Nurlan MƏMMƏDZADƏ - İSTİQAMƏT ÜZRƏ OL

      Share

      Səhabədən Əbu Amr Süfyan bin Abdullah bir gün Hz. Peyğəmbər (s.ə.s)-dən ona  nəsihət etməsini istədi:

      - Ya Rəsulallah, İslama dair mənə elə bir söz söylə ki, bu haqda səndən başqasına sual verməyim.

      Allah Rəsulu bu cavabı verdi:

      - “Allaha iman etdim, - de, sonra istiqamət üzrə ol!”. (Müslim, İman 62) 

      Əshabi-kiram həzrətləri zaman-zaman Rəsulullah (s.ə.s)-ə buna bənzər suallar verərək həyatlarını hansı istiqamətdə yaşamalı olduqlarına cavab axtarırdılar. Hədis kitablarında bəzən “hansı əməl daha fəzilətlidir”, bəzən “ən çox kimə ehtiram göstərməliyəm”, bəzən də “mənə nəsihət et” tərzində öyüd-nəsihət istəyən səhabələrin İslamı gözəl yaşamaq üçün nə qədər can atdığını görürük. Həmçinin Allah Rəsulunun da bir neçə kəlmədən ibarət olan, lakin geniş mənalar əhatə edən möhtəşəm cavablarla onlara yol göstərdiyini, ömürləri boyu tabe olacaqları təqdirdə cənnətə girmələrinə vəsilə olacaq düsturları göstərdiyini müşahidə edirik. Qeyd etdiyimiz hədisi-şərif də Hz. Peyğəmbərin həmin qəbildən söylədiyi gözəl kəlamlarından sadəcə biridir. Allah Rəsulu bir cümlədən ibarət olan bu kəlamı ilə əslində İslamın tamamını ifadə etmişdir. Səhabənin də dediyi kimi artıq bu kəlmədən sonra İslamla bağlı başqa kiməsə sual verməyə heç bir ehtiyac qalmamışdır.   

      İman etmək bu işin əsası və özəyidir. İslama giriş imanla mümkündür. Dünya və axirət səadəti istəyənlər Allaha və Onun Rəsuluna, həmçinin onların söylədikləri hər şeyə iman etmədən buna nail ola bilməzlər. İnsanın əqidəsi Allahın istədiyi istiqamətdə formalaşmadan işlədiyi əməl nə olursa olsun, hər iki dünyada bundan faydalanması imkansızdır. Hz. Peyğəmbər bu hədisi-şərifində hər şeydən əvvəl iman etməyin vacibliyini, əqidənin sağlam olmasını vurğulamışdır. Sonra doğru yolda olmağı tövsiyə edərək “İstiqamət üzrə ol”, – buyurmuşdur.

      İstiqamət gedilən yolun doğru seçilməsidir. İstiqamət bizi hədəfə çatdıran, əsas qayəmizdən yayındırmayan yolun adıdır. İstiqamət hər gün Fatihə surəsində Allahdan istədiyimiz sirati-müstəqim üzrə olmaqdır. İstiqamət bizi Allaha aparan yoldur. İstiqaməti düzgün seçməyən mənzilə çata bilməz, yanlış dalanlarda ömrünü hədər etmiş olar. İstiqamət bu dünyadan digərinə səfər edən insan oğlunun sağlam addımlarla irəliləyəcəyi ən təhlükəsiz yoldur.

      Yola çıxan adamın iki şeyə ehtiyacı var: xəritə və bələdçi. Xəritə bizə gedəcəyimiz yolu tərif edir, bələdçi isə xəritədə göstərilən yerə dəfələrlə getdiyi üçün bizi yol üzərindəki təhlükələrdən əmin bir şəkildə mənzilə çatdırır. Axirət səfərimizdə də bizə xəritə və bələdçi lazımdır. İstiqamət üzrə addımlamamız üçün əbədi yol xəritəmiz:

      Qurani-Kərim Rəbbimizin insan oğluna göndərdiyi, ona doğru yolu göstərən, haqqı batildən, yaxşını pisdən ayıran uca kitabıdır. Dünyaya gəliş qayəmiz, həyatın mənası, hər iki dünyada xoşbəxt olmağın sirləri bəşəriyyətə ilahi ərməğan olan Qurani-Kərimdə öz əksini tapmışdır. Rəbbimiz qarşısındakı məsuliyyətimiz, digər insanlarla münasibətimiz, əmrimizə verilən nemətlərdən düzgün istifadə qaydaları, axirət yolçusu olan insan oğlunun sürməli olduğu həyat tərzi məhz bu kitabda açıq-aydın izah edilmişdir. İlahi kitab olan Qurani-Kərim Uca Rəbbimizin bizimlə danışması, bəndələrinə öyüd-nəsihətlər toplusudur. O, qaranlıqları aydınladan, ziya saçan Siraci-Munirdir. Mənzil başına sağ-salamat getmək istəyənlər yollarına onunla işıq tutmalıdırlar. O, müttəqilərə hidayət yolunu göstərəndir. Əlimizdəki yol xəritəsi Qurani-Kərim, önümüzdəki bələdçi isə:

      Həzrət Peyğəmbər və Onun Sünneyi-Səniyyəsidir. Allahın lütf və kərəmidir ki, biz aciz bəndələrinə sadəcə kitablar göndərməmiş, o kitabların canlı nümunəsi olan peyğəmbərlərini də göndərərək mənəvi tərbiyəmizi kamala çatdırmağın yollarını göstərmişdir. Bu mənada Peyğəmbərlər sərvəri Həzrət Muhamməd (s.ə.s) Uca Rəbbimizin bəşəriyyətə ən böyük ehsanlarından biridir. Sünneyi-Səniyyə Allah Rəsulunun həyat tərzi, Qurani-Kərimin bu dünyada yaşanan ilk canlı nümunəsidir. Həzrət Aişə anamız Rəsulullahın əxlaqını soruşanlara əbəs yerə “Onun əxlaqı Quran idi” demirdi. Allah Rəsulu yol xəritəmiz olan Qurani-Kərimi ən gözəl oxuyan, anlayan və ümmətinə bələdçilik edən misilsiz öndər şəxsiyyətdir. Qurani-Kərim Allah tərəfindən məhz Ona nazil olmuş, Onun bərraq qəlbindən süzülərək ümmətə ərməğan edilmişdir. O olmadan Quranı anlamaq və yaşamaq imkansızdır. Bu gerçəyi anlayan İslam düşmənləri zəmanəmizdə, haşa, Peyğəmbərsiz İslam ideologiyaları ilə müsəlmanları Qurandan uzaqlaşdırmağın yollarını axtarırlar. Halbuki Quranın Sünnəsiz anlaşılmayacağını on dörd əsr bundan əvvəl səhabeyi-kiram necə də gözəl ifadə etmişdir. Belə ki, İmran bin Husayn (r.a) insanlara Həzrət Peyğəmbərdən bəhs edərkən bir nəfər: “Ey Əbu Nüceyd, bizə Qurandan danış”, - deyərək etirazını bildirir.

      O alicənab səhabə həmin adamı yanına çağıraraq bu sualı verir: “Sən və sənin kimilər, Quran oxuyursunuz, elə deyilmi? Elə isə mənə namazdan, namazın içindəki əməllərdən danışa bilərsənmi? Qızılın, inəyin, dəvənin və digər malların zəkatı nə qədər verilməlidir, bu barədə nə deyə bilərsən? Sən olmayanda mən Peyğəmbərlə birlikdə idim və bütün bunları biz Ondan öyrəndik”.

      Deməli, Quran əsl, Sünnə isə üsuldur. Əsl olmadan üsul bir işə yaramaz. Üsul olmadan da əsl olan anlaşılmaz. İstiqamət üzrə olmaq da bu iki neməti rəhbər bilərək Kitab və Sünnə işığında yol qət etməkdir. Çünki Allah Rəsulu (s.ə.s) məşhur Vida Xütbəsində bunu açıq-aşkar belə tövsiyə edir:

      “Sizə iki miras qoyub gedirəm, onlara möhkəm sarıldığınız təqdirdə yolunuzdan əsla çıxmazsınız: Allahın Kitabı və Rəsulunun Sünnəsi”. (Muvatta, Qədər 3) Haqq yoldan ayrılmaq istəməyənlər, həyatı istiqamət üzrə yaşamağı arzu edənlər Həzrət Peyğəmbərin bu öyüdünə qulaq verərək ilahi Kitabı və nəbəvi Sünnəni həyat düsturu bilməlidirlər. Çünki Kitab və Sünnə müvazinətimizi saxlayan iki qanad kimidir. Biri olmadığı təqdirdə tarazlığımızı itirərək yoldan çıxmağımız qaçılmazdır.

      Allah-Təala Qurani-Kərimdə iman edib istiqamət üzrə olan qullarını belə müjdələyir:

      “Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da istiqamət üzrə olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyərlər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin!” (əl-Fussilət, 30)

       

       

                        

       

       

      • Hits: 169 clicks

      Tecox component by www.teglo.info