Alpay AZƏR - “Fraqmentlər” silsiləsindən

      Share

      Tipaj

      (hekayə)

       Yanvarın altısı, bazar günü səhər saat doqquza on beş dəqiqə qalmış Bakcell nömrəmə Narmobayldan tanımadığım nömrədən zəng gəldi:

      • Alo, - yuxulu-yuxulu cavab verdim.
      • Salam, qardaş. Necəsən? – həlim səsiylə soruşdu.

      (Təbii ki, biz qardaş deyildik.)

      • Şükür Allaha yaxşıyam, sən necəsən?
      • Mən də şükür, yaxşıyam, yeni ilini təbrik edirəm. Can sağlığı, yeni-yeni uğurlar arzu eliyirəm.
      • Sağ ol, sağ ol, - desəm də, ürəyimdə buna yeddimərtəbəli söyüş yağdırdım.
      • Ay dost, arzu edirəm ki, bu il nəhayət ki, halal süd əmmiş bir qız qabağına çıxsın, - zalım oğlu üyüdüb-tökürdü.
      • Sağ ol, mən də səni, ailənlə bir yerdə təbrik edirəm.

      (Sonra nədənsə “dosta” keçdi, amma biz dost da deyildik.)

      • Sağ ol. O gün olsun, gələn il bu vaxtlar zəng edim, səni övladının dünyaya gəlməyi münasibəti ilə təbrik edim. Sağlam övladın dünyaya gəlsin, sən də onun böyüməyini görə-görə hər yeni il sevinəsən. Gələcək uğurlarını görəsən.
      • Sağ ol, mən də arzu edirəm ki, bu il ən böyük uğurlar əldə edəsən. Dərd-bəladan uzaq olasan.

      “Uff, çərənçi oğlu çərənçi”.

      • Sağ ol, qaqa, sağ ol. Papa, mama necədir? – həlim səsiylə növbəti mənasız suala keçdi.
      • Yaxşıdırlar, sağ ol.
      • Vobşem evdə-eişikdə salamatçıqdı da? 
      • Salamatçılıqdı.

      “Bu məni infarkt eliyəcək e!..”

      • Papa-mamanı da mənim adımdan təbrik et, yadından çıxmasın haa!
      • Sağ ol, sən də mənim adımdan öz valideynlərini təbrik edərsən, - bunu könülsüz, qəsdən mızıldana-mızıldana dedim ki, əl çəksin məndən.
      • Hə, mütləq deyərəm, çatdıraram təbrikini. 
      • Bir şey soruşum, Səftərin anasının qırxı nə vaxtdı?

      “Nəhayət! Ay çərənçi, bunu bayaqdan de də!” (Onu deyim ki, Səftər, mən və telefonla danışdığım adam üç il qabaq bir yerdə, şirkətdə işləmişdik).

      • Bu ayın on səkkizi.
      • Gedəcəksən?
      • Hə, nə dəfnində, nə də üçündə orda olammadım, gərək qırxında gedəm. Sən gedəcəksən?
      • Hə, mütləq. Səftər yaxşı oğlandı, xətrini çox istəyirəm.

      Reaksiya vermədim. Məsələ Səftərin “yaxşı oğlan” olmasında deyildi, sadəcə, tanışım, keçmiş iş yoldaşım o tiplərdən idi ki, qohum bir yana, yaxın, tanış adamının kimisə rəhmətə gedəndə üç, yeddi, qırx, il, hələ bəzən cümə axşamlarından bir-ikisinə də gedirdi.

      • Qardaş, - özündə guya məhrəmliyi, səmimiliyi əks etdirən qəribə bir yarımpıçıltılı səs tonuna keçdi. - Mənə bu gün iki aylığa üç yüz əlli manat borc verə bilərsən?

             Gözüm kəlləmə çıxdı. Boğazımı arıtladım, amma özümü itirmədim:

      • Vallah, düzü indi imkanım yoxdu. Maaşımın hamısı bayrama getdi. Yəni imkan olsaydı...
      • Onda  üç yüz əlli yox, iki yüz əlli. Çalışaram iki ay yox, bir ay sonra borcu qaytarım. Papa canı deyirəm, - bir az yalvarışlı tonda dedi.
      • Yox, inanıram sənə, - etika xətrinə dedim. – Gəl, belə eliyək. Sən mənə on beş, iyirmi dəqiqə sonra zəng elə. Telefonumun zaryadkası uje qur... - Sözümü özüm yarımçıq kəsib telefonumun qırmızı düyməsini basıb saxladım, telefon söndü, guya zaryadka bitdi. - ...tardı. Tak çto, get bay-bay elə.

      Başımı yelləyə-yelləyə telefonu çarpayımın üstünə atdım, əsnədim və az sonra yuxuya getdim.

       

       

       

       

       

       

      • Hits: 55 clicks

      Tecox component by www.teglo.info