVIII əsrdə məscidin qiblə tərəfində kitabxana binası tikilir. Son illərdə baş verən zəlzələ nəticəsində bina çatladığı üçün kitabxana boşaldılır və kitablar Süleymaniyə kitabxanasına aparılır.

      Qonaq otaqları: Bu otaqlar yeməkxana və mətbəə olan binada yerləşirdi. Xanın göstərişinə uyğun olaraq bir kimsə burada üç gün qonaq qala bilərdi. Üç gün bitdikdən sonra artıq oranı tərk etməli idi.  1766-cı ildə baş verən zəlzələdən zərər görən hissələrdən biri də qonaq otaqları binası olmuşdur.

      Yeməkxana: Qonaq otaqları yerləşən binanın 1-ci mərtəbəsində yeməkxana yerləşir. Yeməkxanada hər gün Sibyan məktəbində oxuyan tələbələr, mədrəsədə təhsil alan tələbələr, Universitet tələbələri və kimsəsizlər üçün yemək bişirilirdi.

      Bazar: Külliyənin şərqində bir çox dükanlar tikildiyindən həmin dükanlardan böyük bir bazar meydana gəlmişdir. 1918-ci ildə Fatih yanğınından sonra bir çox dükanlar istifadəsiz hala düşür. Hazırda Saraçhanebaşı məhləsində Dülgərzadə məscidinin yaxınlığında yerləşən bazar, əvvəllər mövcud olan külliyə bazarının qalıntıları olaraq hesab edilir.

      Hamam: Külliyənin şərq tərəfi digər ərtaf ərazilərə nisbətdə daha alçaqda olduğundan hamam həmin ərazidə yerləşirdi. Məhz buna görə də buranı “Çukur hamam” deyə adlandırırdılar. 1766-cı ildə baş verən zəlzələdə hamam çökmüş və təmir edilmədiyi üçün istifadəyə yararsız hala gəlmişdir.

      Camenin qiblə tərəfində 3 ədəd türbə yerləşir. Bu türbələrdən ikisinə Fateh Sultan Mehmed xan və yoldaşı Gülbahar xanım dəfn edilmişdir. Üçüncü türbəyə isə II Sultan Mahmudun anası Nakşidil xanım dəfn olunmuşdur.

      XVIII əsrdə yenidən inşa olunmuş olan Fatih Camesi bu gün də öz əsrarəngiz gözəlliyi və füsunkar görünüşü ilə həm ölkə camaatının, həm də ölkəyə gələn turistlərin diqqət mərkəzində yer alır.

       

       

       

       

      • Hits: 30 clicks

      Tecox component by www.teglo.info