155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Adem ŞAHIN – CÜMƏ MESAJLARI

      Share

      Cümə axşamını cümə gününə bağlayan axşamdan etibarən şiddətli mesaj yağışı başlayır. Telefonun internet əlaqəsini kəsməsəm, aramsız yağış damcılarının gurultusundan yata bilməyəcəyəm.

       Yağış cümə səhəri də davam edir. Necə ki yağış damcılarını saymaq mümkün deyil, eləcə də “cümə mesajları”nı başdan sona oxumaq, dinləmək imkansızdır.

      Ehyayi-Ulumiddin başda olmaqla, dini kitablarımızda “Cümə ədəbi” bölümü mövcuddur. Burada cümə axşamından etibarən hazırlaşmaq, qüsl almaq, sədəqə vermək kimi tövsiyələr yer alır. Güllü-çiçəkli Kəbə şəkilləri və yanıq səsli ilahilərlə bəzənən cümə mesajları bundan sonrakı kitablarda “Cümə ədəbi” bölümünə əlavə edilərmi, bilmirəm...

      Cümə mesajları bəzən fəlakət və qəflət əsrini yaşayan bizlər üçün bir günah çıxartma mərasiminə çevrilir. Amerikalı mafiya lideri olan Al Kapone dinə qarşı praqmatist yanaşmasını bu sözlərlə ifadə edir: “Hər axşam yatmazdan əvvəl tanrıya mənə bir velosiped verməsi üçün dua edərdim. Bir gün tanrının iş tərzinin bu şəkildə olmadığını başa düşdüm. Səhəri gün yeni bir velosiped oğurladım və hər axşam yatmazdan əvvəl tanrıya günahlarımı bağışlaması üçün dua etdim”.

      Ey cümə mesajı göndərənlər, siz nə oğurlamısınız? Nə yalan danışmısınız? Kimin haqqını yemisiniz? Sübh namazına qalxa bilmədinizmi? Rüşvət yemisiz, yoxsa qeybət etmisiz? Cümə mesajı göndərməklə hansı günahı təmizləmək istəyirsiniz? “Ramazan müsəlmanı”, “Qədr gecəsi müsəlmanı” var idi, bir də “Cümə təbrik müsəlmanı” törəyib? Halbuki İslamda günah çıxartmaq mesaj ilə deyil, dəstəmaz alıb tövbə etməklə, halallıq almaqla olur. 

      Allahın rizasını əldə etmək üçün insan oturduğu yerdən qalxmalı, kimsəsizi, yetimi, qohum-əqrəbanı, kasıbı, xəstəni ziyarət etməlidir. Məscidin yolunu tutmaq da doğru addımdır. “Dərvişlik olsaydı, tac ilə xirqə; Biz dəxi alardıq, otuza, qırxa” deyən Yunus Əmrə “Hər şey düzəlsəydi, cümə mesajıyla; biz də göndərərdik, hərkəsə bolca” deyərdimi? Cümə xütbəsində oxunan: “Şübhəsiz, Allah ədaləti, yaxşılığı, yaxınlara kömək etməyi əmr edir; həyasızlığı, pislik və azğınlığı qadağan edir. O, düşünüb ibrət götürəsiniz deyə, sizə öyüd verir” (ən-Nəhl, 90) ayəsi niyə bizim üçün gündəm olmur?

      Sən Allahın əmri olan ədaləti, yaxşılığı, imkansıza yiyə durmağı bir kənara qoy, çoxlu-çoxlu cümə mesajı paylaş, belə müsəlmançılıq olarmı?! Quran: “Onlar hidayətə qarşılıq azğınlığı satın almış kimsələrdir. Buna görə də, alış-verişləri onlara kar gətirməmiş və doğru yolu tapa bilməmişdirlər”, - buyurur.(əl-Bəqərə, 16) Müqəddəs torpaqlara gedənlərin bir çoxu orada selfi çəkir. Selfi çəkən kimsə Kəbənin, Rəsulullahın məscidinin önündə çəkmiş olsa da, özü ön planda, Kəbə və Rəsulullahın məscidi arxa planda qalır. Göndərilən cümə mesajlarının bir qismi də belə selfilərlə eyni qədərə məhkum olur.

      Bir şeyin dəyərini azaltmağın yolu onu çoxaltmaqdan keçir. Arxa-arxaya yüzlərlə təbrik videosu, səs yazısı və ya şəkillər gələndə sanki inflyasiya yaşanır. İnsan hansına baxsın, hansını dinləsin, bilmir. Bezdirici olur və insan cümə mesajlarına cavab verməməyə, gələn mesajları oxumamağa başlayır. Məlumat daşıyan irfani bir mesajın axırına cümə günlərində “Məhəbbətlə”  deyə yazaraq səmimi-qəlbdən paylaşmaq gözəldir, minnəti və təşəkkürü haqq edir. Əsas problem gül-çiçəklə bəzənmiş məscid-minarə şəkilləri ilə göndərilən mesajlarda alıcının yaş və ehtiyac səviyyəsinin, könül aləminin nəzərə alınmamasıdır.  

      Buxarinin Səhihində Rəsulullahın əshabına vəz-nəsihət edən, elm öyrədən zaman münasib vaxtları nəzərə alması anladılarkən İbn Məsudun belə dediyi nəql olunur: “Rəsulullah (s.ə.s) vəz və nəsihət xüsusunda bizi bezdirməmək üçün halımıza baxar, ona görə hərəkət edərdi”.

      Mesaj paylaşmaq qapı çalmaq kimidir. Lazımlı-lazımsız qapı çalmaq doğru deyil axı!.. Cüməni təbrik edəcəyəm deyib 3 video, 2 slayt, 3 şəkil və 2 uzun yazı göndərilməz (yaşanmışdır). Saf surəsinin 2-ci ayəsində: “Ey iman edənlər! Etmədiyiniz şeyləri niyə söyləyirsiniz?” – buyurulur. Amma bizdə etmədiyimiz şeyləri söyləmək xroniki hal alıb.

      “Bu ayənin telefon paylaşımları ilə nə əlaqəsi var?” deyirsinizsə, cavabım budur: “Sonuna kimi oxumadığın, içində nə var deyə eləcə göz gəzdirib keçdiyin şeyləri niyə başqasına göndərirsən? Niyə oxumadığın mesaja qarşılıq təşəkkür edərək özünü oxumuş kimi göstərirsən?”

      Bir adama beş dəqiqəyə oxuna biləcək bir mətn göndərmişdim. Saniyələr içində mənə: “Düzdür, nə gözəl deyib”, - deyə cavab yazanda dözə bilməmiş, zəng edərək: “Sonuna kimi oxudunmu? Bir az yavaş ol!” – deyə azarlamışdım. Şair Yəhya Kamalı xatırlamağın yeridir: Şair bir yay günündə Bəbək səmtində bir tanışının evinə getmək məqsədilə yoxuş çıxmaqdadır. Hava isti, şair bir az kökdür. Yorulur, tərləyir... Bir restoranın önünə qoyulmuş stula oturub dəsmalı ilə tərini silir. Bu an içəridən bir işçi çıxıb:

      - Nəsə alacaqsınız, müəllim? – deyə soruşur.

      Yəhya Kamal gözucu ona baxır:

      - Bəli... Bir az nəfəs alacağam, - deyir.

      Gəlin, insanlara nəfəs aldıraq. Mesaj zəhərlənməsi/bombardmanı yaşatmayaq. “Məhəbbətlə” yazılan mesajlara və göndərənlərə minlərlə salam olsun...

       

       

      • Hits: 87 clicks

      Tecox component by www.teglo.info