155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Natiq ƏHMƏDOV – TORPAQ

      Share

      İki heca...

      Əvvəlimiz...

      Axırımız...

      Mart ayının zəif günəşi torpağı isitdikcə güclü texnikaların belə çətinliklə qazdığı torpaqdan kövrək toxumlar "bismillah" deyərək başını çıxarar.

       Dünya minlərlə səhifəsi olan kitab, hər ağac yüzlərlə kəlməsi olan səhifə, hər meyvə bir hərf, hər toxum bir nöqtə deyilmi?.. Kainat kitabını vərəqləmək, yaradılışın mahiyyətini dərk etmək, bu müdhiş kəhkəşanda fikir yolçuluğuna çıxmaq üçün yerə sağlam basmaq, torpaqdan başlamaq lazımdır. Maddi olaraq torpağa bənzərlik insanı mənəvi olaraq da torpağa bağlayır.

      Torpaq. O necə də mükəmməl anbardır. Hər biri ayrı ölçü və keyfiyyətdə olan toxumları xarab etmədən bağrında saxlayır. Yazda ortaya çıxacaq böcək və həşəratları etina ilə mühafizə edir. O necə möhtəşəm mədən və ecazkar dəzgahdır. Baharın hər halını hiss etdiyimiz bu günlərdə yaşılın hər tonunu, qırmızının, sarının hər çalarını insanın zövqünü oxşaması üçün ortaya çıxarır. Sanki ərzaq deposu, saxlama kamerası, mədən yatağı, sular qaynağı və insanın ilk maddəsidir torpaq. Necə ki, Uca Yaradan axirət həyatından, ölümdən sonra dirilişdən bəhs edərkən torpağı misal çəkir: "O (Allah), ölünü diridən, dirini ölüdən çıxardar. Torpağı da öləndən sonra dirildən odur. Siz də məzarlarınızdan eləcə çıxarılacaqsınız". (ər-Rum, 19) Həqiqətən, ağıllı biri bu iki hadisə üzərində bir qədər təfəkkür etsə, onda onlar arasında o qədər də böyük fərq olmadığının fərqinə varar və digərini inkar etməz. Torpağı da, insanı da yaradan ibadətə layiq, əzəməti kamil, iradəsi sabit, qüdrəti sonsuz, rəhməti və rəhmi hüdudsuz olan Uca Allahdır. 

      Rəsulullah (s.ə.s)  bir hədisi-şərifində insanın keyfiyyətlərini anladarkən onu iki növ torpağa bənzədir: "Birinci torpaq: gözəl bir torpaqdır. Yağışı qəbul edər (içinə çəkər). Beləliklə, bir çox yaşıl otlar, əkinlər verər. Bu toprağın bir hissəsində suyu çəkməyən, lakin suyu üzərində tutan bir bölüm var. Beləliklə, Allah, üzərində su yığılan bu hissə ilə insanları faydalandırar. İnsanlar buradan həm özləri içər, həm heyvanlarına içirər, həm də bağ- bağçalarını sulayarlar. İkinci torpaq: sürüşkən bir gildir. Suyu nə qəbul edər, nə də üzərində tutar. Beləliklə, heç bir məhsul və ya meyvə verməz" . Peyğəmbərimiz burada suyu çəkən torpağı misal verməklə Rəbbindən gələn ilahi lütflərə könlünü açan, onları qəbul edən möminləri qəsd etmişdir.  Buradan başa düşülür ki, mömin həm özünün, həm də başqalarının faydalandığı münbit torpaq kimi məhsuldar, həmçinin iman dəyərləri qəlbinin və beyninin hər zərrəsinə sirayət etmiş nümunə şəxsiyyət olmalıdır.

      Və o torpaq nə qəribə bir yaddaş kartıdır. Özündə milyonlarca sevinci, kədəri, ayrılığı, qovuşmanı, məğlubiyyəti, qələbəni, ümidi, peşmançılığı gizləyir. Başdaşların arasından gün batımı qırmızılığı yayılarkən dünya sanki torpaq timsalında faniliyini pıçıldayır. Dədə Qorqud dastanında deyildiyi kimi:

      Hanı dediyim bəy ərənlər?
      "Dünya mənimdir" deyənlər?!
      Əcəl aldı, yer gizlədi,
      Fani dünya kimə qaldı?
      Gəlimli-gedimli dünya
      Son ucu ölümlü dünya!

      Rus yazıçı Çexov "İoniç" hekayəsində qəbiristanlığı təsvir etməklə həyatın faniliyini, sonun torpaq olacağını necə də inandırıcı şəkildə göstərir: "Hanı ordu generalı, hanı opera müğənnisi? Yoxdur, çürüyüb torpağa qarışıblar..."

       Təsəvvüf əhli maddi aləmə qarşılıq olaraq təbiətin dörd ünsüründən biri olan torpağı nəfsin dörd mərtəbəsindən biri olan nəfsi-mutməinnəyə bənzədir. Sakit, səbirli, ağırbaşlı yaradılışı ilə torpaq təsəvvüfdə qüruru, özünəinamı, təvazökarlığı təmsil edir. Mənəvi həyat ağacının kökü bu vüqar və səbir, meyvələri isə təvəkkül və təvazökarlıqdır. Təsəvvüf əhlinə görə vəziyyət necə olursa olsun, möminin qəlbi ölməz, ölüm anında elmi yox olmaz və parlaqlığı itməz. Həsən Bəsri həzrətləri deyir: "Torpaq imanı yox edə bilməz. O ancaq Allah-Təalaya yaxınlaşmaqda vəsilə ola bilər".

      Torpaq əbədiyyətin ilk dayanacağı olmaqla bərabər, dəyər, inanc, rəhmət və bərəkətin də simvoludur. "İnsan yediklərinə bir baxsın. Biz suyu bol endirdik, torpağı yardıqca yardıq. Oradan taxıl, üzüm, tərəvəz, zeytun, xurma, bol ağaclı bağçalar, növbənöv otlar və meyvələr bitirdik". (əl-Əbəsə, 24-32)

      Beləcə, Qurani-Kərim davamlı olaraq bizə kainat kitabını oxuyur, izah edir və xatırladır.  

       

       

      • Hits: 83 clicks

      Tecox component by www.teglo.info