Kamran MƏMMƏDOV – ƏRAF

      Share

      Lüğətdə: “dağ və təpə kimi yüksək  yer” mənasını verən “əraf” sözü cənnətlə cəhənnəmin arasındakı yerin adıdır. Ərəb dilində “qum təpəsi”, həm də “ürf-adət” mənasına gələn “əl-urf” kəlməsinin cəm şəklidir. 

      Ərəblər dağ və ya qala divarının yüksək yerlərinə, həmçinin atın yalına və xoruzun pipiyinə də “urf” deyirlər.  Təfsir alimlərinin rəyinə görə, Qurandakı mənası cənnət ilə cəhənnəm arasındakı yüksək qaladan meydana gələn təpələri ifadə edir.

      Bu açıqlamalardan da aydın olduğu kimi, axirətdə “əraf” deyilən, cənnət ilə cəhənnəmin arasında yerləşən, qala kimi bir pərdənin yüksək təpələrindən meydana gələn xüsusi məkan var ki, orada olanlar cənnət əhlini də, cəhənnəm əhlini də görərlər. Hər ikisinin də vəziyyətindən xəbərdar olan əraf əhli cənnətə girməyi çox arzulayar və cənnət əhlinə salam verərlər.

      Quranda ərafda olanlarla əlaqədar olaraq belə buyurulur:

      “İki tərəf (cənnətliklərlə cəhənnəmliklər) arasında bir pərdə və əraf üzərində hər kəsi simalarından tanıyan adamlar vardır ki, bunlar hələ cənnətə girmədikləri halda (girməyi) ümid edərək cənnət əhlinə “salam sizə” deyə səslənərlər. Gözləri cəhənnəm əhli tərəfinə çevirilincə: “Ey Rəbbimiz! Bizi zalımlar dəstəsi ilə bir etmə!”- deyərlər. Əraf əhli üzlərindən tanıdıqları adamlara müraciət edib: “Sizə nə yığdığınız mal-dövlət, nə də təkəbbürünüz fayda verdi”, - deyəcək”. (əl-Əraf, 46-48).

       Alimlər əraf və ərafdakıların kimlər olduğu məsələsində fərqli iki görüşə sahib olmuşlar:

      1- Hər hansı bir peyğəmbərin təbliğini eşitməmiş olaraq ölən insanlar və kiçik yaşda ölən müşrik uşaqları ərafda qalacaqlar.

      2- Ərafdakılar yaxşı və pis əməlləri bərabər olan möminlərdir. Bunlar cənnətə girmədən əvvəl cənnətlə cəhənnəm arasında bir müddət gözlədiləcək, sonra Allahın lütfü ilə cənnətə girəcəklər. Cabir ibn Abdullahdan (r.a) rəvayət edilmişdir ki, Allah Rəsuluna (s.ə.s) savabları və günahları bərabər olanlar haqqında sual verildiyi zaman: “Onlar cənnətə girməyi çox arzu etdikləri halda cənnətə girə bilməyən əraf əhlidir”, - deyə cavab vermişdir. (İbn Kəsir Təfsiri, 2-ci cild)

      Allah-Təala belə kimsələri ərafda murad etdiyi qədər gözlətdikdən sonra onları cənnətə yerləşdirəcəkdir.

      Cənnət ilə cəhənnəm arasında müəyyən məsafənin olduğu və aralarına çəkilən sədd başqa ayələrdə də yer almaqdadır:

                 “O gün (qiyamət günü, ya Peyğəmbər!) mömin kişilərin və qadınların (səmimi etiqadları və dünyada etdikləri yaxşı əməllər müqabilində nail olduqları iman) nurunun onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını (qıl körpüsü üstündə onlara yol göstərdiyini) görəcəksən. (Mələklər onlara deyəcəklər: ) “Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!” Bu, böyük qurtuluşdur (uğurdur)!

      O gün münafiq kişi və qadınlar iman gətirənlərə: “(Bizi bir az) gözləyin ki, nurunuzdan bir qədər işıq alaq!” – deyəcəklər. (Onlara istehza ilə) belə cavab veriləcəkdir: “Geriyə dönüb işıq axtarın!” (Bu sözlərdən sonra) onların (möminlərlə münafiqlərin) arasına qapısının içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir”. (əl-Hədid, 12-13)

      Əraf haqqında varid olan ayə və hədisləri ələ alaraq Abdullah ibn Məsud (r.a) belə buyurur:

      “Qiyamət günü insanlar hesaba çəkilər. Hər kimin savabı bir tək savab da olsa günahlarından ağır gələrsə, o şəxs cənnətə girər. Hər kimin günahları bir günah da olsa ağır gələrsə, o şəxs cəhənnəmə girər. Kimin də günahları ilə savabları eyni olarsa, o şəxs əraf əhlindən sayılar və orada bir müddət gözləyər. Oradan açıqca cənnət əhli ilə cəhənnəm əhlini görüb seyr edər. Cənnət əhlinə salam verər, cəhənnəm əhlinə baxanda isə belə dua edərlər: “Ey Rəbbimiz! Bizi zalımlarla bir yerə yerləşdirmə!” Bu şəxslər sirat körpüsünü keçən möminlərin nurları önlərini və yanlarını işıqlandıranda sevinc içində sirat körpüsünü keçdiklərini görərlər. Bəzi şəxslərin də nurları olmayanda sirat körpüsü üzərində qaldığını görərlər. Özlərinin də nurları olduğu üçün cənnətə girməyi arzu edər və ümidsiz olmazlar. Ancaq günahlarına görə orada həbs olunduqlarını başa düşərlər. Bir müddət sonra da cənnətə girərlər”.

      Bir rəvayətə görə, əraf əhli ata və anasının icazəsi olmadan hərbə gedən və döyüşdə şəhid olanlardır.

      Döyüşdə şəhid olduqları üçün cəhənnəmə girməzlər, ancaq valideynlərinə üsyan etdikləri üçün də cənnətə girə bilmirlər. Bu şəxslər müəyyən edilən vaxta qədər burada həbs olunar və sonunda Allah-Təalanın əfvinə nail olaraq cənnətə girərlər.

      Çox fərqli görüşlər olmasına baxmayaraq, ümumi nəticə budur ki, axirətdə Əraf adında bir yer var. Bir qisim insanlar var ki, onlar orada müəyyən vaxta qədər gözlədilərlər.

       

       

       

      • Hits: 59 clicks

      Tecox component by www.teglo.info