Natiq ƏHMƏDOV – YAŞLI ADAM

      Share

      Yaşlı adam otağı güclə aydınladan işığın altından keçərək rəfdəki şəkil albomlarından birini ehtiyatla götürdü. Ehmalca kreslosuna oturduqdan sonra titrək əlləri ilə solmuş albomun vərəqlərini çevirməyə başladı.

      Uzun illər rayon qəzetində  işləmişdi. Gənc idi, gümrah idi. Kəndlərə gedir, fotoşəkillər çəkir, rayon qəzeti üçün materiallar hazırlayırdı. İlk çəkdiyi şəkli albomun elə ilk səhifəsinə qoymuşdu. Barmaqlarını şəklin üzərində gəzdirdi. İndiki kimi yadında idi. O günü heç unutmurdu.

      Qızmar yay günü idi. Ezam olunduğu kəndin yolunu tutmuş, yol boyu küləkdə dalğalanan buğda tarlalarının, buludlu dağların, sərin bulaqların, yamyaşıl ağacların fotoşəklini  çəkirdi. Çəkərkən öz-özünə düşünürdü: “Necə qəribədir! Fotoaparat da, mən də eyni mənzərələri görürük. Daha sonra redaksiyaya qayıtdıqda dörd divar arasında bu fotoaparat özünün çəkdiyi şəkilləri görə bilməyəcək. Çünki ruhu yoxdur; şüuru yoxdur; təhlil etmə, analiz etmə qabiliyyəti yoxdur. Onun işi canlı-cansız nə varsa, mənim göstərişimlə yaddaşa almaqdır. Mən isə, illər sonra belə, bu təbiəti, bu mənzərəni harada olsam da, görə biləcəyəm, gəzdiyim, gördüyüm  yerləri hər dəfə xatırlaya biləcəyəm. Mən bu qurğudan da, bu təbiətdən də daha üstünəm!..”

      O bunları düşünərkən onun yaradıcısı da, onun haqqında belə deyirdi: “Ey İnsan! Elə bilirsən görən, fikir yürüdən, şüur sahibi olan təkcə sənsən? Kaş ki anlasan, mənim hər şeyi həqiqəti ilə necə gördüyümü; kaş ki anlasan, mənim hər şeyi həqiqəti ilə necə bildiyimi. Kaş ki bilsən, hər hərəkətini, hər sözünü, hər düşüncəni necə qeyd etdiyimi. Kaş ki bilsən, necə qüvvət və qüdrət sahibi olduğumu, necə hikmət sahibi olduğumu. Məna aləmində heç nəyin məndən gizli qalmadığını. Toz zərrəsi qədər əskiklik olmadan hər şeyi bildiyimi, hər şeyi qeyd etdiyimi.  Sənə hər kəsdən, hətta şah damarından daha yaxın olduğumu.  Günü gəldiyində göstərmək üçün həyatının hər kadrının, hər saniyəsinin  yazıldığını və çox sağlam bir yerdə mühafizə olunduğunu”.

      O isə bunları eşitmirdi. Gördüyünü fotolentin yaddaşına köçürməklə məşğul idi.

      Yaşlı adam eynəyini düzəldərək, şəkli daha aydın görmək üçün gözünə yaxınlaşdırdı. İllər necə də tez keçmişdi. Şəklə baxdıqca o zaman düşündüklərini xatırladı. Sanki düşüncələri ağ-qara şəkildəki ağaclara, buludlara, tarlalara hopmuşdu. İndi düşüncələri bulanıqlaşaraq şəkildən bir-bir ayrılır, zehninin dərinliklərində yoxa çıxırdı.

      Arxasına söykəndi. Xəfif yorğunluq göz qapaqlarına güc gəlirdi. Özünü dərin, hüzurlu yuxuya təslim etdi.

      "İnsanlar yuxudadır, öldüklərində oyanarlar". (Hz. Muhamməd (s.ə.s))

       

      • Hits: 39 clicks

      Tecox component by www.teglo.info